Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dama idman növü üzrə təşkil edilən fərdi yarışın qalibləri təltif edilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru professor Zakir Eminov qeyd edib ki, ölkəmizin hər yerində Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə müxtəlif tədbirlər keçirilir, ömrünü ölkəsinin, xalqının rifahına həsr etmiş dahi şəxsiyyətin şərəfli həyat yolu vərəq-vərəq sıralanır.
Tədbirdə çıxış edən Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri dosent Habil Haqverdiyev Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, onun dünya siyasətindəki rolundan bəhs edib.
Sonra institutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı turnirin təşkili məsələləri, onun uğurla başa çatması, qaliblərə təltiflərin təyin edilməsi barədə iştirakçılara məlumat verib.
Yarışın nəticələrinə görə I yerə mühasib Rəna Məmmədova, II yerə institutun icraçı direktoru Zaur İmrani, III yerə aparıcı elmi işçi Ülkər Mahmudova, IV yerə kiçik elmi işçi Nazim Gəraylı layiq görülüblər. Böyük elmi işçi Ceyhun Qasımov “Ən maraqlı oyunçu” kimi təltif olunanlar sırasında olub. Qaliblərə pul mükafatı və təltifnamə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.