Beşinci məqalə
(ixtisarla)
XXI əsr.Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq “dövrünün” ∞-“Infinity” si
XXI əsrin 2008-ci ili. Bu təqvim alimin yenə - 1931-ci ildən sonra birbaşa doğma vətəni Azərbaycana gəldiyi ildir. 2008-ə qədər 77 yaşanan ömür, 63 illik gərgin emi fəaliyyət, şöhrət zivəsinə qədər qarşılaşdığı çoxsaylı problemlər... Əlbəttə, o, seçilmişlərdəndi. Həyat onu çətinliklərlə sınadığı kimi sevindirirdi də. Onun fəth etdiyi elm vardı. Onun nümunəvi ailəsi vardı. Onun kəşvləri ilə yaranmış və dünyada tanınan brendlər var idi ki, milyonlarla insana fayda verirdi. Beləcə Lütf Zadə Azərbaycandan gedəndə həm 10 yaşında, - balaca bir oğlandı, vətəninə dönəndə isə dağ boyda insandı, dahi alimdi.
Gedərkən heç kim onu tanımırdı və heç kim də gedişindən xəbər tutmamışdı. Qayıdarkən isə milyonlar bildi – “Lütfi Zadə gəlib” - dünya şöhrtli həmvətənlimiz gəlib”... necə də fərəhverici hissdir.
Beləliklə, Lütfi Zadə 2008-ci il 11-14 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda təşkil olunmuş “Bakutel 2008” 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və konfransında iştirak etmək üçün Azərbaycana dəvət edilib. Əvvəlcə, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin əhəmiyyəti və aktuallığı haqqında bütün dünyada tanınan “Amerikanın səsi” radiosunun yayımladığı geniş məlumatdan qısa bir şərhlə tanış olaq: “Sərgidə dünyanın 21 ölkəsindən 100-dən çox şirkət iştirak edir. Ekspozisiyalarda telekommunikasiya və şəbəkələr, geniş zolaqlı rabitə və texnologiyalar, simli və simsiz rabitə, peyk əlaqəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, elektron biznes və elektron hökumət mövzularına dair məhsullar və xidmətlər təqdim olunub. Sərginin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. O bu tipli tədbirlərin ölkədə qeyri-neft sektorunun inkişafında böyük rol oynadığını vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biri də İnformasiya Kommunikasiya Texnologiyaları sahəsidir”.
Məlumatda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun da fikirlərinə yer verilmiş və təşkil olunmuş Beynəlxalq tədbirin əhəmiyyəti onun şərhində əsaslandırılmışdır: “Sərginin Bakıda keçirilməsinin əsas səbəbinin regionda, xüsusən Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı olduğunu bildirib. Onun sözlərinə görə, Davos İqtisadi Forumunun “Texnoloji inkişaf” hesabatına əsasən, hazırda Azərbaycan bu sahədə inkişaf sürətinə görə MDB məkanında birinci, dünyada isə 127 ölkə arasında 67-ci yeri tutur. Nazirin fikrincə, sərgini fərqləndirən əsas cəhətlərdən biri peyk rabitəsi sektoruna marağın artmasıdır. Hazırda Azərbaycan kosmik sənayenin formalaşması mərhələsindədir. Orbitə milli telekommunikasiya peyklərinin buraxılması planlaşdırılır ki, bu da ölkədə yüksək texnologiyaların geniş tətbiqinə təkan verəcək. Cənab Abbasov dünyada informasiya texnologiyaları sahəsində ciddi canlanmanın müşahidə edildiyini də diqqətə çatdırıb. O regional elektron bazarın yaranmasında sərginin mühüm rolunu qeyd edib. Nazirin fikrincə, regional elektron bazarın yaranması dünyada rəqabət mühitini yaxşılaşdırar, qiymətlərə təsir edər. Sərgidə “Microsoft” şirkətinin pavilyonunda ilk dəfə olaraq “Windows XP” proqramının Azərbaycan dilində olan variantı nümayiş etdirilib. Bildirilib ki, şirkət Azərbaycanın rabitə və informasiya texnologiyaları, təhsil nazirlikləri ilə birgə daha bir neçə layihə üzərində işləyir”.
Azərbaycanda informatikanın 50 illiyinə həsr olunmuş “Azərbaycanda İnformatikanın Təşəkkülü” kitabında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz bu sərgi və konfransda dünya şöhrətli alim Lütfi Zadəni qəbul etdiyi. Onlar srasında fikir mübadiləsi olduğu öz əksini tapmışdır. Əsərdə o da vurğulanmışdır ki, “Görkəmli alim Bakını regional kommunikasiya və informasiya texnologiyaları mərkəzinə, Azərbaycanı isə infosentrik cəmiyyətə keçiddə liderə çevirmək istiqamətində aparılan uğurlu fəaliyyəti çox yüksək qiymətləndirmişdir”.
Onu da qeyd edək ki, beynəlxalq tədbirdə “Transmilli Avrasiya İnformasiya Supermagistralı haqda Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə görüş iştirakçıları yüksək səviyyəli səhiyyə, sosial-iqtisadi inkişaf və demokratiyanın təmin edilməsi məqsədilə qlobal informasiya infrastrukturlarının yaradılması zərurətini təsdiq edib, cəmiyyətdə kompüter savadı, rabitə, kompüter texnikası, elektronika və media olmadığına görə informasiya əldə etmək imkanı sahəsində bərabərsizliyə qarşı fəal addımlar atmaq zərurətini vurğulayıb”. Bu yekun qərarda Lütfi Zadənin fikir izləri aydın görünməkdədir.
Lütfi Zadənin 2008-ci ildə Azərbaycana səfərinin mənəvi tərəfinə gəlincə bu dahi alimin doğma Vətənin 43 il sonra həm də ömrünün 87-ci ilində 2-ci gəlişi idi. Bizdə atalar məsəli var, belə hallarda deyərlər ki, “Allah gec elər, güc elər”. Lütfi Zadəyə də Azərbaycanın aydın səması üzərində üçrəngli bayrağının qürurla dalğalandığı müstəqil Azərbaycan Respublikası dövründə gəlmək nəsib oldu. Konkretlik üçün deyək ki, 96 il ömür sürmüş Lütfi Zadə vətənində cəmi 2 dəfə - 1965-ci ildə və 2008-ci ildə olmuşdur. 2010-cu ildə səhhətində yaranan ciddi problemlərlə bağlı ona təyyarəyə minməyə icazə verilmədiyi üçün o təxminən 80 il xəyallarında görüşdüyü Azərbaycana bir daha gələ bilməmiş, ancaq əbədi qovuşmaq arzusu ilə Azərbaycada dəfn olunmaq vəsiyyətini etmişdir. Bu isə onun azərbaycançılıq “dövrünün” və həm də azərbaycançılıq hissi əbədiliyi və sonsuzluğu deməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat orqanı olan “Elm” qəzeti 2008-ci il 17 noyabr tarixli sayında Azərbaycandan dünyaya pərvazlanmış, hər zaman və hər yerdə Azərbaycanda doğulduğunu fəxrlə söyləmiş, ürəyində daima öz doğma vətəninə və xalqına böyük sevgi hissləri daşımış dünya şöhrətli riyaziyyatçı alim, qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə mühüm töhfələr vermiş, NATO və NASA-nın aparıcı mütəxəssisi, ABŞ-ın Berkli Universitetinin ömürlük professoru, dünyaşöhrətli alim Lütfi Zadənin ziyalılar məbədi AMEA-da qonaq olmasından geniş məqalə dərc etmişdir.
“AMEA Rəyasət Heyətində dünya şöhrətli alim Lütfi Zadə ilə görüş keçirilib” sərlövhəli bu yazıda qeyd olunur ki, görkəmli alim Lütfi Zadəyə AMEA-nın xarici üzvü diplomu təqdim edilib. Bundan başqa, tarixi məqalədə 43 illik ayrılıqdan sonra ilk dəfə doğma vətəninə səfər edən Lütfi Zadənin əvvəlcə Azərbaycan alimləri ilə görüşdüyü, onlarla birlikdə Fəxri Xiyabana gedərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə əklillər və gül dəstələri qoymduğu və alimin tərcümeyi-halı geniş şərh olunur.
Məşhur alim Lütfi Zadənin “Elm” qəzetinin bu məqaləsindən gətirəcəyimiz bir sitat Lütfi Zadənin Azərbaycan dövrünün əhəmiyyətini dolğun ifadə edir. Qəzet yazır: "Mərasimdə çıxış edən Lütfi Zadə ilk növbədə ona göstərilən böyük diqqət və hörmətə görə Azərbaycan hökumətinə və elm adamlarına minnətdarlığını bildirib. Görkəmli alim Azərbaycan xalqı ilə fəxr etdiyini vurğulayıb. Mərasimdə çıxış edən Lütfi Zadə ilk növbədə ona göstərilən böyük diqqətə və ehtirama görə Azərbaycan hökumətinə və elm xadimlərinə təşəkkürünü bildirdi. Görkəmli alim Azərbaycan xalqı ilə fəxr etdiyini və qürur duyduğunu vurğuladı. O, ölkənin sosial-iqtisadi, mədəni sahələrində aparılan məqsədyönlü işlər nəticəsində Azərbaycanın milli tərəqqiyə nail olmasının, müstəqil respublikamızın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olduğunu qeyd etdi. Azərbaycanın onun təsəvvür etmədiyi dərəcədə dəyişdiyini, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirdi. Alim Azərbaycan alimlərinin son illər dünyanın bir sıra elm müəssisələrindəki uğurlarından da söhbət açdı, elmimizin dünyaya inteqrasiyasının təqdirəlayiq olduğunu diqqətə çatdırdı” .
Vətənində, öz həmvətənləri, eyni zamanda alim-ziyalı həmkarları ilə görüşdə söylədiyi nitq onun Azərbaycanla bağlı həsrətinə də işıq salır: “Mən Bakıdan çıxanda on yaşım var idi. Axırıncı dəfə uzun illər bundan əvvəl - 1965-ci ildə Bakıda olmuşam. İndi mənə öz hisslərimi vətəndə ifadə etmək çox çətindir. Yaxın dostlarım arasında olmaqdan, bu səmimi münasibətdən çox məmnunam. Azərbaycanda indi baş verənlər məndə müsbət təəssüratlar oyadır. Elmə və mədəniyyətə böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir və onun parlaq gələcəyi olacaqdır. Bakı dəyişilib, daha da gözəlləşib, yeni binalar tikilibdir. Mən bu uğurlara görə dostlarıma, Azərbaycan xalqına, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm, buna görə onları təbrik edirəm. Əminliklə bildirmək istəyirəm ki, bizi irəlidə parlaq gələcək gözləyir”.
Bu səfər çərçivəsində öz kəşfləri ilə dünya elmi fikrinə və milyonlarla insana faydalı olmuş Lütfi Zadəyə Nobel mükafatının verilməsi məsələsi AMEA alimləri tərəfindən gündəmə gətirilmiş və Azərbaycan Lütfi Zadəyə sahiblik hissi ilə onun Nobel mükafatına namizədliyini irəli sürmüşdür.
Diqqətimizi bir az da artırsaq, aydın olur ki, dahi alimə layiq olduğu dəyəri sonrakı illərdə də ən çox vətəni Azərbaycan Respublikası vermişdir. Məsələn, ona 7 fevral 2011-ci ildə - elm və texnologiyanın inkişafına verdiyi töhfə ilə mədəniyyətlərarası dialoqun qurulmasında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni, 2012-ci ildə BBVA Foundation Frontiers of Knowledge Awards (“Bilik Hüdudları Mükafatı”), 2016-cı ildə “Azərbaycan Respublikasının mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə öz vətəndaşları və əcnəbilər üçün ildə bir dəfə sağlığında təltif edilməsi məqsədilə təsis edilmiş Nizami Gəncəvi adına Qızıl medal”ı verilmişdir.
Burada, xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev alimin SSRİ-ilə əlaqələrinin yaranıb sürətlə inkişaf etdiyi illərdə Azərbaycan KP-nın rəhbərliyinə gəlmişdi. Təbii o, bu mərhələdə SSRİ-nin qərarlarından, planlarından uzaqda idi. Lakin bu, tarixi təsdiqini tapmış bir həqiqətdir ki, Heydər Əliyev elə bir şəxsiyyət olmuşdur ki, diqqətindən nöqtə belə heç vaxt yayına bilməzdi. Heydər Əliyevin alimlərə, yaradıcı şəxslərə - ziyalılara hörməti, qayğısı isə xüsusi bir mövzudur. Onun dünya boyunca dostları olmuşdur. Siyasi liderlərdən sənətkarlara kimi, alimlər də bu müstəvidə ayrıca dəyər kəsb etmişlər. Bu baxımdan dünya dahisi Lütfi Zadəyə publisist, nasir Möhbəddin Səmədin 1998-ci ildə həsr etdiyi 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filmindən, həmçinin onun (2000) türk, rus dillərində çap olunmuş "Dünya dahilərsiz yaşaya bilmir" kitabından heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin (2000) xəbəri olmuşdur.
Heydər Əliiyev əbədiyyətə qovuşduqdan sonra onun siyasi idarəçilik yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasi liderlik strategiyasında ənənələrə hörmət missiyasını uca tutmuşdur.Bunun bariz nümunələrindən biri də məhz Azərbaycandan dünyaya ucalmış dahi alim Lütfi Zadəyə, onun elmi fəaliyyətinə diqqətli münasibətidir.
Lütfi Zadənin 100 illik yubiley tədbirləri cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində təntənəli surətdə keçirilmiş, alimin adı layiqincə əbədiləşdirilmişdir. 2008-ci ildən başlayaraq Lütfi Zadə cismən uzaqlarda olsa da ruhən daim Azərbaycanda olmuşdur. Onu daimi olaraq Azərbaycandan aldığı xoş xəbərlər sevindirmişdir. Dahi alim Lütfi Zadə Azərbaycanın hökumət nümayəndələri ilə ünsiyyət yaratmış, onlarla yazışmış, ölkənin təntənəli mərasimlərində əlaqə yaradaraq öz isti münasibətini bildirmişdir. “Bilik Hüdudları Mükafat”larına layiq görülmüşdür.
Bundan başqa, uzun illər ABŞ-da Lütfi Zadənin kafedrasında çalışmış, dahi alimlə ailəvi dost olmuş, ailənin bir üzvü kimi dahi alimin xüsusi hədiyyəsini almış professor Şahnaz Şahbazovanın “Fuzzy logic and its applications”, Fuad Qurbanovun “Lütfi Zadə - 95” kitablarını, o sırada Şahnaz Şahbazovanın təşkilatçılığı ilə ABŞ-ın Berkli Kaliforniya Universitetində alimin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Qeyri-səlis məntiq və qeyrisəlis çoxluqlar” mövzusunda simpoziumu, ADA Universitetinin “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü İEEE Beynəlxalq Konfransı” (AİST 2019), mayda alimin elmi irsinə həsr olunmuş “soft computing” üzrə yeddinci beynəlxalq elmi konfransı, professor Rafiq Əliyevin Lütfi Zadə ilə birlikdə yazdığı "Fuzzy logic theory and applications" (Qeyri-səlis məntiq-nəzəriyyə və tətbiqetmələr) kitabı məşhur elm nəşriyyatı "World Scientific"-nin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlının “Fuzzy-logic based material selection and synthesis” kitabını nüfuzlu “World Scientific” beynəlxalq elmi nəşriyyatının dərc etməsini, Bakı Şəhərində Telnov küçəsinin adı dəyişdirilərək Lütfi Zadə küçəsi adlandırılmasını, xalq rəssamı Ömər Eldarovun alimin qəbirüstü abidəsini yaratmasını, habelə, ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə ali məktəbdə keçirilən “Akademik Mükəmməllik Günü”ndə əlaçı tələbələr üçün Lütfi Zadə adına təqaüd təsis edilməsini, yuxarıda qeyd etdiyimiz kimi Möhbəddin Səmədin 1998-ci ildə həsr etdiyi 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filmindən, həmçinin onun (2000) türk, rus dillərində çap olunmuş "Dünya dahilərsiz yaşaya bilmir" kitabını, həmçinin “Bizim Lütfi Zadə” adlı qısametrajlı sənədli filmini Azərbaycan əsilli akademik Asif Hacıyevin prezidenti olduğu Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasını, şərəfinə yaradılmış Avrasiya Universitetini, habelə bu əsərin müəllifinin də Amerikada, Pakistanda, Polşada çap olunmuş “History, Methodology and Hypothesis of Artificial Intelligence”, “Lotfi A. Zadeh phenomenon in the development of the world artificial intelligence (Aİ) system. LOTFIZADEH - 100 years old”, “Issues of Progressive and Regressive Development of The Philosophy of Artificial Intelligence” məqalələri daxil olmaqla, çoxsaylı məqalələri, həmçinin adı ilə bağlı təşkil olunmuş beynəlxalq konfransları, google təqdimatını, poçt markası təsis edilməsini və s. göstərmək olar.
2021-ci ilin 25 yanvar tarxində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamı da dahi alimə Azərbaycanda verilən yüksək dəyərdir. Sərəncamın məzmunu Lütfi Zadənin dünya şöhrətini belə əsaslandırır: 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb”.
Bunlar, bu görülmüş işlər Azərbaycançılıq adlanan bir ideologiyanın əsas məzmunundan irəli gəlir.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycançılıq kimi tarixi ənənəni müdrik kəlamı ilə bütün dünyaya belə bəyan etmişdir: “Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Bax beləcə, dünyaşöhrətli alim Lütfi Zadə də son nəfəsə qədər şüurlu ömrünün hər dövründə - sevincli olduğunda da, kədərli vaxtlarında da, uğurlarının dünyanı yerindən tərpədən illərində də, rəqiblərinin hücumları ilə üzbəüz qaldıqda da, gəncliyində də, kamillik zamanında da, nəyayət dəcəl uşalıq və ahıllıq çağlarında da Azərbaycanı sevib, Azərbaycanla qürur duyub! Qəlbində də, dilində də Azərbaycan olub. Haqqında müxtəlif dillərdə olan Vikipediya məqalələrində Azərbaycanda doğulduğunu, onun alim kimi yetişməsinə Azərbaycanda - Bakıda ilk ibtidai təhsilinin böyük təsirini vurğulayıb. Ətrafında ulduz-ulduz görünən Azərbaycandan olanların “başına dolanıb”, əlindən gələni onlar üçün edib və hətta varidatından da onlara “paylar” düşünüb.
Azərbaycançılıq ideologiyasında hamı və bütün məqsədlər Azərbaycan Bayrağı altında birləşib. Azərbaycanın dövlət maraqları xalqın iradəsini, xalq dövlətin qərarını qəbul edir. Bu baxımdan dünyaşöhrətli alim Lütfi Zadə Azərbaycandan çox uzaqlarda yaşasa özdemokratikliyi və milli mentalitet hissləri ilə azərbaycançılıq ideologiyasını dərk edərək qəbul etdi, hətta dəstəklədi. Azərbaycanın gələcəyinə böyük inamını ifadə etdi.
Biz Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq "dövrünə" həsr olunmuş bu fəsli yekunlaşdırarkən onun anasının Feyga (Fanya) Moiseevna Korenman yəhudi olduğunu, ancaq Lütfi Zadayə vətən hissini unutdurmadığını, əksinə yeganə övladına Azərbaycanı sevdirdiyini xatırlatmaq yerinə düşər. Belə ki, Lütfi Zadə ailəsi Azərbaycandan İrana ordan ABŞ və s. ölkələrə getsə də, son nəfəsə qədər azərbaycançılıq ideyasına, hətta Azərbaycan milli mentalitetinə bağlı olmuşdur. Bunun bir elementar sübutu Lütfi Zadənin oğul övladına Azərbaycan kişi adlarından Nəriman adını qoyması ilə izah olunur. Nəriman adının mənası güclü, cəsur, qəhrəman deməkdir və bu hiss dünyanın ən çox türk millətinə aiddir. Qədim türklər oğul övladlarına yanız adı onun böyük bir qəhrəmanlıq, şücaət göstərməsindən sonra verirmişlər. Belə bir atalar sözü vardır Azərbaycanda, körpəyə "adınla böyüyəsən", - deyirlər...
Eləcə də, Lütfi Zadənin həyat yoldaşı - 70 il birlikdə yaşadığı, milliyyətcə yəhudi olan Fay Zadə də ailədə Azərbaycan adət-ənənələrinə, azərbaycançılıq ənənələrinə hörmətlə yanaşıb. Bunlar bir tərəfdən əsasən Lütfi Zadənin Azərbaycan milli mentalitetindən irəli gəlirdi. Genetik-psixoloji kimliyin yaddaşını təsdiqləyir. Bütün bunlar təbii ki, azərbaycançılıq hissinin qələbəsi kimi dərin məna və mahiyyət kəsb edir.
Alimin ən böyük azərbaycanlı olmasını onun vəsiyyəti də sübut edir və bu daha güclü sübutdur. Beləki, bu azərbaycançılıq tarixi ənənəsinin bariz nümunəsidir. Çünki dahi alim əbədi yatmaq üçün 70 il yaşadığı ABŞ-ı deyil, Azərbaycanı seçib. O Azərbaycanda uşaqlıq illərində yaşayıb. Daha dəqiq desək, 10 il yaşında ailəvi olaraq İrana köç ediblər.
Gəlin, dahi alimin Azərbaycanda əbədiyyətə qovuşmaq qərarına oğlu Nəriman (Norman) Zadənin şərhi ilə tanış olaq: “O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır... O, Azərbaycanı çox sevir. Əgər o, uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayarkən Azərbaycanda dəfn olunmaq istəyirsə, deməli, Azərbaycana bağlıdır. Onun həyatı haqqında dərindən düşünməyə çox vaxtı olub. Atam ABŞ-ı çox sevir, amma əminəm ki, o, Azərbaycanı daha çox sevir”.
Lütfi Zadə Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı ilə təsdiq etdi. Bu isə Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si” - sonsuzluğudur.
PS. Növbəti məqalədə “Lütfi Zadənin o taydakı Azərbaycan (Tehran) dövrü” təhlil olunub dəyərləndiriləcək.
Davamı olacaq
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.