Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Qərbi Azərbaycan icması yaradıldı. Ölkə başçısı Qərbi Azərbaycan torpaqlarından, yəni indiki Ermənistan ərazisindən deportasiyaya, soyqırımına məruz qalmış əhalinin taleyi ilə bağlı bilavasitə son 200 illik tarixin tədqiqatının aparılması və Qərbi Azərbaycana bizim qayıtmaq konsepsiyasının hazırlanması göstərişini verdi. Prezident doğum günündə Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşdü və Qarabağ icmasının yerləşdiyi binanı Qərbi Azərbaycan icmasına təhvil verdi.
Bu fikirləri açıqlamasında AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan mövzusunun araşdırılmasında məqsəd öz dədə-baba torpaqlarından məhrum edilmiş vətəndaşlarımızın torpaqlarına qaytarılması probleminin həll edilməsidir: “Qərbi Azərbaycan icmasının binasında əsaslı təmirdən sonra çox gözəl şərait yaradılıb. Prezident İlham Əliyev dekabrın 24-də keçirdiyi görüşdən sonra konkret olaraq qarşıda duran vəzifələrin nədən ibarət olması istiqamətində öz tapşırıqlarını verdi. Görüşdə həmin regionun tarixinin bütövlükdə kompleks şəkildə tədqiqindən, yazılmış tarixin bir neçə dilə tərcümə edilib dünya ictimaiyyətinə çatdırılmasından söz açıldı. Burada məqsəd öz dədə-baba torpaqlarından məhrum edilmiş vətəndaşlarımızın torpaqlarına qaytarılması probleminin həll edilməsidir. Bu torpaqlara haqqımız var. O torpaqlarda əcdadlarımız yaşayıblar. Prezidentin verdiyi göstərişlərdə də bu, əsas yer tutur”.
Cəbi Bəhramov qeyd edib ki, Azərbaycan sülh missiyası ilə öz haqqını tələb edərək doğma torpaqlara qayıtmaq üçün bu məsələni qaldırıb: “Bizim başqasının torpağında gözümüz yoxdur. Prezident dünən mətbuat nümayəndələri ilə görüşündə də bildirdi ki, həmin ərazilər əcdadlarımıza məxsusdur. Ona görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə üç institutda müvafiq şöbələr yaradılıb. Tarix İnstitutunda da Qərbi Azərbaycan şöbəsi yaradılıb. Mən həmin şöbəyə rəhbər təyin olunmuşam. Biz artıq fəaliyyət proqramımızın əsas istiqamətləri müəyyən etmişik. Prezidentin çağırışlarına cavab olaraq bu işlər görüləcək. Prezident ötən gün də müsahibəsində bildirdi ki, bu məsələ ilə bağlı xüsusi işçi qrupu işləyir. Qərbi Azərbaycana qayıdış konsepsiyasının Azərbaycan elmində, tarix elmində müstəsna yeri var. Biz də bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Burada ümumiləşdirilmiş əsərin yazılmasından, regionun tarixinə dair atlasın hazırlanmasından, regionun tarixinə dair bütün mənbələrin toplanmasından, bizə qarşı törədilən cinayətlərin bilavasitə dünya ictimaiyyətinə çatdırılmasından söhbət gedir. Ümumi şəkildə başlanğıc olaraq fəaliyyət istiqamətimizin əsasını bunlar təşkil edir. Təbii ki, işlərin gedişatı zamanı yeni istiqamətlər müəyyən ediləcək”.