Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Xeyirxah insan, böyük alim və şərəfli həkim ömrü
16.11.2022 14:46
  • A-
  • A
  • A+

Xeyirxah insan, böyük alim və şərəfli həkim ömrü

Hər bir dövlətin inkişaf səviyyəsi zəngin bilik və çoxaspektli potensiala malik elmi və təhsili ilə birbaşa əlaqəlidir. Azərbaycanın beynəlxalq aləmdə tutduğu önəmli yer, Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrilməsində güclü elmi potensialın böyük rolu vardır. Elmin inkişafı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan elmi həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda böyük nüfuza malik görkəmli nümayəndələr yetişdirib.

Azərbaycanın elm, təhsil və səhiyyə sahələrinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının xarici üzvü, SSRİ Dövlət mükafatı, SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatı, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, onkologiya üzrə dünyanın bir çox assosiasiyalarının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 75-ci ildönümü tamam olur.

Böyük idarəçilik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, hərtərəfli və dərin bilikləri, problemlərə və onların həllinə novatorcasına yanaşması ilə fərqlənən Əhliman Əmiraslanov Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə və təhsil təşkilatçısıdır.

Görkəmli alimin zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun keçdiyi şərəfli ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Akademik Əhliman Əmiraslanov 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək, həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.

O, 1977-ci ildən fəaliyyət göstərdiyi SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin Ümumi onkologiya şöbəsində sonralar baş elmi işçi, böyük elmi işçi və professor vəzifələrinə seçilmiş və uğurlu fəaliyyəti ilə hamının rəğbətini qazanmışdır. Bu dövrlərdə alim bir çox mürəkkəb və çətin sayılan cərrahiyyə əməliyyatlarını həyata keçirmiş, SSRİ miqyasında ilk dəfə olaraq “Rotasion plastika”, eləcə də osteogen sarkomaya düçar olmuş xəstələrin mürəkkəb cərrahiyyə əməliyyatlarını böyük məharətlə yerinə yetirmişdir. O, hələ Moskvada çalışarkən təkcə bacarıqlı alim kimi yox, eyni zamanda peşəkar cərrah-onkoloq kimi də tanınmışdır.

Akademik Əhliman Əmiraslanov 1984-cü ildə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə, daha sonra isə professor elmi adına layiq görülmüşdür.

O, XX əsrin 70-80-ci illərində “Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə keçmiş SSRİ-nin Ümumittifaq Məktəbinə rəhbərlik etmiş və beynəlxalq aləmdə tanınan alimlərdən biri kimi şöhrət qazanmışdır. Alim dəfələrlə ABŞ-ın Hyuston Tibb Mərkəzindəki M.D.Anderson Onkologiya Klinikasında və digər ölkələrdə bu sahə üzrə elmi mühazirələr oxumuş, dinləyicilərin hörmət və rəğbətini qazanmışdır.

Görkəmli akademikin elmi fəaliyyətinin əsas istiqamətini dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinin diaqnostikası, kompleks müalicə üsullarının işlənib hazırlanması, həmçinin yumşaq toxumaların, bir sıra daxili orqanların bədxassəli şişlərinin tədqiqi, onların kompleks müalicə və profilaktika üsullarının işlənib hazırlanması, bu üsulların səhiyyə praktikasına tətbiqi təşkil edir.

Bu gün böyük elm və səhiyyə xadiminin uzunmüddətli müşahidələri və tədqiqatları nəticəsində ölkəmizdə onkologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edilmiş, Azərbaycan tibbi daha yüksək zirvələrə yüksəlmişdir. Onun müvafiq sahədə qələmə aldığı elmi əsərləri ölkənin tanınmış jurnalları ilə yanaşı, dünyanın nüfuzlu, yüksək istinad indeksli nəşrlərində də işıq üzü görmüşdür.

Əhliman Əmiraslanov 24 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışaraq ölkədə tibb təhsilinin, tibb elminin inkişafında mühüm mərhələnin yaradılmasının fəal iştirakçılarından biri olmuş, bu yolda mühüm xidmətlər göstərmişdir. Alim elmi-pedaqoji fəaliyyətini hazırda ATU-nun Onkologiya kafedrasının müdiri vəzifəsində uğurla davam etdirir. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi olmuşdur. 

Yaşanılan ömür yolunun sərlövhələri böyük alimi hər zaman örnək olacaq bir simaya çevirmişdir. 55 illik elmi-pedaqoji və həkimlik fəaliyyəti nəticəsində Əhliman Əmiraslanov minlərlə xəstəyə şəfa vermiş, onkologiyanın fundamental problemlərinə dair neçə-neçə sanballı əsər yazmış, Azərbaycan səhiyyəsinin şöhrətini onun hüdudlarından çox-çox uzaqlara yaymış və bu fəaliyyətini hazırda da ona məxsus fədakarlıqla davam etdirməkdədir.

Ölkənin tanınmış cərrahlarından olan akademik Əhliman Əmiraslanov onkologiya sahəsində çoxsaylı tibbi-bioloji texnologiyaların da müəllifidir. Görkəmli alim bu gün də mürəkkəb cərrahi əməliyyatları yüksək peşəkarlıqla icra edir.

Tanrının ömür payının 75 ilini arxada qoyan akademik Əhliman Əmiraslanov həyatı öyrənərək öyrədən ziyalılarımızdandır. O, çoxşaxəli və geniş elmi-pedaqoji fəaliyyətində daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, onkologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlərə imza atıb. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan bu görkəmli şəxsiyyət bütün həyatı boyu tibb elmində yeniliklərin əldə edilməsinə, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına çalışıb, böyük elmi-praktiki məktəb yaradıb. Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri bu gün nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin müxtəlif klinikalarında çalışaraq, onun yolunu uğurla davam etdirirlər.

Böyük alim Milli Məclisin Səhiyyə Komitəsinin sədri kimi də səhiyyə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji sağlamlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, eləcə də ölkəmizdə tibb fəaliyyəti üzrə qanun layihələrinin hazırlanmasında yaxından iştirak edir. O, həmçinin Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri kimi də fəaliyyətini uğurla davam etdirməkədədir.

Əhliman Əmiraslanov Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin üzvü, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının xarici üzvüdür.

O, tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1986-cı ildə isə Əhliman Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 2000-ci ildə Ulu Öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim etmişdir.  Azərbaycan dövlətçiliyinə dərindən bağlılığı ilə seçilən, bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Əhliman Əmiraslanov ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Zəngin dünyagörüşü və dərin elmi intiusiyası ilə fərqlənən Əhliman Əmiraslanov elm, təhsil və səhiyyə sahəsində parlaq iz qoymuş şəxsiyyət kimi yeni nəsillər üçün nümunə sayılacaq bir ömür yaşayıb. O, tanınmış alim, xeyirxah həkim və alicənab bir insan kimi adını Azərbaycan tibb tarixinə əbədi yazıb.

Görkəmli ictimai dövlət xadimi, vətənə, xalqa və elmə şərəflə xidmət etmiş, sadə və təvazökar insan, zəngin mənəviyyat sahibi Əhliman Əmiraslanovu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona Azərbaycan elminin inkişafı və tibbin tərəqqisi yolunda yeni-yeni uğurlar arzu edirik!

Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: