Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA-da gənclərin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli iş şəraiti yaradılıb
02.02.2023 17:42
  • A-
  • A
  • A+

AMEA-da gənclərin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli iş şəraiti yaradılıb

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz fəallığı ilə seçilir. Gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməllərlə qoyulmuş gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncama əsasən, bu tarix Azərbaycan Gəncləri Günü elan edilib. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlamış, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Gənclər Günü məhz Azərbaycanda hər il qeyd edilməyə başlamışdır. Həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlanıb və bu günədək gənclərin fəaliyyəti dövlətin daim diqqət mərkəzində olub.

Bu fikirləri AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova deyib. O bildirib ki, ölkəmizdə dövlət gənclər siyasəti sahəsində əldə olunan uğurlar gənclərin aparıcı qüvvəyə çevrilməsinə şərait yaradır. Gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayır, elm sahəsində böyük nailiyyətlər qazanırlar. Gənc alimlərimiz müxtəlif sahələrdə elmi potensialımızı gücləndirirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Elm Fondu, Azərbaycan Gənclər Fondu vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Ölkənin gənclər və elm siyasətinə sadiq olaraq AMEA-da gənc alim və mütəxəssislərin tədqiqat və araşdırmalarını müasir səviyyədə həyata keçirməsi üçün mühüm addımlar atılıb. Akademiyada gənclərin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli iş şəraiti mövcuddur. Gənclər Akademiyada müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda çalışmaqla yanaşı, xaricdə də beynəlxalq təcrübəkeçmə proqramlarında iştirak edirlər. AMEA üçün ayrılmış xüsusi vəsait hesabına yaradılmış proqramlar, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi, Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı əsasında onlarla gənc xaricdə tədqiqatlar aparma imkanları qazanmışdır.

“Fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə həyata keçirilən işlər və əldə olunan nəticələr baxımından da akademiya ön plandadır. AMEA-da fəaliyyət göstərən gənc tədqiqatçılar öz növbəsində onlar üçün yaradılmış imkanlardan səmərəli istifadə edir, tədqiqat işlərinin nəticələrini yerli və xarici jurnallarda, o cümlədən “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap etdirirlər. Akademiya elm və təhsilin inteqrasiyası istiqamətində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. AMEA-da elm və təhsil vəhdət şəkildə inkişafı istiqamətində atılan mühüm addımların nəticəsidir ki, bu gün magistraturaya qəbul imtahanlarında ən yüksək ballar toplayan gənclərin seçimi Azərbaycan Milli Elmlər Akademiyası olur. AMEA rəhbərliyi də magistrlərə yüksək təminatlı və təchizatlı təhsil və tədqiqat imkanları yaratmaqla yanaşı, magistrlərin sosial rifah halının yüksəldilməsi istiqamətində də mühüm işlər görüb. Bütün bu görülən tədbirlərin məntiqi nəticəsidir ki, ildən-ilə gənclərin Akademiyaya, elmə marağı artır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri dövlətimizin onlara göstərdiyi diqqət və qayğını Vətənə, xalqa tükənməz məhəbbətləri, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə bəxş edəcəkləri layiqli töhfələrlə doğruldacaqlar. AMEA gəncləri olaraq bu şərəfli yolda qarşımızda duran tapşırıq və layihələri ən yüksək səviyyədə icra edəcəyimizə əminik”, - deyə N.Qəhrəmanova bildirib.

AzərTac

  • Paylaş: