Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov Özbəkistan Respublikasının Daşkənd şəhərində elmi ezamiyyətdə olub.
Ezamiyyət Özbəkistan Respublikasının Fənlər Akademiyası Botanika İnstitutunun baş direktoru, Prof. Dr. Xabibullo Fayzulloyeviç Şomurodovun rəsmi dəvəti və AR ETN Botanika İnstitutunun dəstəyi əsasında baş tutub.
Səfər çərçivəsində alim Özbəkistan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, həmçinin Özbəkistanın Milli Herbariumu və orada saxlanılan Lamiaceae fəsiləsinə aid herbari nümunələri ilə yaxından tanış olub. Özbəkistan florası laboratoriyasının müdiri, akademik Komiljon Tojibayev və Molekulyar filogeniya və biocoğrafiya laboratoriyasının müdiri, Dr. Ziyaddin Yusupov ilə görüş zamanı R.Səlimov Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsində, həmçinin Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasında aparılan tədqiqatlara dair ətraflı məlumat verib.
Görüş zamanı 2023-ci ildə iki ölkə arasında müxtəlif səviyyələrdə möhkəmlənən ikitərəfli əlaqələr çərçivəsində istər Azərbaycanda, istərsə də Özbəkistanda bitki müxtəlifliyinin öyrənilməsi istiqamətində yeni tədqiqatların aparılması, müştərək tədqiqatların və faydalı layihələrin həyata keçirilməsi, institutlar arasında elmi əlaqələrin gücləndirilməsi, gənc tədqiqatçıların təcrübə mübadiləsi və s. imkanlar müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.