Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.12.2022 12:30
  • A-
  • A
  • A+

Radiasiya texnologiyaları kənd təsərrüfatında uğurla tətbiq edilir

Radiasiya texnologiyaları kənd təsərrüfatında uğurla tətbiq edilir

Yeni dövrün elmi fəaliyyətində ölkənin təbii ehtiyatlarının və biomüxtəlifliyinin qorunması və səmərəli istifadəsinə dair elmi tədqiqatlar aparılması başlıca hədəf olaraq müəyyən edilib. AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) əsas tədqiqat istiqamətlərindən biri də məhz radiasiya texnologiyalarının pambıqçılıqda və taxılçılıqda tətbiq olunmasıdır.

İnstitutun bu sahədə çalışan əməkdaşları RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın rəhbərliyi ilə Gəncə şəhərində ezamiyyətdə olub, bu ilki tədqiqat işinin nəticələrini müzakirə ediblər.

İşgüzar şəraitdə keçirilən görüşdə alınan nəticələr ətrafında mütəxəssislərin iştirakı ilə fikir mübadiləsi aparılıb, radioaktiv şüalanmanın ikinci nəsildə göstərdiyi əlamətlər araşdırılıb, həmçinin gələcək tədqiqatlar müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun sədrliyi ilə keçirilən Elmi şuranın birgə iclasında RPİ-nin icraçı direktoru Rəvan Mehdiyeva institutda aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı prioritet istiqamətlərdən biri kim əsas yer tutur. Odur ki, son iki ildə Radiasiya Problemləri İnstitutunda bitkilərin radiasiya texnologiyalarının tətbiqi ilə məhsuldarlığının artırılması, habelə xəstəliklərə, quraqlığa və şoranlaşmaya qarşı davamlı toxum sortlarının alınması, elecə də ionlaşdırıcı şüalanmanın toxumların sterilizasiya edilməsinə, ziyanverici mikroblardan təmizlənməsinə, həm də inkişafına müsbət təsiri istiqamətində elmi tədqiqatlar aparılır, tətbiq imkanları araşdırılır, eləcə də bu sahədə müvafiq təkliflər hazırlanır.

Belə ki, institutda 2020-2022-ci illərdə pambığa dair tədqiqat işləri Radiasiya Problemləri İnstitutunun Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə bağladığı Müqavilə əsasında, buğdaya dair tədqiqat işləri isə sözügedən nazirliyin Əkinçilik Elmi Tədqiqat İnsitutu ilə elmi əməkdaşlıq müqavilələri çərçivəsində həyata keçirilir.

Əməkdaşlıq çərçivəsində institutda “Məhsuldar və ətraf mühitin exstremal amillərinə davamlı buğda və pambıq sortlarının alınmasında Radiasiya texnologiyalarının tətbiqi” mövzusunda elmi-tədqiqat işləri uğurla yerinə yetirilir.

Tədqiqat obyektləri olaraq, Gəncə -160, Gəncə -182 və Gəncə - 183 pambıq sortları seçilib.

Pambıq toxumları Radiasiya Problemləri İnstitutunun İzotop Mənşəli Şüa Mənbələri Elmi-təcrübi kompleksində RUXUND-20000 qurğusunda Co-60 izotopunun köməyi ilə müxtəlif dozalarda qamma şüalarla işlənib. Bu məqsədlə pambıq toxumları üçün 5, 10, 50, 100, 200, 300, 400 Gy şüalanma dozaları seçilib.

Şüalanmış pambıq toxumları kontrol toxumlarla birlikdə həm laboratoriya şəraitində (vegetsiya qablarında), həm laboratoriyanın təcrübə sahəsində, həm də Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Texniki bitkilərin seleksiyası şöbəsinin təcrübə sahəsində (Gəncə şəhəri) yetişdirilib. Pambığın becərilməsi müddətində hər iki institutun əməkdaşları tərəfindən tədqiqatlar aparılıb, yığılmış pambıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki yardım qrant layihəsi əsasında alınmış müasir laboratoriyada analiz edilib. Yetişdirilən pambığın biokimyəvi analizlərinin aparılması, toxumların radioaktiv şüalanmanın təsirinə cavab reaksiyasının molekulyar mexanizmini, radiasiya stresi şəraitində antioksidant müdafiə sisteminin fəaliyyətini öyrənmək məqsədilə malondialdehidinin (MDA), Prolinin, Ümumi zülalın miqdarının, habelə katalazanın və APO-nun aktivliyinin  şüalanma dozasından asılılığı tədqiq olunub və müəyyən edilib ki, pambıq toxumlarının səpindən əvvəl müəyyən dozalarda qamma şüalarla işlənməsi onların tarlada cücərmə faizinə və pambıq liflərinin keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. Bu təsir nəticəsində qozaların forması və bar orqanlarında olan qozaların sayı da dəyişə bilir.

Daha sonra çıxış edən RPİ-nin Radiobiologiya laboratoriyasının rəhbəri, professor Elimxan Cəfərov ionlaşdırıcı şüalarla şüalanmış pambıq toxumlarının 2-ci nəslinin bioloji xüsusiyyətləri və 2022-ci ildə alınan nəticələri Elmi şura üzvlərinin diqqətinə çatdırıb. E.Cəfərov səpindən əvvəl toxumların 5-400 Gy dozalarda γ-şüalarla işlənməsinin (5-10) Gy dozalarda daha məhsuldar, yüksək lif çıxımlı, uzun lifli və bir qozada pambığın kütləsi yüksək olan formalar almağa imkan verdiyini bildirib.

Elmi şurada, həmçinin RPİ-nin birgə tədqiqatlar apardığı Ukrayna Milli Elmlər Akademiyası, Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun Bitkilərin siqnal sistemlərinin biofizikası laboratoriyasının rəhbəri, professor Namiq Rəşidovun uzun illər Çernobıl təcrübə zonasında apardığı tədqiqatlar barədə məruzəsi dinlənilib.

Sonda aparılan tədqiqatların nəticələrini ümumiləşdirən İbrahim Cəfərov növbəti ildə də tədqiqatların davam etdirilməsinin məqsədəuyğunluğunun elmi əsaslarından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: