Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.01.2023 11:15
  • A-
  • A
  • A+

“Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı layihənin təqdimatı keçirilib

“Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı layihənin təqdimatı keçirilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun ekspertlərinin iştirakı ilə “Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı elmi-tədqiqat layihəsinin yekun hesabatının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov layihə barədə məlumat verib. Bildirib ki, İqtisadiyyat Nazirliyinin sifarişi əsasında, onun rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun bir qrup ekspertinin iştirakı ilə Azərbaycanın post-konflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi əsasında müqayisəli üstünlük sahələrinin seçilməsi üzrə elmi tədqiqatlar aparılıb, hökumətə təklif və tövsiyələr hazırlanıb.

İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov post-konflikt ərazilərinin bərpası və burada yeni iqtisadiyyat quruculuğu prosesində bu layihənin əhəmiyyətindən danışıb, onun yerinə yetirilməsində iştirak edən ekspertlərin əməyini yüksək qiymətləndirib. 

Onlayn iclasda İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.ü.f.d., dosent Allahyar Muradov layihənin yekun hesabatı əsasında geniş təqdimatla çıxış edib. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın post-konflikt əraziləri üzrə iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin seçilməsidir. İlkin olaraq post-konflikt ərazilərdə repatriasiya potensialı qiymətləndirilib, sonra isə müqayisəli üstünlüklərin təməlində dayanan 5 əsas inkişaf istiqaməti və 14 prioritet müəyyənləşdirilib. Dördüncü sənaye inqilabının qarşıya qoyduğu vəzifələrin Qarabağda reallaşdırılması üçün potensial imkanlar ayrıca araşdırılıb. Potensial üstünlüklərin gerçəkləşdirilməsi üçün iqtisadiyyatın dövlət tənzimlənməsinin dəstəkverici mexanizm və alətlərinin tətbiqi, dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üzrə konkret təklif və tövsiyələr hazırlanıb və müvafiq dövlət qurumlarına təqdim olunub. Tədqiqatın nəticələri kitab şəklində nəşr olunacaq.

Layihənin icrasında bilavasitə iştirak edən İqtisadiyyat İnstitutunun tədqiqatçılarının, AZPROMO-nun və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun ekspertlərinin də qatıldığı tədbirdə layihə ilə bağlı suallar cavablandırılıb, geniş müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun  İdarə Heyəti sədrinin 1-ci müavini, professor Arzu Hüseynova, habelə layihənin ekspertləri professor Fuad Qənbərov və dosent Mahir Zeynalov çıxış ediblər.

İclasda “Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı elmi-tədqiqat işinin Qarabağda yeni iqtisadiyyatın elmi əsaslar üzərində qurulmasındakı faydası xüsusi qeyd olunmaqla yanaşı, bu sahədə tədqiqatların davam etdirilməsinin zəruriliyi, hökumət qurumları ilə elmi qurumların əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: