AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans
2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin AMEA-dakı büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
Konfransdakı məruzələrin dərcini davam etdiririk.
AMEA-nın Tarix İnstitutunun baş direktoru, professoru Kərim ŞÜKÜROV çıxışında qeyd etdi ki, Heydər Əliyevin ictimai-siyasi baxışlarının əsasını dövlət fəaliyyəti təşkil edir. Bununla əlaqədar olaraq, dövlət, onun əsasları və təcrübəsi daim diqqət mərkəzində olmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə dövlətə, onun tarixi roluna böyük əhəmiyyət vermişdir:
- Heydər Əliyevin baxışlar sistemində dövlətdən sonra ən mühüm yerə malik olan dövlətçilikdir. Heydər Əliyev Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış edir.
Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur.
Heydər Əliyev Azərbaycan dövlətçiliyi haqqında nəzəri-təcrübi konsepsiya yaratmaqla, eyni zamanda onun böyük bir dövrünün yaradıcısı kimi tarixə daxil olmuşdur. Burada Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərliyi mühüm yer tutur. Heydər Əliyev SSRİ rəhbərlərindən biri olduğu dövrdə də Azərbaycan dövlətçiliyi naminə böyük işlər görmüşdür. 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycanın dövlətçiliyinə də zərbə oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yeni mərhələyə qədəm qoydu. 1990-cı ilin yanvarında Azərbaycandakı milli-azadlıq hərəkatı qan içində boğuldu. Belə bir dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin lideri kimi onun bütün ağırlığını öz üzərinə götürdü. Onun Moskvadan Bakıya, buradan isə Naxçıvana qayıtması ilə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Naxçıvanda Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi əhəmiyyətə malik tədbirlər görüldü.
Dövlət müstəqilliyinin bərpası onun həyata keçirilməsindən daha çətin və mürəkkəb bir proses idi. Yalnız Heydər Əliyev müstəqil dövlət quruculuğunun həyata keçirilməsini təmin edə bildi. 1993-cü ilin iyununda Qurtuluş hərəkatı ilə Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldi.
Azərbaycan sözün əsl mənasında müstəqil dövlət quruculuğuna başladı. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dövlət müstəqilliyi geridönməz xarakter aldı. Ermənistanla döyüş meydanlarında ilk qələbə qazanıldı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycanda dövlət quruculuğu konstitusion baza əldə etdi. Heydər Əliyev Azərbaycan Respublikasında müasir dövlət quruculuğu sahəsində misilsiz xidmətləri ilə birgə, onun perspektiv inkişaf istiqamətlərini də müəyyən etdi.
Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır. Heydər Əliyev dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqini də həyata keçirmişdir. Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırmışdır. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir.
"Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, müxbir üzv Ərtegin SALAMZADƏ qeyd etdi ki, Heydər Əliyevin incəsənətin inkişafına göstərdiyi səylər Ulu Öndərin dövlət başçısı kimi fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirdi:
- Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi.
Bu gün heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu - 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında həqiqətən də yüksəliş dövrü olmuşdur. Bu dövrü Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapmış, mühüm incəsənət əsərləri yaradılmış, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olmuş, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkəsində yüksək peşəkar səviyyədə təmsil olunmuşdur.
Bu dövrdə Azərbaycanın şəhərlərində böyük yaşayış komplekslərinin, müxtəlif tipli ictimai binaların, sənaye və nəqliyyat obyektlərinin tikintisi xüsusilə nəzərə çarpırdı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir. Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir ictimai binalar ucaldılmışdır. Bunların tam əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilərək tikilmişdir.
Bakının gözəl guşələrindən birində yerləşən, xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayırdı ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə həftədə azı iki dəfə gəlir, vəziyyətlə tanış olur, tikintinin problem və çətinlikləri ilə şəxsən maraqlanırdı. Hələ işin layihə mərhələsində o, binanın memarlıq planında otaqların beynəlxalq diplomatik fəaliyyətin tələblərinə uyğun olaraq yerləşdirilməsi məqsədilə memarlara əsaslı göstərişlər verirdi. Bina üçün zəruri olan müxtəlif tikinti materiallarının xarici ölkələrdən Bakıya gətirilməsi yalnız Heydər Əliyevin göstərişi və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdu. Binanın ətrafında salınmış park zonası üçün Heydər Əliyev hətta ağac növlərini belə özü seçmişdi. Bir sözlə, iqamətgahın yaradılmasında Heydər Əliyevin memarlıq istedadı və beynəlxalq siyasi təcrübəsi üzvi sintez halında təzahür etmişdir.
Çəkdiyimiz bu misal çox səciyyəvi olsa da, Heydər Əliyevin memarlıqla bağlı geniş fəaliyyətinin yalnız az bir hissəsi haqqında təsəvvür verir. Xatırladaq ki, Heydər Əliyev hələ II Dünya müharibəsindən öncə o zamankı Sənaye İnstitutunun tərkibində olan "Memarlıq" fakültəsinə daxil olmuşdu. Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük uzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.
1970-90-cı illərdə Bakıda və Azərbaycanın digər şəhərlərində Vətənimizin dövlət, mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra gözəl heykəltaraşlıq abidələri ucaldılmışdır. Onların əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. İ.Nəsimi, C.Cabbarlı, S.Vurğun, M.Hüseynzadə, H.Cavid və başqalarının şərəfinə ucaldılmış heykəllər buna gözəl nümunələrdir. Monumental incəsənət ilə yanaşı, Ulu Öndər Heydər Əliyev incəsənətin inkişafını istiqamətləndirən direktiv sənədlərdə, çıxışlarında, bədii ictimaiyyətin nümayəndələri ilə görüşlərində təsviri sənətə və klassik bədii irsimizə, miniatür sənətinə də həmişə böyük diqqət yetirmişdir. Onun təsviri sənət haqqında söylədiyi fikirlər, ayrı-ayrı sənət ustalarının ünvanına göndərdiyi məktublar müasir estetik fikrimizin mühüm sənədləri və XX əsr Azərbaycan incəsənəti tarixinin öyrənilməsi üçün dəyərli mənbələr kimi əhəmiyyətə malikdir.
Ulu Öndər Heydər Əliyevin məruzə və çıxışlarında Azərbaycan incəsənətinin, onun inkişafının ən mürəkkəb problemləri öz əksini tapmışdır. O, xüsusən XX əsr Azərbaycan incəsənətinin təşəkkülü, yaradıcılıq potensialı, yeni növ və janrlarının formalaşması problemlərini peşəkar sənətşünas səviyyəsində təhlil edir. Qeyd etdiyimiz xüsusiyyət yalnız memarlıq və təsviri sənət sahəsində deyil, musiqi, teatr və kino sahələrində də özünü aşkar büruzə verir. Azərbaycan incəsənətinin yüksək nailiyyətlərini təbliğ etmək və inkişaf etdirmək sahəsində Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş görkəmli rəssam, bəstəkar, teatr və kino xadimlərinin yubiley tədbirləri və gecələrinin əhəmiyyəti olduqca böyükdür. Hər hansı bir sahəyə aid bu cür tədbirlərin keçirilməsi həmişə həmin sənət növünün inkişafında yeni bir mərhələ olaraq onun tədqiqi üçün yeni imkanlar açmışdır.
1970-2000-ci illərdə Azərbaycan bədii mədəniyyətinin bütün sahələrinin inkişafı, bu prosesdə Heydər Əliyevin bilavasitə iştirakı Azərbaycan sənətşünaslıq elminin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Məhz bu dövrdə şəhərsalma, memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər, musiqi, teatr və kino sənətlərini əhatə edən qiymətli sənətşünaslıq əsərləri nəşr edilmişdi. 1973-cü ildə sənətşünaslığımızın tarixində ilk dəfə olaraq "Azərbaycan incəsənəti tarixi" adlı üçcildlik fundamental əsər üzərində iş başlamış, 1980-ci illərin ortalarında Azərbaycan incəsənətinin bütün inkişaf mərhələlərini əhatə edən ilk tarixi yaradılmışdır.
Yeni zamanın, müstəqillik dövrünün mühüm əlaməti keçmişə, tarixi-mədəni irsə münasibətin kökündən dəyişilməsidir. Tarixi irs sadəcə muzey eksponatı olmaqdan çıxaraq, mədəni şüurun aktual məzmununa çevrilib. Bu məqamda cəmiyyət ənənəvi dəyərləri dərk edərək milli, etnik identifikasiya mənbəyi tapır. İctimai şüurda bu kimi müsbət dəyişikliklərin baş verməsini birbaşa Heydər Əliyev şəxsiyyəti ilə bağlamaq lazımdır. Onun hakimiyyəti illərində mədəni irsin qorunması naminə qanunvericilik və institusional baza yaradılmış, bir sıra tarixi-mədəni abidələrin bərpası ilə bağlı tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən, "Mədəniyyət haqqında" (1998), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" (1998), "Kinematoqrafiya haqqında" (1998), "Muzeylər haqqında" (2000), "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" (2003) və başqa qanunlar qüvvəyə minib.
Azərbaycan Nazirlər Kabineti tərəfindən 2001-ci il avqustun 2-də dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısı təsdiqlənib.
Hələ sovet dövründə respublikaya rəhbərlik edən Heydər Əliyev uzun müddət mədəni irsimizin taleyini müəyyənləşdirən irəliyə doğru addım atmışdır. Onun təşəbbüsü ilə 1977-ci il avqustun 10-da Azərbaycan SSR Nazirlər Sovetinin "Bakı şəhərindəki "İçərişəhər"in, eləcə də Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruqları elan edilməsi haqqında" qərar qəbul edilib. Bu sənədin əhəmiyyətini layiqincə qiymətləndirmək çətindir. O, bu qərarlarla artıq müstəqillik illərində qəbul ediləcək və həyata keçiriləcək mədəni irsin qorunması proqramlarının əsasını qoymuşdu.
Heydər Əliyev Azərbaycan memarlığının bir sıra ən dəyərli abidələrinin açılışını şəxsən edir, proqram çıxışları ilə orada toplaşanlara müraciət edirdi. Belə tədbirlər sırasında 1999-cu ilin oktyabrında Naxçıvandakı Möminə Xatun türbəsinin, 2000-ci ilin mayında Gəncədə böyük şair Nizami Gəncəvinin məqbərəsi kompleksinin, 2002-ci ilin noyabrında Şəkidə dövlət tarix-memarlıq qoruğunun və başqalarının Ümummilli Lider tərəfindən ziyarət edilməsini nümunə göstərmək olar.
Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanın abidələrinin UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi prosesi başlayır. Onlardan birincisi - İçərişəhər Tarixi-Memarlıq Qoruğu 2000-ci ildə UNESCO-nun siyahısına daxil edilib. Ardınca UNESCO-nun Baş Assambleyası bu siyahıda Qobustan Tarix-Mədəniyyət Qoruğunu təsdiq edib.
İncəsənət və mədəniyyət sahəsində Heydər Əliyev dərsi, onun bizə qalan vəsiyyəti nədən ibarətdir? Bu vəsiyyət yalnız qədim bədii ənənələrin qorunmasından və müasir incəsənətin inkişaf etdirilməsindən ibarət deyil. Onun əhəmiyyəti, mənası daha da geniş, daha da dərindir. Bugünkü qlobal dünyada milli mədəniyyətlər əhalinin sayına, ölkələrin ərazilərinə görə təmsil olunmur. Millətlər beynəlxalq məkanda istehsal etdikləri informasiya məhsullarının həcminə görə təmsil olunurlar. İncəsənət və mədəniyyət isə ən güclü informasiya mənbəyidir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir MƏMMƏDLİ qeyd etdi ki, müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb:
- Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanda, eləcə də 30 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunda geniş şəkildə öz əksini tapıb.
"Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca göstəricilərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun Konstitusiyaya uyğun olaraq respublikamızda Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
XX yüzillik də Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi dövrü kimi tarixə yazılıb. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənib, üslubları zənginləşib, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanıb.
Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksəksəviyyəli yazı normaları var. Bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş işlədilməsi imkanları mövcuddur.
Bütün bunlara dövlətçilik tariximizdə o qədər də asanlıqla nail olunmayıb. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlı olub. Xalqımızın tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənənin uzun müddət yaşadılması gerçəkləşməyib. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılıb. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməyib.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafında müstəsna xidmətlər göstərib. Dahi şəxsiyyət çıxışlarının birində bu barədə deyib: "1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir".
Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azərbaycan dili yox, türk dili ilə əvəz olunmasına, beləliklə, tarixi həqiqətin "geri qaytarılması"na təşəbbüs etdi. Bütün dövlət strukturlarında, orta və ali məktəb dərsliklərində Azərbaycan kəlməsinin türk sözü ilə əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Məsələnin ciddiliyini nəzərə alan Ümummilli Lider bununla bağlı müzakirələr keçirdi və xalqımız 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi.
Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif yönümdə inkişaf edib. "Azərbaycan dili" anlayışı "Azərbaycan - türk dili" modelinin tərkib hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır. Türk dili Azərbaycan dili anlayışını həm keçmişə bağlayıb, həm də gələcəyə gətirib çıxarıb. Türk dili bütün türk dilləri üçün ümumi ad olaraq, daha sonralar regional təzahürləri ilə adlandırılıb.
Yuxarıda qeyd edilən ikigünlük müzakirələrin davamında yekun nəticə belə oldu: 1) türk dili; 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili. Müzakirələrin 5 noyabr 1995-ci il tarixli yekun iclasında Ulu Öndər çıxışında dedi: "...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, "Azərbaycanın dövlət dili Azərbaycan dilidir".
Dahi şəxsiyyət daha sonra tarixi köklərimizə, keçmişimizə hörmətlə yanaşaraq bildirdi: "Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir. Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil - həm tarixi nöqteyi-nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərindən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil".
Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. Ulu Öndər keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: "Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var".
Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir məsələni də mütləq xatırlatmalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də Əlifba komissiyasının yaradılması ilə bağlıdır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılır və "Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kiril əlifbası ilə paralel işlənir, yalnız Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.
Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi.
Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini gerçəkləşdirmək, təbliğ etmək barədə Ümummilli Lider Heydər Əliyev olduqca dəyərli fikirlər söyləyib: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamla davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Bütün bunlarla yanaşı, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla MƏDƏTLİ qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardandır.
- Heydər Əliyev siyasi irsinə maraq illər keçdikcə daha da artmaqdadır. Xüsusilə də türk xalqları arasında Heydər Əliyevin şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur və SSRİ hökumətinin rəhbərliyindəki yüksək məqamında rəhbərlik etdiyi çox mühüm sahələrdə gördüyü ölçüyəgəlməz işlərlə, həyata keçirdiyi layihələrlə, eyni zamanda güclü iradəsi və cazibədar şəxsiyyəti ilə o, ümumxalq ehtiramını qazanmışdı.
1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çöküş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu.
22 iyul 1990-cı ildə doğma şəhəri Naxçıvana gələndən az sonra Naxçıvan seçiciləri Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq fərdi təqaüdçü, heç bir vəzifə və imtiyaza malik olmayan Heydər Əliyevi həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün ona yol açdılar. Onun hələ sıravi deputat kimi Naxçıvandakı hadisə və prosesləri milli müstəqillik yoluna istiqamətləndirməsi, bir sıra inqilabi dəyişikliklərə yön və rəvac verməsi, milli mənafeyə aid məsələlərdə iradə və çəsarət göstərməsi, Azərbaycan Ali Sovetinin tribunasından davam edən erməni təcavüzü şəraitində bağışlanmaz passivlik və prinsipsizlik göstərən, hələ də Moskvanın diktəsilə öz xalqına münasibətdə xəyanətkarlıq edən respublika rəhbərliyini kəskin tənqid etməsi və vəziyyətdən çıxış yolları göstərməsi hər kəsin zehnində və qəlbində möhkəm inam yaratmışdı ki, yalnız Heydər Əliyev Azərbaycan xalqını bu çıxılmazlıqdan qurtara bilər.
Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü şəraitində, eyni zamanda Azərbaycanın mərkəzi hökumətinin Naxçıvana və naxçıvanlılara qarşı əsassız təzyiqlər göstərdiyi bir vaxtda - 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının hamısı yekdilliklə səs verərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublika Ali Məclisinə Sədr seçdilər. Həmin dövrdə Naxçıvandakı ictimai-siyasi proseslərin şahidi olan və onları dərindən təhlil edən akademik İsa Həbibbəyli yazır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr vəzifəsinə seçilməsi geniş mənada Azərbaycanda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş ümumrespublika əhəmiyyətli tarixi hadisədir. Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasında ümummilli vəzifələri qətiyyətlə həyata keçirən Heydər Əliyevin simasında ölkəmizin müstəqilliyinin qarantı olacaq qüdrətli dövlət xadimini görür, ona böyük ümid və inam bəsləyirdi.
Naxçıvan MR Ali Məclisinin Sədri seçiləndən sonra qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan "Ümid" körpüsünün tikintisinə başlandı. Təməli 1991-ci il oktyabrın 29-da - Türkiyə Cümhuriyyətinin Quruluş Günündə atılan bu körpü 1992-ci il mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Günündə artıq "Vüsal" körpüsü kimi Heydər Əliyevin və Türkiyə hökumətinin başçısı Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan - Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.
Ali Məclisin Sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğalından xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi.
Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Azərbaycan hökuməti tərəfindən gözümçıxdıya salınan Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu.
Sovetlər dönəmində olduğu kimi, hansı vəziyyət olursa-olsun Heydər Əliyev təhsilə böyük önəm verirdi və Azərbaycan gənclərinin Türkiyədə təhsil almasını çox vacib və gərəkli hesab edirdi. Onun 1992-ci il mart ayının 22-24-də Türkiyə Cümhuriyyətinə səfərinin yekunu olaraq imzalanmış "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq Protokolu"nda da bu mühüm milli əhəmiyyətli məsələyə xüsusi yer ayrılmışdı. Ankarada Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Turqut Özal qəbul etmişdi. Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdu. Görüşlər zamanı Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı məsələlərə də toxunulmuş, fikir mübadiləsi edilmişdi. Əməkdaşlıq protokolunda iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə - hər il 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Heydər Əliyevin bu təşəbbüsü həmin dövrdə Naxçıvan əhalisinin ərzaq, enerji və sair həyati zəruri ehtiyacları qədər lazımlı idi, belə ki, cəmiyyətdə baş verən böhranlı proseslər təhsil sahəsinə də ağır zərbə vurmuşdu. Eyni zamanda blokada şəraiti naxçıvanlı gənclərin ölkənin əsasən paytaxtda yerləşən ali məktəblərində təhsilə müntəzəm davam etmələrinə də ciddi əngəllər yaratmışdı. Belə bir şəraitdə Türkiyə universitetlərinin öz qapılarını açması və azərbaycanlı tələbələrin təhsilinin və yaşamının qardaş dövlət tərəfindən qarşılanması olduqca böyük imkan idi. Bu əsl qardaşlıq köməyi idi. 1992-ci il oktyabrın 5-də Heydər Əliyev Türkiyədə təhsil almağa göndərilən 75 nəfər naxçıvanlı gənclə Muxtar Respublika Ali Məclisində keçirdiyi görüşdə qardaş Türkiyəyə olan hüsn-rəğbətini bəyan edərək demişdi ki, onun rəhbərliyi ilə 1976-cı ildən sonra hər il 800-900 nəfər və böyük əksəriyyəti, 95 faizi azərbaycanlılar olan gənclər Sovet İttifaqının təxminən 50 şəhərindəki ali məktəblərdə təhsil almağa göndərilirdilər. Ulu Öndər deyirdi: "...Mən o dövrdə gənclərimizin bir qisminin də Türkiyədə təhsil almasının çox həsrətində olmuşam. Çünki Türkiyə ilə Azərbaycan tarixən son dərəcə yaxın olublar. Bunu sübut etməyə ehtiyac yoxdur. Lakin o vaxtlar belə bir imkan yox idi".
Qeyd edilməlidir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında atdığı mühüm addımlar sırasında qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulması aparıcı yer tutmağa başladı.
Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım oldu.
Ulu Öndər Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixdə Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Əlbəttə, bundan əvvəl də, Azərbaycan öz istiqlalını elan edən vaxtdan qardaş Türkiyə ölkəmizə yardımlarını əsirgəməmişdi. Həmin ağır illərdə Türkiyə dövlətinin və xalqının göstərdiyi yardımlar olduqca dəyərli idi, naxçıvanlılar üçün isə həyati əhəmiyyətə malik idi. Lakin eyni zamanda ölkələrimizin dövlətlərarası münasibətlərində nizamsızlıq, qeyri-ardıcıllıq, emosional çalarlar daha çox idi. Prezident Heydər Əliyev bu müasibətləri tamamilə yeni siyasi-iqtisadi və mənəvi müstəviyə qaldırdı.
Qeyd edilməlidir ki, Ulu Öndərin 5-8 may 1997-ci il tarixdə Türkiyə Cümhuriyyətinə növbəti rəsmi səfəri əhatəliliyi, keçirilən görüşlərin sıxlığı, müzakirə edilən məsələlərin və qəbul edilən sənədlərin zəruriliyi ilə qarşılıqlı münasibətlərdə qoyulan təməlin necə möhkəm, etibarlı olduğunu bir daha təsdiqlədi. Mayın 5-də Heydər Əliyevə Türkiyə Respublikasının "Dövlət nişanı"nın təqdim olunması mərasimində çıxış edən Ulu Öndər dedi: "Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir".
Türkiyədə də səsləndirildiyi kimi, Heydər Əliyevin "Bir millət- iki dövlət" tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Nəzərə alınmalıdır ki, Ulu Öndər "Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə Azərbaycan xalqını, onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə, bir millət kimi nəzərdə tuturdu. Şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də zamanında "Nə mutlu türküm deyənə!" ifadəsi ilə bütün Türkiyə Cümhuriyyətinin vətəndaşlarını və özünü türk sayan hər kəsi nəzərdə tuturdu.
Ulu Öndərin vəfatından sonra Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, qardaş Türkiyə ilə münasibətlərdə də Heydər Əliyev siyasətini yaradıcılıqla davam etdirdi və "Bir millət-iki dövlət" düsturunu dövlətlərimizin və xalqlarımızın qarşılıqlı əlaqələrinin strategiyasına çevirdi. Bu düstur həm regionumuzda, həm də beynəlxalq çərçivədə Azərbaycan-Türkiyə münasibətlərinin işlək və səmərəli açarı olaraq keçən hər gün daha da aktuallaşdı, dövlət siyasəti olmaqla yanaşı, qardaş xalqlarımızın ruh və könül birliyi siyasəti kimi də dolğunlaşdı, ölkələrimizin iqtisadi, ticari, mədəni, hərbi-siyasi əlaqələri ilə daha da zənginləşdi və yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Bu düstur həm də türk dövlətlərinin və toplumlarının bir-birinə yaxınlaşmasını şərtləndirən cazibə mənbəyi keyfiyyəti qazandı.
3 oktyabr 2009-cu il tarixdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları Zirvə görüşü keçirib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (Türk Şurası) təsis etdilər. Bundan sonra ardıcıl keçirilən Zirvə görüşləri türk dövlətlərinin əməkdaşlığının inkişafına əhəmiyyətli təsir göstərdi. 2019-cu il oktyabr ayının 15-də Bakıda keçirilən VII Zirvə görüşü Heydər Əliyev ideyalarının bariz təcəssümünə çevrildi. Artıq Özbəkistanın da Türk Şurasının tamhüquqlu üzv olaraq qatıldığı görüşdə ümumtürk birliyinin formalaşması istiqamətində, türk dövlətlərinin bir-biri ilə yaxınlaşmasında, ortaq mənafelər naminə əməkdaşlıq formalarının genişləndirilməsində on il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə imzalanmış Naxçıvan sazişinin önəmli rol oynadığı vurğulandı.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib qardaş ölkənin dəstəyini ifadə etdi, həmişə olduğu kimi, belə taleyüklü məqamda da Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı.
Prezident İlham Əliyev bəyan etdi ki, Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkəyə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır. Prezident İlham Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" kəlamı indi bütün Türkiyə və Azərbaycan üçün bir işıq yoludur.
Əlbəttə, Azərbaycanın müstəqilliyinin 30 ilində qardaş Türkiyə ilə münasibətləri yüksək səviyyədə təsbit edən, əməkdaşlığın müxtəlif sahələrində geniş imkanlar açan bir sıra hüquqi sənədlər imzalanmış, bir sıra sahələrdə əhəmiyyətli əməli addımlar atılmışdır.
Keçən otuz ilə yaxın müddətdə Azərbaycanla Türkiyə arasında imzalanmış hüquqi sənədlərə, illərlə davam və inkişaf edən qarşılıqlı münasibətlərin məntiqliyi və təbiiliyinə baxmayaraq, həm Vətən müharibəsinin gedişində, həm də ondan sonra ölkəmizə qarşı başladılan "soyuq müharibə"yə və təzyiqlərə sinə gərməkdə Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimizin milli maraqlarına xidmət edən siyasəti və onların şəxsi dostluq və qardaşlıq münasibətləri yeni bir sənədin imzalanmasını şərtləndirirdi. Buna görə belə hesab etmək olar ki, Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin (13 oktyabr 1921-ci il) imzalanmasından tam 100 il sonra Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dönəmin başlandığını ortaya qoydu. Azərbaycanın təcavüzkar Ermənistan üzərində tarixi qələbəsindən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Şuşa şəhərinə səfər etməsi və 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında "Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanan sənədlərin zirvəsi oldu.
Bu həm də Ulu Öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" düsturunun əməli müstəvidə təzahürü idi. Yəni Azərbaycan-Türkiyə birliyinin strategiyası kimi real zamanda, real coğrafiyada, bəlli hərbi-siyasi şəraitdə özünü təsdiq etdi. Bölgədə söz və nüfuz dairəsi yaratmağa və təcavüzkar Ermənistanı dəstəkləyib ölkəmizin azadlıq müharibəsinin tarixi zəfərini heçə endirməyə çalışan digər gücləri də bu birliyin qüdrəti ilə hesablaşmağa məcbur etdi.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Azərbaycan və Türkiyə beynəlxalq iqtisadiyyata geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, eləcə də sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihə üzərində işləyirlər. İşğaldan azad olunmuş bölgələrimizdə qardaş Türkiyənin yaxından iştirakı digər türk ölkələri üçün də yaxşı nümunədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik" mövqeyi əməkdaşlığımızın başlıca strateji prinsipinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi düsturu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir BABAYEV qeyd etdi ki, sağlam ruhlu, intellektual, yüksək milli-mənəvi dəyərlərə malik gəncliyə sahib olmaq hər bir dövlət üçün vacib amillərdəndir:
- Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə sahib olması mobillik və inteqrasiyanın da onlarla birgə addımlaması deməkdir. "Gənclər gələcəkdir və öz gələcəyini düşünən hər bir cəmiyyətdə gənclərə qayğı göstərilməlidir" deyə vurğulayan Ulu Öndər Azərbaycan reallığında xoşbəxt və firavan gələcəyin təmin olunması, gəncliyin inkişafı üçün mühüm addımlar atmış şəxsiyyətdir.
Ümummilli Lider Heydər Əliyev ictimai-siyasi, elmi-mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparmaqla yanaşı, bütün bu proseslərdə gənclərin roluna hər zaman xüsusi diqqət yetirmişdir. Hələ ötən əsrin 70-80-ci illərində müdrik siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq məqsədilə həyata keçirilən dövlət proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi, eyni zamanda gənclərin kütləvi şəkildə aparıcı elm-təhsil mərkəzlərinə göndərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və görülən digər çoxşaxəli tədbirlər Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu tərkib hissəsi idi.
1993-cü ildə xalqın dəstək və istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə olunmasıdır. Ölkədə baş verən yenidənqurma islahatlarının fonunda gənclərin təşkilatlanması məqsədilə dövlət başçısı tərəfindən 1994-cü il iyulun 26-da indiki Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərimizin gənclərlə keçirdiyi çoxsaylı görüşlər, onlara verdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirildi. Hər zaman Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğulayan Ulu Öndər tərəfindən gənclərin problemlərinin həllini təmin etmək məqsədilə fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bu siyasət proqramının inkişafı ilə Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı.
Bu inkişafa dair bir sıra rəsmi sənəd və proqramları diqqətinizə çatdırmaq istərdim. Ümummilli Liderimizin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, həmin tarix "Azərbaycan Gəncləri Günü" elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarların, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" kimi dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Habelə mənim də bəhrələndiyim, Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimizin gənclərə olan xüsusi diqqət və qayğısı ön plandadır. Ulu Öndər siyasəti uğurla və məqsədyönlü şəkildə onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərlə görüşlərində "gənclərə xüsusi münasibətinin olduğunu, bütün işlərində ona arxalana biləcəklərini vurğulayıb və Mən də sizə arxalanıram" söyləmişdir. Məhz bu səbəbdən dövlət başçısı tərəfindən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2007-ci ilin "Gənclər ili" elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis olunması, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" kimi mühüm proqramların təsdiqi və onların icra edilməsi gənclərin rifahına xidmət etmişdir.
Qeyd etmək lazımdır ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynamışdır. Müharibədə əsas missiyanı məhz Ulu Öndərin siyasi kursu dövründə yetişən gənclər yerinə yetirmişlər.
Ulu Öndərin "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir..." fikirləri indiki dövrdə də gerçəkliklə səsləşir və onun bizlərə vəsiyyəti olan "Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" tövsiyələri bizim yaşam prinsipimizə çevrilməlidir.
AMEA-nın prezidenti, akademik İsa HƏBIBBƏYLI tədbirə yekun vuraraq qeyd etdi ki, bugünkü elmi konfransla Azərbaycan Milli Elmlər Akademiyasının "Heydər Əliyev İli" ilə əlaqədar ilk tədbiri cəmiyyətə təqdim olundu:
- Qarşıda bizi "Heydər Əliyev İli"ndə daha böyük elmi tədbirlər, dünyanın tanınmış alimləri ilə birgə keçiriləcək beynəlxalq konfranslar, simpoziumlar, səfərlər, müxtəlif aspektlərdən Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini, çoxcəhətli xidmətlərini əks etdirən yeni-yeni monoqrafik tədqiqatların yazılması, nəşr olunması, təqdimatlarının keçirilməsi kimi yaddaqalan, əhəmiyyətli hadisələr gözləyir.
“Heydər Əliyev İli”ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana qoyulmalıdır. Ümummilli Liderlik fəlsəfəsinin konseptual əsaslarının müəyyən edilməsi və görkəmli dövlət xadimi Heydər Əliyevin nümunəsində konkret bir örnəyin meydana qoyulması Azərbaycan humanitar və ictimai elmlərinin şərəfli borcu və məsul vəzifəsidir.
“Heydər Əliyev İli”ndə həm də Ulu Öndərin uzaqgörən ideallarının işığında müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə baş vermiş möhtəşəm nailiyyətlərin və Qarabağ zəfərinin tədqiq və təbliğ edilməsi məsələləri də alimlərimizin diqqət mərkəzində olacaqdır.
"Heydər Əliyev İli" Azərbaycan Milli Elmlər Akademiyası üçün Ulu Öndərin mənəvi varlığı qarşısında hesabatı ili kimi də qarşımıza məsuliyyətli vəzifələr qoyur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Milli Elmlər Akademiyasının kollektivi adından əmin etmək istəyirik ki, akademiya əməkdaşları "Heydər Əliyev İli"ndə bütün qüvvələrini səfərbər edərək bu elmi qurumun nüfuzunun daha da yüksəldilməsi və Ümummilli Liderin adına layiq elmi tədbirlərin həyata keçirilməsi üçün var qüvvə ilə çalışacaqdır.
“Azərbaycan” qəzeti