AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
Heydər Əliyevin Moskva həyatı
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar “Kreml beşilliyi” adlandırdı.
17 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev SSRİ Yollar Nazirliyi, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin geniş kollegiya iclasında iştirak etdi.
23 yanvar. Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiyasında nitq söylədi.
14 fevral. Kremldə Çin Xalq Respublikası Dövlət Şurasının sədrinin müavini Van Lini qəbul etdi.
22 fevral. Bakıda görkəmli bəstəkar Fikrət Əmirovla vida mərasimində iştirak etdi.
23 fevral. Dərin Özüllər zavodunda oldu.
11-13 mart. Suriya Ərəb Respublikasında səfərdə oldu.
11 aprel. SSRİ Ali Sovetinin sessiyasında ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri mövzusunda məruzə etdi.
18 may. Moskvada kino işçilərinin Ümumittifaq yığıncağında çıxış etdi.
3-10 iyun. Baykal-Amur magistralının tikintisinin gedişi ilə tanış oldu.
5 iyul. Baykal-Amur magistralının tikintisi ilə əlaqədar Sov. İKP MK Siyasi Bürosunda çıxış etdi.
6-7 sentyabr. Bakıda bir sıra orta və texniki peşə məktəbləri ilə tanış oldu.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirir, bu sahəni ölkənin “arteriya damarı” adlandırırdı.
1984-cü il yanvarın 17-də SSRİ Yollar Nazirliyi, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin geniş kollegiyasında iştirak edən, yanvarın 23-də Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiyasında nitq söyləyən Heydər Əliyev çıxışında aidiyyəti strukturların fəaliyyətini ətraflı təhlil etdi və mövcud nöqsanlardan danışdı. Həmçinin qarşıda duran vəzifələri və görüləcək işləri müəyyənləşdirdi. Onun dərin məzmunlu çıxışı müvafiq istiqamətdə proqram sənədi kimi qəbul edildi. Nəticədə, bütün göstəricilər üzrə illik plan artıqlaması ilə yerinə yetirildi.
Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə və mütəxəssislərlə görüşdü, tikinti obyektlərinə baxış keçirdi. İyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənildi.
SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov bu barədə sonralar deyirdi: “Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin nəzarət etdiyi sahələrdən biri də təhsil idi. Təhsil üzrə İslahat Komissiyanın sədri Heydər Əliyev 1984-cü il aprelin 11-də SSRİ Ali Sovetinin sessiyasında “Ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri haqqında” məruzə ilə çıxış etdi. Aprelin 12-də SSRİ Ali Soveti onun məruzəsi əsasında “Ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri” haqqında qərar qəbul etdi.
Sovet İttifaqının Yaxın Şərq ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin mühüm rolu olub. O, 1984-cü ilin martında Suriya Ərəb Respublikasına səfəri zamanı Prezident Hafiz Əsədlə görüşündə Yaxın Şərq üzrə məsələləri hərtərəfli müzakirə etdi. Səfərin yekunları Sov. İKP MK-nın Siyasi Bürosunda müzakirə olundu və müsbət qiymətləndirildi.
Ötən əsin 80-ci illərində Sovet İttifaqının mədəni həyatında kino sənayesi mühüm yer tuturdu. Heydər Əliyev Moskvada kino işçilərinin Ümumittifaq yığıncağında çıxış etdi, kinematoqrafçıların qarşısında duran vəzifələrdən, kinonun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinin vacibliyindən və digər mühüm məsələlərdən danışdı.
Sitat. Təcrübə öyrədir ki, incəsənət nəinki həyatla birgə addımlayanda, həm də onu qabaqlayanda, sənətkar cəsarətlə sabahkı günə baxanda, bugünkü prizmadan gələcəyi, perspektivi parlaq, bədii cəhətdən inandırıcı göstərməyi bacaranda öz yüksək vəzifəsini yerinə yetirmiş olur...
Kinematoqrafın təcrübəsi göstərir ki, film tamaşaçılara hər şeydən əvvəl şəxsiyyətin bütövlüyü, xeyirxah əməlləri, öz qəhrəmanının mənəvi və intellektual cazibədarlığı ilə təsir göstərir, adamların qəlbində iz qoyur...
Kinoteatrda və ya televiziya ekranında kinematoqrafın səlahiyyətli nümayəndəsi hər şeydən əvvəl aktyordur. Filmdə əksini tapan fikir və hisslər cərəyanı tamaşaçıya məhz onun vasitəsilə ötürülür. Ekranda insanın təsvirində ssenaristin, rejissorun, operatorun, rəssamın bütün cəhdləri məhz aktyorun üzərində çarpazlaşır. Biz bunda çox maraqlıyıq ki, aktyorun şəxsiyyəti və professional ustalığı bədii obrazların dərinləşdirilməsinə, onların inandırıcılığının və ibrətamizliyinin gücləndirilməsinə kömək etmiş olsun.
Dahi rəhbər Moskvada son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycanı da yaddan çıxarmır, doğma Vətənindəki vəziyyətlə daim maraqlanırdı. O vaxt tapıb 1984-cü ilin fevral və sentyabr aylarında Azərbaycana gəldi. 1984-cü ilin fevralında görkəmli bəstəkar Fikrət Əmirovla vida mərasimində iştirak etdi. Fevralın 23-də isə Dərin Özüllər zavodunda oldu.
Qeyd edək ki, Bakı Dərin Özüllər zavodunun təməli Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə qoyulmuşdu. 1984-cü ilin əvvəllərində zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı.
Azərbaycan növbəti səfəri zamanı isə Heydər Əliyev Bakıda bir sıra orta və texniki peşə məktəbləri ilə tanış oldu.
Ulu Öndər istər Azərbaycanda Birinci katib işləyərkən, istərsə də keçmiş İttifaqda rəhbər vəzifələrdə çalışarkən öz Vətəninin və xalqının maraq və mənafeyini hər şeydən üstün tutur, bu baxımdan əlindən gələni əsirgəmirdi.