Naxçıvan Dövlət Universitetində Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mərkəzin açılmasının Naxçıvan Dövlət Universitetinin elmi mühiti üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, yeni mərkəz tədqiqatçı alimlər, doktorantlar, dissertantlar, magistrlar, rezidentlər və elmi tədqiqat işləri ilə məşğul olan tələbələr üçün geniş imkanlar yaradacaq. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə tərəfdaşlığı ilə əsası qoyulan yeni elmi-tədqiqat mərkəzi universitetin Tibb fakültəsində yerləşir və tibbin müxtəlif sahələri, həmçinin biologiya və kimya elmləri üzrə araşdırmaların aparılması məqsədini daşıyır. Eyni zamanda, müxtəlif elmi sahələr üzrə birgə tədqiqatların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın görkəmli alimi, oftalmoloq Zərifə xanım Əliyevanın adını daşıyan mərkəzin əhəmiyyətini, alimin fəaliyyət istiqamətləri üzrə araşdırmaların aparılmasının, xüsusilə peşə xəstəlikləri və herontologiya kimi sahələrdə tədqiqatlara çox yer verilməsinin önəmini qeyd edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd görkəmli alim Zərifə Əliyevanın elmi məktəbinin davamçılarını yetişdirmək, eyni zamanda, hər iki müəssisənin potensialından istifadə etməklə dünya elmində tədqiqatların aparılmasına töhfə verəcək.
Tədbirdə Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutunun direktoru, Qazaxıstan Milli Kurort Assosiasiyasının prezidenti, professor Sayagul Kairgeldinanın çıxışları dinlənilib.
Sonra tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi ilə tanış olublar.