Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2023 15:15
  • A-
  • A
  • A+

Şərqşünas-alim Əbdülkərim Əlizadənin anadan olmasından 117 il ötür

Şərqşünas-alim Əbdülkərim Əlizadənin anadan olmasından 117 il ötür

Bu gün Azərbaycan tarixçisi, şərqşünas-alim, akademik Əbdülkərim Əlizadənin doğum günüdür.

Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakıda anadan olub. 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirib. 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində fəaliyyət göstərib. Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan SSR Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Tədqiqatçı-alim 1958-1963 illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk direktoru olub.

Əbdülkərim Əlizadə elmi və ictimai fəaliyyətlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına, SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülüb. “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunub. Əbdülkərim Əlizadə ölkə hüdudlarından kənarda da fəaliyyətini davam etdirib. Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış edib. 1963-cü ildən ömrünün sonuna kimi Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapa hazırlama şöbəsinə müdirlik edib. Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Əbdülkərim Əlizadəyə məxsus müxtəlif dəyərli materiallar - fotoşəkillər və sənədlər mühafizə olunur. Təqdim etdiyimiz fotoşəkildə Əbdülkərim Əlizadəni, Rəhim Qazini, Zakir Abdullayevi və digər şərqşünas alimləri görmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: