Gənclər cəmiyyətin gücünü, müqavimətini təşkil edən ən əsas təbəqə olub dövlətin qorunmasında mühüm rol oynayırlar. Gənclik həm də bir cəmiyyətin, millətin, dövlətin, etnik qrupun gələcəyidir.
Azərbaycan gəncliyi hər zaman ölkədə gedən proseslərdə öz aktivliyi ilə fərqlənərək, siyasi, iqtisadi, humanitar, sosial sahələrdə həyata keçirilmiş bütün fəaliyyətlərdə aparıcı olub.
Gənclik vətəni dərk edib hiss etmək, qorumaqdır, gələcəyə, işıqlı sabaha addımlayan yoldur. Gənclik elm, təhsil, hörmət, şərəf, haqq ədalət, mənəviyyatdır. Gənclik dünən, bu gün, sabahdır. Gəncliyi birləşdirən isə birlik, güc və inamdır.
Öz dövlətinin ərazi bütövlüyünün təmin olunması, güclənməsi yolunda xidmətinə, elm sahəsində fəaliyyətinə görə xüsusi bir günün təsis olunması Azərbaycan gəncliyinin haqqı idi.
Kim deyirsə müharibə bitdi, ordu yaddan çıxdı, bax o, kəslər böyük bir səhvə yol verirlər. Ürəyi vətənlə döyünən hər kəs, bu gündə ordusunun yanındadır və daim də yanında olacaq, yetər ki, Allah onları qorusun.
Ön cəbhə xətti üzrə böyüklərlə bərabər körpə fidanlarımız və gənclərimizlə ordu arasında sevgi körpüsü yaradılmışdır. Sevgi körpüsü növbəti dəfə Kəlbəcərdə quruldu. Gənclər günü münasibətilə, dostlarımın maddi, mənəvi və fiziki dəstəyi ilə körpə fidanlar və tələbələrlə əsgərlərimiz arasında sevgi körpüsünü qurmaqda mənim də payım var.
Bizlər adətən Azərbaycan tarixinin qəhrəman oğullarından danışarkən Koroğlu, Babək, Qaçaq Nəbi, Mehdi Hüseynzadə və başqalarını nümunə göstəririk. Ancaq Azərbaycanın son 32 illlik tarixinə nəzər salmaqla gəncliyin qüdrətini, gücünü və dövlətinə münasibətini görmək mümkündür.
Azərbaycanın Qarabağ bölgəsinin böyük bir hissəsini Ermənistan işğalından təmizləyən gənclik torpağına, dövlətinə bağlılıqla öz ulularından geri qalmadıqlarını sübut etdilər. Azərbaycan gəncliyi gücünü, Vətənə, torpağına, dövlətinə sevgisini 44 günlük döyüşlərdə dostlara və düşmənlərə, dünyaya göstərdi. Mübariz İbrahimov, Polad Həşimov və onların döyüş yoldaşları yeni və gələcək nəsillər üçün örnəkdirlər. Onlar şəriksiz olaraq Azərbaycan gəncliyinin təmsilçilərdir.
Gənclik yalnız işğalçını, düşməni torpaqlarından qovmaqda fərqlənmir. Dövlətin ərazi bütövlüyünün təminində, onun inkişafında, quruculuğunda, müasirləşməsində gəncliyin rolu əvəzsizdir.
Dövlət öz gücünü xalq, Prezident və ordunun vəhdətindən, birliyindən alır. Azərbaycanda ordu xalqa, xalq orduya, dövlət başçısına dayaqdır. Dövlətin əsas qoruyucusu vətəndaş və bütövlükdə cəmiyyətdir.
Cəmiyyətdəki bütün insanların fərdi, qrup və ya partiya maraqları qorunmalıdır, lakin bu maraqlar da dövlət maraqlarının qorunması çərçivəsindən kənara çıxmamalıdır. Biz, ilk növbədə, dövləti və onun maraqlarını qorumalıyıq ki, güclü dövlət də vətəndaşının maraqlarını qorunsun. Hər kəs əlini daşın altına qoymalı, hər vətəndaş əlindən gələn köməyi göstərməlidir. Bütün problemlərin həllini dövlət başçısından gözləmək olmaz. Vətəndaş olaraq biz də daim dəstəyimizi göstərməliyik.
“Gənclərimiz dövlət maraqlarını hər şeydən üstün tutmalı, milli ruhda tərbiyə olunmalıdır”.
Prezident İlham Əliyevin bu fikrini əsas gətirərək deyə bilərik ki, müasir çağırışlara cavab verən gənclər siyasətinin təməlində gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli dövlətçilik ruhunda tərbiyyəsi dayanır. Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş və qazi olmuş vətən övladlarının əksəriyyətinin gənclərdən ibarət olması, Azərbaycanda aparılan məqsədyönlü gənclər siyasətinin göstəricisidir. Yeni dünya düzəninin reallıqlarına cavab vermək, sürətlə artan rəqabətlilik mühitinin çətinliklərinə sinə gərmək, Azərbaycanın inkişafına töhfə vermək gənclərinin əsas vəzifələrindəndən sayılır.
Əminliklə qeyd edə bilərik ki, müasir gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstəyin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə və istedadına inam hissi artıb.
Öz torpağına bağlı, elmli, mədəni, müasir dünyagörüşlü, daim axtarışlar edən, yenilikçi gəncliyi olan dövlət əbədidir. Müasir Azərbaycan gəncliyi də bu yoldadır.
Mərhum ideoloq Əli bəy Hüseynzadə “Avropanın beynini həzm edək, onun mədəsində həzm olmayaq” deyib. Yeni nəsil bu vəsiyyətə ləyaqətlə əməl edir. Hazırda dünyanın ən aparıcı universitetlərində təhsil alan, fəaliyyət göstərən Azərbaycan gəncləri öz torpağına, vətəninə, dövlətinə bağlılığı unutmur.
Körpələrimiz bu gəncliyin körpüləri ilə addımlayaraq işıqlı Azərbaycana doğru gedirlər. Bizlər onları yüksək vətənpərvərlik ruhunda yetişdirməli, onlar üçün örnək olmalıyıq, necə ki, ulularımız bizə örnək olmuşdur.
Allah Azərbaycanı və Azərbaycanı sevənləri, qoruyanları qorusun. Allah şəhidlərimizin cənnətini mübarək, qazilərimizin canını sağ, ordumuzu var etsin!
Xalqla ordu arasında yaranmış sevgi körpüsündə mənə maddi, mənəvi, fiziki dəstək olan hər kəsə təşəkkür edirəm. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Yaşasın Azərbaycan!
Rəqsanə ƏKBƏRQIZI, AMEA-nın vitse-prezidentinin köməkçisi, yer elmləri üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.