Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər
09.12.2022 17:05
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri, akademik Akif  Hacıyevin məzarını ziyarət ediblər.

Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışıb. 1992-1999-cu illərdə Türkiyə tərəfinin dəvəti ilə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərib.

1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilib. 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləyib, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub.

Akademik Akif Hacıyev “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “ADPU-nun Xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru olub.

İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olub və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu “Azerbaijan Journal of Mathematics” jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Həmin jurnal 2015-ci il dekabrın 22-də “Thomson Reuters”  agentliyinin ilkin bazasına daxil edilib.

Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır.

Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar alıb. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.

3 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: