Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çinqiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən söhbət açıb. Qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Çingiz Abdullayev yazıçının elmi-nəzəri və bədii irsinin öyrənilməsinin vacib məsələ olduğunu da vurğulayıb.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindən danışıb. E.Axundova qeyd edib ki, müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraq Xalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.
Elmira Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun iki əməkdaşı müsabiqənin qalibləri sırasında olub. İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi fil.e.d. Pərvanə Məmmədli “Ən yaxşı elmi-tədqiqat işi” nominasiyası üzrə qalib olub.
Müsabiqənin əsas mükafatına isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi Orxan İsayev layiq görülüb. Orxan İsayevin yazıdğı “Cənub küləyi” essesi yeni yazı üslubu və ideya kreativliyinə görə Gran Pri mükafatı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.