Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2022 11:50
  • A-
  • A
  • A+

MEK əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

MEK əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova Türkiyədə keçirilən “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak ediblər.

Konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana-informasiya mütəxəssisi qatılıb. Tədbirin panel iclaslarında elm və təhsil resursları, verilənlər bazasının idarə edilməsi, qarşılıqlı birgə fəaliyyət, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, kitabxana və nəşriyyat sahəsindəki yeniliklər, yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində MEK əməkdaşlarının Akdeniz Universitetinin rektor müşaviri Cemil Tonbul, universitet kitabxanasının direktoru Mustafa Pamukçu və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədri Ceyran Səttarova ilə görüşü olub. Görüş zamanı universitetin kitabxanasına ekskursiya təşkil edilib və fəaliyyəti haqqında ətraflı məlumat verilib, iki qurum arasında qarşılıqlı sıx əməkdaşlığın faydaları da müzakirə olunub. Dosent Ş.Tahirqızı Akdeniz Universitetinin kitabxanasının fonduna Azərbaycanın bədii ədəbiyyatını, eləcə də mədəniyyətini, tarixini əks etdirən dəyərli elmi nəşrlər təqdim edib.

MEK əməkdaşları, həmçinin Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş konfransa da qatılıblar. Tədbirdə MEK-in hazırladığı Əhməd Cavadın həyat və fəaliyyətini əks etdirən geniş videoslayd təqdim edilib və Şəhla Tahirqızının çıxışı dinlənilib.

Türkiyə tərəfdən isə tədbirdə Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova, Türk Ocaqları Antalya şöbəsinin rəhbəri Abdullah Uysal, şair Yusif Özcan, Akdeniz Universitetinin Fəlsəfə fakültəsinin professoru İsmayıl Yakıt, mühəndis Hasan Sanar, sənətçi Vüsalə Qubadova, Elda Bağırova, Nurlana Seyidova və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbir Əhməd Cavadın poeziyasından ədəbi kompozisiya ilə davam edib.

Sonda MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızına Türk Ocaqları Antalya şöbəsinin və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşəkkürnaməsi təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: