Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2024 17:50
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənov, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə iclasda dövlət başçısının Sərəncamı ilə “Şöhrət” ordenilə təltif olunmuş akademik Gövhər Baxşəliyevaya mükafatı təqdim edilib.

İclasda müzakirə olunan ilk məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-nun Baş Qərargahında keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransa Respublikasına səfərinin nəticələri haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında baş tutan beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd  “Divanü lüğat-it Türk”ün dünya mədəniyyətinə, eyni zamanda türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri və abidənin elmi mahiyyətini diqqət mərkəzinə gətirmək olmuşdur. Akademik İsa Həbibbəyli tədbir çərçivəsində Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yenidən çap olunmuş rus dili nəşrinin təqdimatlarının da baş tutduğunu söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli iclasında “Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin çapa hazırlanması və nəşri haqqında” qərar qəbul olunub. Qərarda özbək əsilli Azərbaycan alimi, repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin aşkar edilib tapılması mühüm elmi hadisə kimi dəyərləndirilib. AMEA Rəyasət Heyətinin 5 mart 2024-cü il tarixli iclasında  “Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşri haqqında”  qərarına əsasən isə əsərin türk respublikalarının Elmlər akademiyalarında, digər elm, təhsil və mədəniyyət qurumlarında təqdimatlarının keçirilməsi və kitabın həmin qurumların kitabxanalarına göndərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

AMEA-da hazırlanan nəşrin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Elmlər Akademiyasının 80 illik tarixindəki ən əlamətdar hadisələrdən biri olduğunu deyən akademik İsa Həbibbəyli tədbirin baş tutması istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və onun prezidenti Aktotı Raimkulovanın, həmçinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin səylərini yüksək qiymətləndirib, minnətdarlığını bildirib.

“Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın dörd bölmə üzrə təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO yanında Daimi Nümayəndəliklərinin, eləcə də avropalı türkoloqların iştirak etdiyini diqqətə çatdırıb.

Tədbirin dördüncü bölməsinin özünün moderatorluğunda baş tutduğunu deyən akademik İsa Həbibbəyli burada Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA-da tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmasının nəşrinin təqdimatının keçirildiyini bildirib. Qeyd edib ki, təqdimatda Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin, professor Həsən Həsənovun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyevanın, həmçinin Türkiyə, Fransa, Hollandiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən alimlərin çıxışları dinlənilib.

Akademik İsa Həbibbəyli “Divanü lüğat-it-türk” əsərinin Parisdə təqdimatının keçirilməsinin həm də Türk dünyasına aid bir məsələnin UNESCO səviyyəsinə çıxarılması mənasına gəldiyini, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” sözlərindən irəli gələrək AMEA-da həyata keçirilən işlərin davamı olduğunu söyləyib. Həmçinin Azərbaycan elminin inkişaf səviyyəsinin Avropanın mərkəzindən, UNESCO-nun Baş Qərargahında bütün dünyaya nümayiş etdirildiyini bildirib. AMEA rəhbəri əldə olunan bu uğurun Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsi olduğunu deyib.

Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçıları rəhbərlik etdiyi təşkilat adından salamlayıb. Fondun yaranma tarixi və fəaliyyəti barədə məlumat verən A.Raimkulova qurumun mədəni irsin qorunması və inkişafı istiqamətində bir sıra önəmli layihələr həyata keçirdiyini bildirib. 2024-cü ilin Fondun həyatında məhsuldar il olaraq yadda qaldığını deyən A.Raimkulova Özbəkistanın tamhüquqlu üzv olduğunu, Türkmənistanın isə müşahidəçi üzv qismində qəbul edildiyini diqqətə çatdırıb. Məruzəçi, həmçinin Türk dünyasının strateji birliyinə xidmət edən layihələri, keçirilən tədbirlər, işıq üzü görən nəşrlər, bərpa olunan və gələcəkdə bərpası nəzərdə tutulan abidələr haqqında məlumatı da təqdim edib. Fondun türk mədəni irsinin qorunması istiqamətində gənclər üçün təlimlər təşkil etdiyini, ali təhsil müəssisələrində mədəni irs mərkəzlərinin açıldığını söyləyib.

UNESCO-nun Baş Qərargahında keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransın və nəşrlərin təqdimatının tarixi hadisələrdən olduğunu deyən  Aktotı Raimkulova qeyd edib ki, AMEA-nın Dilçilik İnstitutunun alimlərinin Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin Xalid Səid Xocayevə məxsus əlyazmasını taparaq nəşr etdirməsi Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının birliyinə növbəti töhfəsidir.

Geniş məruzəsindən sonra Aktotı Raimkulova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən rus dilinə tərcümə edilmiş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini akademik İsa Həbibbəyliyə təqdim edib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənov isə çıxışında UNESCO-da Azərbaycan alimlərinin iştirakı ilə keçirilən tədbirin yüksək səviyyədə baş tutduğunu bildirib. Qeyd edib ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşri Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının elminə verdiyi ən yüksək töhfələrdən biridir. Bildirib ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” əsəri ilə türkologiyanın əsasını qoyub, türk xalqlarının qardaşlığına çalışıb. Vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı türk xalqlarının etnik birliyini siyasi birliyə çevirməyə çalışır və AMEA-nın sözügedən nəşri də buna xidmət edir.

Daha sonra qeyd olunan məsələ ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin qərarı səsləndirilib.

İclasda müzakirə edilən növbəti məsələ 2024-cü ilin ikinci yarısı və ilin yekunu üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə AMEA əməkdaşlarının mükafatlandırılması və ilin yekunu üzrə  qaliblərin müəyyən edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın sürətləndirilməsi ilə bağlı mühüm tədbirlər təşkil edir.

Akademik İsa Həbibbəyli Akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indeksləşən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən məqalələrə görə mükafatların verilməsi haqqında qərarın qəbul edildiyini bildirib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri sözügedən qərarı diqqətə çatdırıb, müvafiq materialların elmi müəssisə və təşkilatlardan toplanaraq AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil, “Elektron Akademiya” şöbələri tərəfindən yoxlanılıb təhlil edildikdən sonra ilin ikinci yarısı üçün nəşr olunan məqalələrin, həmçinin 2024-cü il üzrə birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirildiyini bildirib. Diqqətə çatdırıb ki, yerlər müəyyənləşdirilərkən il ərzindəki məqalələrin sayı, həmçinin məqalələrin çap olunduğu jurnalların sonuncu nömrələrinin müvafiq bazalarda indeksləşməsi əsas meyar kimi götürülüb.

Sərxan Xavəri ilin ikinci yarısı üçün Akademiya əməkdaşlarının 43 məqaləsinin Web of Science və Scopus-da indeksləşən elmi jurnallarda dərc edildiyini, ən çox məqaləsi işıq üzü görən alimin isə 6 məqalə ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru dosent Hüseyn Hüseynov olduğunu diqqətə çatdırıb.

Natiq ikinci və üçüncü yerləri tutan alimlərin də adlarını açıqlayıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

İclasda, həmçinin 2024-2026-cı illər üzrə Azərbaycan Milli Elmlər Akademiyası və AMEA-nın Azad Həmkarlar İttifaqı arasında Kollektiv Saziş bağlanıb. Sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinin strukturunda qismən dəyişiklik edilərək “Ədəbiyyat və tarix” şöbəsinin bazasında daxili imkanlar hesabına “Ədəbiyyat və azsaylı xalqların folkloru” və “Tarix, arxeologiya və ertnologiya” şöbələrinin yaradılması haqqında qərar qəbul edilib. Həmçinin tarix üzrə fəlsəfə doktoru Samir Kərimovun AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi təsdiq olunub.

İclasda AMEA-nın akademik-katibi akademik Arif Həşimov 12-14 dekabr 2024-cü il tarixlərində AMEA-nın Gəncə Elmi Bölməsinin illik hesabat müzakirəsinə dair iclasında və akademik Maqsud Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikanın aktual problemləri” adlı beynəlxalq elmi konfransda iştirakına dair, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev isə 2-5 dekabr 2024-cü il tarixlərində Şuşa şəhərində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının həmtəşkilatçılığı ilə İslam Ölkələrinin Gənclərinin iştirakilə keçirilən “Şuşa Gənclər Festivalı” haqqında məlumat veriblər.

Sonda akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini bildirib. Həmçinin qarşıdan gələn əlamətdar günlər münasibətilə Akademiya əməkdaşlarını təbrik edib, uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: