Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Səyahətnamə: Cami-cəmi-Hindistan” kitabı işıq üzü görüb
28.11.2022 17:06
  • A-
  • A
  • A+

“Səyahətnamə: Cami-cəmi-Hindistan” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Səyahətnamə: Cami-cəmi-Hindistan” kitabı işıq üzü görüb.

Kitabın müəllifi “Vüqarül-mülk” təxəllüsü ilə məşhur olan Mirzə Seyid Əlixan Hicazi Təbrizi, mütərcimi isə Axund Yusif Ziya Talıbzadədir. Müəllif XIX əsrin sonlarında on ilə yaxın Hindistana səfər etmiş, ölkənin 25 vilayətini gəzərkən müşahidə etdiyi yerləri, tarixi abidələri, Hind xalqının məişətini, flora, faunası, inancları, kənd təsərrüfatı və toponimləri haqqında qiymətli məlumat toplamışdır.

Əsərdə o, gəzdiyi ölkələrin iqtisadiyyatı və coğrafiyası haqqında geniş məlumat vermiş, bir coğrafiyaşünas kimi gəzdiyi Hindistan əyalətlərinin önəmli şəxsiyyətləri, hakimləri və alimləri ilə görüşməyə, adət-ənənələrinə xüsusi diqqət yetirmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdan coğrafiyaşünaslar, etnoqraflar, doktorant və magistrantlar faydalana bilər.

Yeni nəşrin baş elmi məsləhətçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, transfoneliterasiya edən, lüğət və qeydlərin müəllifi, tərtib edib çapa hazırlayan institutun Fondların elmi uçotu və mühafizəsi şöbəsinin müdiri Sadiyə Xanlarova, elmi redaktor və “Ön söz”ün müəllifi isə institutun baş mühafizi f.ü.f.d., dosent Səbinə Əhmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: