Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamına əsasən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi və onların əsasında yeni bir elmi müəssisənin yaradılması planlaşdırılır. Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani müsahibəsində bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Zaur İmrani elmi müəssisələrin optimallaşdırılmasını daha dərin tədqiqatlar aparılması baxımından yüksək qiymətləndirərək deyib: “Bir sıra elmi-tədqiqat müəssisələri var ki, onların tədqiqat istiqamətləri bir-birlərinə olduqca yaxındır. Bu, kompleks tədqiqatların həyata keçirilməsinə də kömək göstərəcək. Optimallaşdırmanın ən böyük üstünlüyü isə yeni kadrların tədqiqat işlərinə cəlb edilməsi olacaq. Tədqiqatlar birxətli deyil, müxtəlif istiqamətli olacaq və bu da dövlət siyasətinə uyğun olaraq həyata keçiriləcək. Məsələn, Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu, demək olar ki, eyni istiqamətli elmi tədqiqatlar aparırdı. Hazırda bu tədqiqatlar ümumiləşdiriləcək və elmi kadrların birgə iş fəaliyyəti nəticəsində daha dərin tədqiqatların aparılmasına nail olacağıq”.
Zaur İmrani coğrafiya elminin müasir inkişaf tendensiyaları və aparılan elmi tədqiqatların əhəmiyyətindən danışıb: “Coğrafiya İnstitutunda son illər elmin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılır. Bu tədqiqatlar əsas etibarilə işğaldan azad edilmiş ərazilərimiz ilə bağlıdır. Son 30 il ərzində elmi-tədqiqat işləri aparılmayan, lakin böyük elmi və iqtisadi potensiala malik olan qədim Azərbaycan torpaqları öz unikallığı və inkişaf perspektivliyi ilə seçilir. Hazırda Coğrafiya İnstitutunda “Qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması” istiqamətində elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatlar “Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi, demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri, turizm-rekreasiya ehtiyatları və inkişaf perspektivləri”nə həsr olunub. Bununla yanaşı, Coğrafiya İnstitutunda Abşeron və ətraf arid ərazilərin səhralaşması prosesi tədqiq edilib, coğrafi geosistem üçün deflyasiya, şorlaşma, bitki deqradasiyası, dehumifikasiya, texnogen (çirklənmə) kimi təbii, təbii-antropogen və antropogen səhralaşma tiplərinin səciyyəsi aparılıb və boz, boz-qonur və ibtidai boz torpaqlarda səhralaşma prosesinin gedişinə külək eroziyasının təsiri öyrənilib. Həmçinin dövlətin ekoloji təhlükəsizlik kimi strateji məqsədlərindən biri olan qoruyucu meşə zolaqları və digər süni yaşıllıqlar torpaq-ekoloji baxımdan qiymətləndirilib və onların ərazilərinin genişləndirilməsi imkanları tədqiq edilib. Xəzər dənizi ekosisteminin kompleks tədqiqi ilə bağlı müasir dövr üçün dənizin səviyyə dəyişmələri ilə sahil zonasında dinamiki proseslər arasında əlaqələr öyrənilib”.
Həmsöhbətimizin fikrincə, təbii fəlakətlərin artdığı bir dövrdə Coğrafiya İnstitutunun bu risklərin xəritələndirilməsində rolu olduqca vacib və çoxşaxəlidir. Son 2 ildə institutda təbii fəlakətlər və ekoloji risklərlə bağlı bir sıra elmi-tədqiqat işləri aparılıb. Onlardan biri “Qarabağ və Şərqi Zəngəzur regionlarının landşaft-ekoloji karkası” xəritəsi olub: “Bu xəritədə kimyəvi elementlərin və birləşmələrin miqrasiya xüsusiyyətlərinə görə ərazidə allüvüal, superakval, transakkumulyativ və akkumulyativ geokimyəvi landşaftlar (cinslər) ayrılıb. Müəyyən edilib ki, tədqiqat regionunda sulfatlı-hidrokarbonatlı-natriumlu, sulfatlı-kalsiumlu-natriumlu, sulfatlı-natriumlu-maqneziumlu və hidrokarbonatlı-kalsiumlu-natriumlu makrobirləşmələri üstünlük təşkil edir. Tədqiqat prosesində ərazidə 8 geokimyəvi landşaft tipi ayrılıb. Bu yeni bir tədqiqat olub, öz elmi nəticələri ilə diqqəti cəlb edir”.
İnstitutun əməkdaşları tərəfindən Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirildiyini bildirən müsahibimiz deyib: “Zəfər”, Kəlbəcər-Laçın və Toğana-Kəlbəcər-İstisu avtomobil yolları ətrafında təhlükəli geomorfoloji proseslərin qısa təhlili onu deməyə əsas verir ki, ən təhlükəli proseslər seysmik dislokasiyalar, sürüşmələr, uçqunlar və s. ərazilər hesab olunur. Bunların hamısı ekogeomorfoloji baxımdan regionda gərgin vəziyyət yaradır. Aparılmış təhlil və hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda magistral, əsas və ikinci dərəcəli yolların (2130,81 km) 200,65 kilometri (9,42 faiz) geomorfoloji risk və təhlükələrin yüksək olduğu ərazilərdən keçir. Xəzər dənizinin səviyyəsinin 1996-cı ildən başlayaraq azalmaqda davam etdiyini hər bir ölkə vətəndaşı bilir. Bu proses nəticəsində dəniz sahildən xeyli uzaqlaşıb (bəzi ərazilərdə 100, 200, 500, və 1000 metrə qədər). Əvvəllər su basmış torpaq əraziləri su altından çıxaraq sahil zonasında neqativ ekoloji risklərin yaranmasına səbəb olub. Təqribi hesablamalara görə, respublika üzrə bütün sahilboyu ərazidə 38000 ha torpaq sahəsi dəniz altından çıxıb. Bu proses nəticəsində ən böyük ziyan dəniz gəmiçiliyinə, kənd təsərrüfatına, neft-qaz sənayesinə, balıqçılıq təsərrüfatına, kurort-reakreasiya obyektlərinə və s. sahələrə dəyir”.
Zaur İmrani institutun iqlim dəyişiklikləri üzrə gördüyü işlər barədə də məlumat verib: “İqlim dəyişmələri ilə əlaqədar olaraq son illər aparılan atmosfer sirkulyasiyası tiplərinin təkrarlanmasına dair materiallar toplanıb, anomaliyalar və onların modul əmsalları Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən hesablanıb. Tədqiqatın sonunda müəyyən edilib ki, Kür-Araz ovalığında iqlimin istiləşməsi nəticəsində zonada yay aylarında çox isti günlərin təkrarlanması baza dövrünə nisbətən artıb. Belə günlərin orta çoxillik artımı Kürdəmirdə avqust ayında müşahidə edilib və 10,4 gündən 18,4 günədək artıb. Lakin Lənkəran ərazisində isti hava dalğaları müşahidə edilməyib. 1990-cı illərin sonundan başlayaraq Lənkəran vilayətində 5 isti dalğa hadisəsi baş verib. İqlim dəyişmələrinin Abşeron və ətraf arid ərazilərinə atmosferdən çökən toz fraksiyaları öyrənilib və müəyyən olunub ki, atmosferdən çökən toz fraksiyalarında anionların və kationların konsentrasiyası fona nisbətən 2,5-3 dəfə, sürətli küləkli vaxtda 4,5-5,0 dəfə çox olub.
“Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsirinin tədqiqi və onun səviyyə tərəddüdləri öyrənilən zaman müasir innovativ metodlar və reanaliz məlumatları tətbiq olunaraq təhlillər aparılıb. Tədqiqatda əvvəlcə küləyin 1980-2004 və 2005-2023 dövrləri üzrə zamana görə ortalaşdırılmış illik qiymətlərin akvatoriya üzrə paylanmaları xəritələri müqayisə (keyfiyyətcə) edilib. Bu dövrlər faktiki olaraq səviyyənin qalxdığı və monoton azaldığı periodlara uyğun gəlir. Xəritələr GIOVANNI portalında təqdim olunan prosedurlar əsasında qurulub. Nəticə olaraq, 1980-ci ildən 2023-cü ilədək bütün Xəzər dənizi akvatoriyası üzrə küləyin sürətində bu və ya digər dərəcədə artma tendensiyası qeydə alınsa da, daha nəzərəçarpacaq və statistik əhəmiyyətli artım, dənizdə daha böyük su və temperatur ehtiyatına malik olan ərazi cənub hissə olub. Bütün bunlar, küləyin istiqamətində də baş verən dəyişikliklər nəzərə alınmaqla Xəzər dənizinin su balansının əsas elementlərindən olan səthdən buxarlanmanın intensivliyinə təsir edib. Son illərdə Xəzər dənizinin səthindən buxarlanmanın artması isə digər amillərlə yanaşı, dənizin səviyəsində baş verən kəskin azalmanın səbəblərindən biri ola bilər.
Müsahibimiz bildirib ki, son illər Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində bir sıra yeniliklər əldə olunub. Geoinformatika və kartoqrafiya sahəsində institutda texnoloji yeniliklər tətbiq edilir. Bu sahə Coğrafiya İnstitutunda yeni olsa da, əməkdaşlar bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, instituta dəvət olunan xarici mütəxəssislər onlara master-klaslar keçiblər. Hazırda CİS mühitində bir sıra elmi-tədqiqat işləri aparılır: “Azərbaycan Respublikasının 1:100000 miqyaslı rəqəmsal xəritə-informasiya bazası ArcGIS 10.5 proqram təminatı əsasında müxtəlif məlumat mənbələrini (topoqrafik xəritələr, Open Street Map və Landsat peyk sistemləri məlumatları) vahid sistemdə birləşdirilərək onlardan geniş istifadə imkanları yaradılıb. Böyük miqyaslı xəritə-informasiya bazası respublika ərazisinin təbii və antropogen xüsusiyyətlərinin yüksək dəqiqliklə öyrənilməsinə və kartoqrafik modelləşdirilməsinə imkan verir. Bu rəqəmsal baza ekosistemlərin, landşaftların və təbii resursların idarə olunmasında və onların mühafizəsi üçün ekoloji qərarların verilməsində mühüm rol oynaya bilər.
Qarabağın faydalı qazıntı yataqlarının nisbətən sıx yerləşdiyi ərazilərdə (Göyçə-Həkəri və Somxit-Qarabağ metallogenik zonalarının şimal hissəsi) Landsat kosmik şəkillərinin emalı əsasında normallaşdırılmış bitki örtüyü indeksi (NDVI) göstəriciləri 30 illik (1992 və 2022-ci illər) işğal dövründə seyrək bitki örtüyünə malik ərazilərin (NDVI əmsalı 0,2-dən kiçik olan) sahələrində artım (4,6 faiz) müşahidə edilib. Bu artım həm də nisbətən sıx bitki örtüyünə malik ərazilərin (NDVI əmsalı 0,2-0,4 arasında dəyişən) sahələrinin əhəmiyyətli dərəcədə azalması (17,05 faiz) hesabına baş verib.
CİS mühitində, həmçinin Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı turizmin bir növü kimi geoturizmin elmi-nəzəri aspektləri öyrənilib. Müəyyən edilib ki, tədqiqat ərazisində geoloji və geomorfoloji təbiət abidələri təbii-irs obyektləri olub, tarixi-geoloji turizmin inkişafına imkan verir. Bu abidələrin zənginliyi, unikallığı, estetikliyi, eləcə də əlçatanlığı nəzərə alınmaqla, onların “Ekoturizm potensialı xəritəsi” tərtib edilib.
NASA məlumat bazası, çoxillik kontakt ölçmələri və “Global Wind” atlası əsasında Xəzər dənizində ümumi radiasiyanın, küləyin sürətinin və gücünün paylanma xəritələri tərtib edilib. Xəzər dənizi üzrə 10 metr hündürlükdə, 2001-2022-ci illəri əhatə edən külək sürəti və istiqaməti məlumatlarını endirib, arxivləşdirib və onlar əsasında məlumat bazası yaradılıb. 0.5x0.625 ayırdetmə qabiliyyətli, CSV formatında olan bu peyk məlumatları özündə külək sürətini və istiqamətini ehtiva edir. Həm aylıq, həm də saatlıq olan məlumatların toplanması MERRA-2 peyki vasitəsilə həyata keçirilib”.
Coğrafiya İnstitutunun bir sıra beynəlxalq qrant layihələrində iştirak etdiyini bildirən müsahibimiz deyib: “Son 2 ildə İtaliyanın Modena Recio Emilia Universiteti ilə birgə Avropa Komissiyası (Horizon-2020 İnnovasiya və Tədqiqat Proqramı) çərçivəsində “Miqrant agentliyi üçün tarix və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu boyu qarışıq rəvayətlər” və Almaniyanın Justus Liebig Universiteti ilə birgə “Geopark tədqiqatları üzrə çoxtərəfli elmi əməkdaşlıq: Cənubi Qafqazın periferik rayonlarında inkişaf üçün sosial-ekoloji potensialların təhlili” adlı layihələrdə təmsil olunub”.
Bu il üçün Coğrafiya İnstitutu bir sıra əsas məqsədlər müəyyənləşdirib: “Coğrafiya İnstitutu yalnız 2024-cü ildə 2 jurnal, 14 monoqrafiya, 2 atlas, 1 kataloq, 1 test vəsaiti və 1 xəritə-sxem toplusu nəşr edib. Həmçinin əməkdaşların 217 məqaləsi (xaricdə 45, onlardan da 24-ü “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarında) və 6 tezisi (xaricdə 3) nəşr edilib. Bu il də nəzərdə tutulmuş elmi tədqiqat işlərinin davam etdirilməsi ilə yanaşı, Azərbaycan Respublikasına və onun dövlətçiliyinin maraqları daxilində olan “Azərbaycan Respublikası regionlarının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlanması və bitməsi müddətlərinin tənzimlənməsi ilə bağlı coğrafi xəritələrin”, eləcə də “Azərbaycan Respublikasının elektron yerüstü hidroloji xəritəsinin” hazırlanması nəzərdə tutulub”.