Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2023 20:15
  • A-
  • A
  • A+

Gəncə Bölməsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə Bölməsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə  şəhər  İcra Hakimiyyəti və AMEA-nın Gəncə  Bölməsi tərəfindən 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib.

Toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak edib.

AMEA-nın Gəncə Bölməsinin akt salonunda təşkil olunan dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anılması ilə başlayıb.

Dəyirmi masa müzakirələrində giriş nitqi ilə çıxış edən Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan xalqının öz əzəli torpaqlarının bütövlüyü naminə apardığı haqq işini, onun azadlıq əzmini boğmaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməmiş bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev 1990-cı ilin o ağır hadisəsindən dərhal sonra, yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, baş verənlərlə bağlı xalqımız adından öz kəskin etirazını bəyan etməsini millətimizin öz taleyinə özünün sahib çıxmasına bir çağırış kimi dəyərləndirib. O, həmçinin 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbanlarına şəhidlik statusu verilməsinin Ulu Öndər tərəfindən həyata keçirildiyini, müasir dövrümüzdə də onun layiqli davamçısı, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.

Sonra dəyirmi masada məruzələr dinlənilib.

Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov “Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi qiymət”, Bölmənin İşlər müdiri Rasim Tağıyev “20 Yanvar faciəsi ərəfəsində Gəncədə ictimai-siyasi vəziyyət”, Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri Ruziyə Quliyeva “20 Yanvar hadisələrinin Gəncədə əks-sədası”,  Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun laboratoriya müdiri İmran Qasımov “Ümumxalq hüzn gününə vətəndaş mövqeyi”, Bölmənin İctimaiyyətlə əlaqələr  şöbəsinin müdiri Zakir Muradov “Bakı qırğınından sonra Gəncədə baş verə biləcək faciələrin qarşısının alınmasında ziyalıların rolu”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Əlimuxtar Muxtarov “20 Yanvar - Müstəqilliyə gedən yol”, Bölmənin Elmi katibi Elnur Həsənov “Dövlətçilik tariximizdə 20 Yanvar hadisələrinin əhəmiyyəti”, Bölmənin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “20 Yanvar faciəsinin kitablarda əks olunması”, Bölmənin Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Faciələrimizin gerçəkləşməsində erməni saxtakarlığı bir amil kimi” mövzularında məruzələrlə çıxış ediblər.

Dəyirmi masa müzakirələrində YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşı Kamran Abbasov,  Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Maarif Quliyev və ADAU-nun müəllimi Türkan Əhmədova da fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: