Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaratdı. İlk növbədə, Ermənistanın hərbi mifi darmadağın oldu. Ən əsası, erməni hərbi bandalarının 30 il işğalda saxladıqları torpaqlarımız azadlığına qovuşdu. Bunun ardınca, Azərbaycandan zorla qoparılıb Ermənistana birləşdirilən Zəngəzur ərazisindən dəhlizin verilməsi məsələsi siyasi gündəliyə daxil edildi.
Son vaxtlar isə Zəngəzurdan əlavə, Vedibasardan, Zəngibasardan, İrəvandan, Dərələyəzdən, Göyçədən qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi prinsipial şəkildə qaldırılır və bunun üzərində ciddi iş gedir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qərbi Azərbaycanda boş qalmış, xarabazara çevrilmiş yurd yerlərimizə qayıdışın təmin edilməsi ilə bağlı məsələləri ciddi tapşırıq kimi qarşıya qoyur. Qərbi Azərbaycan İcması təmsilçiləri ilə görüşdə bu məsələ strateji vəzifə kimi müəyyənləşdirildi.
Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi də dövlət başçısının müxtəlif çıxışlarında tarixi həqiqət kimi qabardılır. Əlbəttə, bu, bütövlükdə, Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayətdir. Yüz minlərlə insan zaman-zaman öz dədə-baba yurdundan məcburən çıxarılıb. Bu baxımdan, cənab Prezidentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə vurğuladığı kimi, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasında, 1967-ci il Protokolunda və digər sənədlərdə həmin hüquq aydın əksini tapıb.
Əlbəttə, bu tarixi faktı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ardıcıl və sistemli iş aparılmalıdır. Kütləvi informasiya vasitələri, tarixçilər, araşdırma mərkəzləri siyasi dairələrin məlumatlandırılması istiqamətində tədbirlər görülməlidir. Beynəlxalq hüquq müstəvisində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi addımlar atılmalıdır. Beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbuluna, müzakirələrin təşkilinə nail olmalıyıq. Bundan əlavə, nüfuzlu insan hüquqları təşkilatlarının bu tarixi cinayətlərə qiymət verməsinə, onların hesabatlarında Qərbi Azərbaycandan deportasiya və soyqırımı məsələlərinin öz əksini tapmasına çalışmalıyıq. Bütün bu işlər kompleks şəkildə aparılmalıdır.
Azərbaycan ictimaiyyətində də bu məsələnin unudulmaması, ideoloji hədəf kimi qavranılması, onun tarixi, ictimai-siyasi əhəmiyyətinin düzgün qiymətləndirilməsi istiqmətində iş aparmalıyıq. Mən bu barədə dəfələrlə müsahibələr vermişəm, məqalələr yazmışam. Mənim rəhbərliyimlə AMEA-nın Tarix İnstitutu İrəvan xanlığı kitabını nəşr etdi və bu qiymətli mənbəni dünyanın ən vacib dillərinə tərcümə etdirdik. Bundan sonra bu mövzu ilə bağlı beynəlxalq simpoziumlar təşkil olunmalı, alimlərimiz ciddi məruzələrlə çıxış etməlidirlər.
Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə icmanın yeni binasında görüşərək onların qarşısına mühüm vəzifələr qoydu. Əslində, bu vəzifələr qaçqınlarımızın doğma yurdlarına qayıtmaları üçün müəyyən olunmuş yeni milli-strateji hədəflər idi. Bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə tanıtmaq baxımından inzibati mərkəz rolunu oynayacaq.
Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti olduğu kimi bilməlidir. Biz öz ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik. Qərbi Azərbaycan torpaqları üzərində süni şəkildə yaradılan Ermənistan dövləti bilməlidir ki, bu torpaqların əsl sahibləri onlar deyil və əgər mövcudluqlarını saxlamaq istəyirlərsə, həmin torpaqları vaxtilə qovduqları əsl sahiblərinə qaytarmalıdırlar.
Təəsüflər olsun ki, erməni vandalizmi nəticəsində Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimiz yerlə-yeksan edilmişdir. Soydaşlarımızın tarixi mirası sonadək məhv edilmək üzrədir. Lakin bütün bunlar əbəsdir, sənədlər, xəritələr onların əleyhinə işləyir. Bütün əski xəritələrdə həmin regionda Azərbaycan izini tamlıqla görmək mümkündür. Dövlətimizin başçısı da bu baxımdan qeyd etdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır: bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Qarabağ savaşının qalib Ali Baş Komandanın bu məntiqi və qətiyyəti bizim tezliklə o torpaqlara da qayıdacağımızı labüdləşdirir.
Ermənistan rəhbərliyi unutmamalıdır ki, onların bu gün sahib olduqları dövlət Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bizim tarixi şəhərimiz olan İrəvanın ermənilərə güzəşt edilməsi nəticəsində mümkün olmuşdur. Bəli, tarixi olduğu kimi demək lazımdır. AXC dövrü bizim şanlı tariximizdir. Bunu kimsə dana bilməz. Lakin AXC rəhbərliyinin ciddi yanlışlarından biri də İrəvanın ermənilərə güzəştə getmələri qərarı idi. Bu, qəbulolunmazdır.
2004-cü ildə mən AMEA-nın Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlətimizin başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Dövlətimizin başçısı tarix elminin dərin və əhatəli bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq Prezident İlham Əliyev onu yaradıcılıqla davam etdirir. Ölkə başçısı real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmasına imkan verməyəcək.
Dövlətimizin başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar indi daha da genişləndirilib. İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub.
Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Bu ilin əvvəlində isə Qərbi Azərbaycan şöbəsi yaradıldı. Son illərdə dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. O zaman biz belə bir kitab çap etdik: “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”. Sonra bu kitabı rus və ingilis dillərinə çevirdik.
Əlbəttə, dövr çox ağır idi, şərtlər çox ağır idi. Lakin dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər kimsə hesab edirdisə 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bu, belə olmadı. Ardınca Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərdi ki, bu, çox yanlış, səhv addım idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan. Dövlət başçımız tamamilə haqlıdır.
Prezidentin dediyi kim, bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə, Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu eyni zamanda, böyük ədalətsizlik idi. Bax, bu ədalətsizliyi aradan qaldırmaq, onu dünyaya bəyan etmək istər icmanın, istərsə də bütün vətənpərvər soydaşlarımızın ümdə vəzifələrindən biri olmalıdır.
Mən Milli Məclisin deputatı olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni dəfələrlə parlamentdə səsləndirmişəm. Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün, göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.
Bununla biz həm də erməni separatizminə də böyük zərbə vura bilərik. Çünki erməni revanşistlər tarixə boylanarkən heç bir sənədin onların lehinə olduğu ilə qarşılaşmayacaqlar. Əksinə, onların bu torpaqlarda heç bir siyasi, mənəvi hüquqlarının olmadıqlarını görəcəklər. Bu baxımdan, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi zamanın tələbidir və bu, ermənilər üçün qaçılmaz reallıqdır. Azərbaycan alimləri, ictimaiyyət nümayəndələri - hər kəs bu məsələdə dövlətimizin, Prezidentimizin yanında olmalı, ona dəstək verməlidir. Bu, milli birlik, milli qeyrət məsələsidir.
Yaqub MAHMUDOV, AMEA-nın həqiqi üzvü, professor