Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Fikrət Əliyev: Ölkəmizdə keçirilən beynəlxalq konfranslar Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün ən yaxşı platformadır
29.11.2022 16:40
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev: Ölkəmizdə keçirilən beynəlxalq konfranslar Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün ən yaxşı platformadır

Bu gün Azərbaycanda elmin inkişafına kifayət qədər dövlət qayğısı müşahidə olunmaqdadır. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin qarşısında isə dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verirlər. Bu baxımdan keçirilən elmi toplantılar, konfranslar da böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Bakı Dövlət Universitetinin nəzdindəki Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev açıqlamasında bildirib.

Akademik qeyd edib ki, bu kimi konfranslardan biri olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı Bakıda keçirilən Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA-22) qlobal elmi problemlərin həlli istiqamətində birgə fəaliyyəti təmin etmək məqsədilə dünyanın elm adamlarını növbəti dəfə bir araya gətirmişdi. Akademikin sözlərinə görə, bu kimi konfranslar ölkəmizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, Azərbaycan alimlərinin nailiyyətlərinin xaricdə təbliğ olunmasına imkan yaradır.

“Azərbaycan Prezidenti İlham Əliyevin məhz uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə bərqərar olan əmin-amanlıq imkan verir ki, bu cür beynəlxalq səviyyəli tədbirləri həyata keçirə bilək”, - deyə qeyd edən akademik F.Əliyev bildirib ki, Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma beynəlxalq konfransı uzun illərdir ki, təşkil olunur və böyük nüfuz qazanmışdır. Konfrans elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin, əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyətə malikdir.

Akademik 2005-ci ildə ilk dəfə keçirilən konfransda dünyanın tanınmış alimlərinin iştirak etdiyini bildirib: “2002-ci ildə nəşrinə başladığımız “Applied and Computational Mathematics” jurnalı hələ bugün olduğu kimi uğur qazanmamışdı, lakin dəvətimizi qəbul edərək ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar, Ukrayna MEA-nın Mexaniki Problemlər İnstitutunun professoru Vladimir Larin və başqaları Azərbaycana gəlmiş, konfransda iştirak etmişdi”.

Akademik F.Əliyev qeyd edib ki, gələcək işlərin uğurla həyata keçirilməsində məhz ilk konfransın böyük təsiri olub: “Belə ki, jurnalımızda tanınmış alimlərin məqalələrinin çap olunması onun müntəzəm nəşrinə kömək etdi və nüfuzunun artmasına zəmin yaratdı. Beləcə, jurnalı dünya alimlərinin diqqətində saxlamaq, onu keyfiyyətli məqalələrlə təmin etmək üçün beynəlxalq səviyyədə tanınan Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma konfranslarının keçirilməsi davamlı şəkil aldı”.

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik F.Əliyevin sözlərinə görə, 2018 və 2020-ci illərdə keçirilən konfransın materialları “Web of Science” bazasına daxil edilib. Məhz həmin illərdə Azərbaycan alimlərinin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerə çıxıb. Akademik əlavə edib ki, VIII beynəlxalq konfransın materiallarının da “Web of Science” bazasına daxil edilməsi nəzərdə tutulur.

“Düşünürəm ki, klassik konfranslardan fərqli olaraq bu toplantıda 231 elmi məruzənin dinlənilməsi böyük nailiyyətdir və konfrans Azərbaycan elminin dünya elminə inteqrasiyasında böyük rol oynayır, eyni zamanda gələcək fəaliyyətimizə impuls, təkan verir”, - deyə F.Əliyev vurğulayıb. 

Qeyd edək ki, COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürüb. Daha sonra 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda, 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, 2013-cü ildə Bolqarıstanın Sofiya Texniki Universitetində keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda, yəni onlayn və əyani şəkildə baş tutub. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: