Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Güneyin “Əsli və Kərəm”ləri
26.12.2022 13:55
  • A-
  • A
  • A+

Güneyin “Əsli və Kərəm”ləri

Tarixi hadisələrlə zənginliyinə, orijinal mətn xüsusiyyətlərinə, obraz müəyyənliyinə, yayılma arealına görə çoxvariantlılıq qazanan məhəbbət dastanlarımızdan biri də “Əsli və Kərəm”dir. Bu dastan bir məhəbbət əfsanəsi olaraq türk xalqlarının folklorunda geniş yayılmış, mifoloji obrazları, süjet xüsusiyyətləri, mükəmməl nəzm sistemi ilə seçilmişdir.

Türk, eləcə də Avropa tədqiqatçıları arasında bu dastanın hansı tarixi dövrdə və harada yaranması barədə müxtəlif fikirlər mövcuddur. Nəticədə “Əsli-Kərəm” dastanının XVI əsrə aid olması və əsasən XVI əsrin əvvəllərindən etibarən Azərbaycanda yaranıb formalaşması bir çox tədqiqatlarda yer almaqdadır. Orta və Kiçik Asiya, Yaxın Şərqdə müxtəlif orijinal variantları ilə mövcud olan dastanın ayrı-ayrı parçaları haqqında ilk nümunələrə XVIII əsrə aid cüng və əlyazmalarda rast gəlinir.

Quzey Azərbaycanda olduğu kimi, Güneydə də “Əsli-Kərəm” dastanı xalq içərisində geniş yayılmış, aşıqların ifasında el şənliklərini bəzəmişdir. Dastan çağdaş Təbriz-Qaradağ aşıqlarından dünyasını dəyişmiş Aşıq Hüseyn Namivəri, Aşıq Əziz Şəhnazi, Aşıq Həsən Qəffari, Aşıq Ələsgər Mərəndli, Aşıq Əbduləli Nuri, Aşıq Rəsul Qurbani, Aşıq Qafar İbrahimi, zəncanlı Aşıq Ərəb Pərənli, məlayirli Aşıq Məmmədhüseyn Hünərmənd, eləcə də hal-hazırda bu sənəti davam etdirən Aşıq Hüseyn Sai Mahmudabad, Aşıq Əli İbadi Qaraxanlı, Aşıq İsa Qaraxanlı, Aşıq Sirus Kəyani, Aşıq Məhəmməd Fərzanəqan, Aşıq Fərəcullah Muradi, Aşıq Əli Kərimi (Nüğədili) və s. aşıqların repertuarında yer almaqdadır.

Güney Azərbaycanda dastanın ayrı-ayrı variantları daha çox aşıqlar tərəfindən səsli fayllarda üzü köçürülməklə qorunub saxlanılmaqdadır. “Əsli-Kərəm” dastanına olan sevgi və maraqdan irəli gələrək Güneydə dastan dəfələrlə teatr truppaları tərəfindən səhnələşdirilmiş, bundan başqa illüstrativ, miniatür sənətində də bu mövzuda zəngin əsərlər yaranmışdır. Eləcə də aşıqların yaradıcılığından başqa, dastanın ayrı-ayrı şeirləri el xanəndələri tərəfindən nota salınaraq müstəqil mahnılar kimi oxunmaqdadır. “Əsli-Kərəm” dastanı fərqli variantlarda müxtəlif illərdə Təbrizdə nəşr olunmuşdur. Təbrizdə daşbasma üsulu ilə çap olunan ilk kitabların sırasında “Əsli və Kərəm” dastanı da olmuşdur. Lakin heç bir qaynaqda dastanın hansı nüsxə üzərindən çap edildiyi qeydə alınmamışdır. 1955-ci ildə isə dastan “Əsli ilə Kərəm” başlığı ilə Təbrizli Əli tərəfindən nəşr edilmiş, bu variant təkrar şəkildə 1957 və 1983-cü illərdə çap olunmuşdur. Son vaxtlar “Əsli-Kərəm” dastanını mif və əsatirlər üzərindən tədqiqata cəlb edən əsatirşünas Mirəli Seyid Səlamət dastanın minilliklərə dayanan tarixi kökləri, mifoloji motivlərini araşdıraraq sonda dastan mətnini də hazırladığı kitaba daxil etmişdir. Təqdim olunan variantda diqqətçəkən ən mühüm cəhət dastan şeirlərinin tamamilə cinas üzərində qurulması, təcnislərdən ibarət olmasıdır.

2008-ci ildə Həmid Əhmədzadə Telimxanlı tərəfindən “Əsli-Kərəm” dastanının daha bir variantı hazırlanaraq çap edilmişdir. Kitabda dastan variantı xalq arasında geniş yayılmış məlum rəvayət və nağıllara əsaslanır, yalnız dastanın nəzm hissəsindəki şeirlər fərqli şəkil və quruluşda digər variantlardakı şeirlərlə müqayisədə seçilir. 2008-ci ildə isə Aşıq Hüseyn Sai “Əsli və Kərəm” dastanının Meşkinli Aşıq Əsədin əlyazmasından ibarət bir variantını hazırlayıb kitab şəklində nəşr etdirmişdir. Meşkinli Aşıq Əsəd Qaradağın məşhur aşıqlarından olmuş, ömrünün bir hissəsini Gəncədə keçirsə də, sonda yenə öz doğma yurduna qayıtmışdır. Aşıq Hüseyn Sainin topladığı dastan 2017-ci ildə çap edilmişdir. Bundan başqa, dastanın nisbətən təkmil variantı sayılan Təbrizin ustad aşıqlarından olan Aşıq Səmədin hazırladığı ikinci bir variantı “Ziyad xan oğlu Kərəm” adlanır. Onun arxivindən alınan bir nüsxəsi də Aşıq Hüseyn Sai və Eyvəz Purhəsən tərəfindən götürülərək işlənmiş və çap edilmişdir.

2020-ci ildə işıq üzü görən bu kitabda dastanın nəzm hissəsi – şeirləri Aşıq Səməd tərəfindən üzərində işlənilməklə yeni variantda təqdim edilmişdir. Eləcə də Əli Bərazəndə 2009-cu ildə dastanın Türkiyədə daşbasma nüsxəsini əldə edərək ərəb orfoqrafiyasında düzəliş üzərində çapa hazırlamışdır. Ayrıca dastan Qaraməlikli Hüseyn Fərruxi tərəfindən 2010-cu, Aşıq Səlcuq Şahbazi tərəfindən isə 2018-ci illərdə çap olunmuşdur.

Zəncanda çap olunan “Əsli-Kərəm” dastanının variantları içərisində Şeyx İbrahim Zəncaninin də təqdim etdiyi variant seçilməkdədir. Axund, molla kimi tanınan Şeyx İbrahim Zəncaninin kitabxanasından əldə edilən bu əlyazma nüsxəsi isə 2012-ci ildə Zəncanda çap olunmuşdur. Araşdırmalar göstərir ki, “Əsli-Kərəm” dastanının bu variantında şeir şəkilləri Şeyx İbrahim Zəncani tərəfindən müəyyən dəyişiklik, düzəlişlərlə tərtib edilmişdir. Qeyd edək ki, “Əsli-Kərəm“ dastanı motivlərinə bağlı aşıq sənətində müxtəlif havalar da yaranmışdır. Bunlar “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Yanıq Kərəmi”, “Kərəm köçdü”, “Qara Kərəmi”, “Sallama Kərəmi”, “Atüstü Kərəm”, “Hicran Kərəm”, “Quba Kərəm”, “Döymə Kərəm” və s. adlarıyla məşhurdur.

AMEA Folklor İnstitutunun nəşr etdiyi çoxcildliyə daxil edilən “Əsli-Kərəm” dastanı variantı Aşıq Ərəb Pərənlinin ifasında səsli fayllardan yazıya alınmışdır. Xatırladaq ki, Aşıq Ərəb Pərənli 1959- cu ildə Zəncanda dünyaya gəlmişdir. Aşıqlıq sənətinin sirlərini ustadları Aşıq Həsən Abbasiyan, Aşıq Firuz, Aşıq Seydulla, Aşıq Əkbər Cahanşahıdan almışdır. Aşıq Ərəb Pərənli xalq dastanını öyrənmiş və müxtəlif məclislərdə təbliğ etmişdir. Uzun illər Tehranda yaşayan aşıq 2009-cu ildə dünyasını dəyişmişdir.

“Əsli-Kərəm” dastanının Türkiyə, Gürcüstan, Azərbaycanda və s. yayılmış bütün əldə edilən mümkün variantlarında iki aşiqin sevgiləri uğrunda mücadilə etməsi, sonda tilsimli köynəkdə alışan Kərəm və Əslinin faciəsindən bəhs olunmuşdur. Lakin Güneydə dastanın məlum variantlarından fərqlənən bir nümunəsi də əldə edilmişdir ki, burada dastan qəhrəmanları tilsimi çözərək alovdan qorunur və həyatlarını yaşamaqda davam edirlər.

Həmin varianta əsasən, Kərəm tilsimin təsiri ilə od tutub yanarkən qəhrəmanlar sehri batil etməyə müvəffəq olurlar.

İnanca görə, tilsimin “kəsərdən düşməsi”, “batil edilmə”si üçün üç nəfər qeyri-müsəlmanın həmin anda “kəlmeyi-şəhadət”ini gətirib müsəlman olması şərtdir. Dastanın bu nüsxəsində də qeyd edilir ki, Kərəm oda tutularkən ilk olaraq Əsli, daha sonra onun qulluqçusu və sonda Əslinin anası “kəlmeyi-şəhadət”lərini söyləməklə üç nəfər xaçpərəst eyni anda müsəlmanlığı qəbul edir və Kərəmi oddan xilas edirlər. Tilsimi batil edən qəhrəmanlar paşanın iştirakı ilə evlənir və sonda onların iki övladları dünyaya gəlir.

Qeyd etdiyimiz bu variantda Kərəmin anası ilə görüşməsi səhnəsi də fərqli motivdə diqqəti cəlb edir. Əsli ilə xoş günlərini yaşayan Kərəm bir gün Məkkəyə Həcc ziyarətinə yollanır. Digər tərəfdən, Kərəmin atası Ziyad xanın ölümündən, Kərəmin gedişindən sonra anası gözlərini itirir və o da Məkkə yolunu tutur. Osmanlı torpağından Məkkəyə yola düşən Kərəm məlum variantda yolda anası Qəmərbanunun karvanı ilə rastlaşır. Karvandakı qoca, gözlərinin nurunu itirmiş kor qadın Kərəmin diqqətini cəlb edir. Kərəm anasını tanıyır, Qəmərbanu kor olduğu üçün oğlunu görə bilmir.

Burada Kərəm anasına özünü Ziyad xanın dostu kimi təqdim edir. “Ziyad xanın dostusan, ağrın alım, xaraba Gəncənin yiyəsiyəm mən” – söyləyən ana sonda oğluna qovuşur və Həcc ziyarətlərini edirlər. Qeyd edək ki, Kərəmin anasının dilindən söylənilən bu sözlər üzərində qurulan şeir mətnləri, demək olar ki, dastanın əksər variantlarında fərqli biçim və şəkildə qorunmaqdadır. Lakin təəssüf ki, “Əsli-Kərəm” dastanının qeyd edilən bu variantı qocaman aşıqlar tərəfindən dinlənilib yazıya alınsa da, çap olunmamışdır.

“Əsli-Kərəm” dastanının məlum variantlarında, bir çox versiyalarda Kərəm İsfahan padşahı, bəzilərində isə gəncəli Ziyad xanın oğlu kimi təqdim edilir. Haqqında danışdığımız sonuncu variantda isə Kərəm Təbrizin yaxınlığında yerləşən Qara Məlikdəndir (hal-hazırda Təbrizdə məhəllə), Əsli isə 11 Kənzə (Qara Məlik yaxınlığında kənddir) kəndindəndir. Qara keşişin əyalı da dastanda məhz Kənzə sakinidirlər. Bəzi aşıqların fikrincə, dastandakı hadisələrin bir çoxu məhz Kənzə kəndində baş vermiş, amma kəndin adı zamanla aşıqların ifasında dəyişilərək Gəncə şəklini almışdır.

“Əsli-Kərəm” dastanının Aşıq Ərəbin ifasında təqdim edilən variantı digər nüsxələrlə müqayisədə daha təkmil və hadisələrin ardıcıllığı, şeir şəkilləri, eləcə də təhkiyəsi baxımından xüsusilə zəngindir.

Mətanət MAŞALLAHQIZI, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Doktor Məhəmməd İBADI, Şərqi Azərbaycan Aşıqlar Birliyinin sədri

“Xalq qəzeti”

  • Paylaş: