İndi buna az adam təəccüblənər ki, necə oldu 5-10 ilin içərisində xüsusi qabiliyyətləri və hünərləri ilə seçilməyən kimsə sözün birbaşa mənasında məhz ildırım sürəti ilə ən aşağı rütbədən generallığa yüksəldi. Ya dünənəcən tanınmayan-bilinməyən, xüsusi təcrübəsi olmayan bir başqası qəfilcə dönüb oldu nazir, ya böyük elmdə qətiyyən imzası görünməyən bir adamdan tələm-tələsik akademik yapıldı və nə qədər belə-belə umulmazlıqlar.
Amma 1967-ci ildə vur-tut 11 il əvvəl kapitan olan Heydər Əliyevin xüsusi xidmət orqanlarında qulluq edən ilk azərbaycanlı zabit kimi general-mayor rütbəsinə yüksəlməsi sadəcə təəccüb deyil, heyrət oyadırdı.
Həm də yalnız ona görə yox ki, bu, Azərbaycan üçün bir ilk idi.
İş ondadır ki, Sovet İttifaqının Dövlət Təhlükəsizliyi şəbəkəsində çalışan zabitlərin rütbə yüksəlişləri müəyyən zaman məsafələrinə tabe edilmişdi və növbədənkənar irəliləmə bütün karyera boyu bir, ya uzaqbaşı iki dəfə baş tuturdu.
Heydər Əliyevə isə belə qibtədoğurucu sürətlə nəsib olmuş ucalış həmin sahəyə bələd olan hər kəsə pıçıldayırdı ki, demək, bu şəxs qeyri-adidir. Fövqəladə xidmətləri var ki, onu bu sahədə nadir hallarda təsadüf edilən belə irəliləyişə layiq görüblər.
O müstəsna xidmətlər nədən ibarətmiş, indiyəcən ayrıntıları ilə əksəriyyətə bəlli deyil. Çünki işin özü elə idi, məxfilik bu xidmətin ayrılmaz yol yoldaşı idi. Lakin zaman ötəndən sonra o xidmətlərin bir qismindən bəhs etmək mümkünləşsə də, yəqin ki, bir çoxları hələ onillərcə qapalı qalacaq, ya da bəlkə axıracan o şücaətlərdən geniş ictimaiyyət xəbər tutmayacaq. Yalnız Dövlət Təhlükəsizliyi Xidmətində çalışan tək-tək əməkdaşlar sirli qovluqları vərəqləyərək həqiqətlərdən hali olacaq, oxuduqlarından qürur duyacaq, ancaq bildiklərini də kimsəylə bölüşə bilməyəcəklər.
Neyləməli, bu da kəşfiyyatçıların taleyidir.
Lakin hər halda mən çalışacağam ki, heç olmazsa indi üzə çıxarılması mümkün olanların bir hissəsini sükutdan xilas edim və xalq da öz istedadlı övladı Heydər Əliyevin qüdrətli varlığının indiyədək gün işığına çıxarılmamış bir çox parlaq tərəflərindən xəbərdar olsun.
...O gəmi İrandan Bakıya ilk səfərlərini edəndə 1937-ci il idi, Heydər Əliyev yeniyetmə idi, 13-14 yaşı vardı və hələ çekist kimi doğulmasına çox qalırdı.
Xəzər sularında üzən və ona həvalə edilmiş yük aparıb-gətirmə vəzifəsini yerinə yetirə-yetirə əl altından bir para örtülü işlərə rəvac verən həmin gəmi və gəmidəkilərlə Heydər Əliyevin yolu on beş ildən də bir az sonra kəsişəcək.
Hələliksə 1940-cı il idi və Moskvadan Bakıya, NKVD-yə - Xalq Daxili İşlər Komissarlığına tam məxfi məzmunlu məktub göndərilmişdi ki, ayıq olun, yaxın günlərdə Bakı limanında lövbər atacaq "Port Pəhləvi" gəmisi nə qədər ticari məqsədlidirsə, bir o qədər də kəşfiyyat niyyətlidir.
Moskva əldə olunmuş əməliyyat məlumatlarına əsasən xəbərdar edirdi ki, Qərb kəşfiyyatının Qara və Xəzər dənizləri hövzəsindəki vəziyyətə marağı artıb və onların bu məqsədlə əcnəbi ticarət gəmilərindən örtük kimi istifadə etmək niyyətləri ətrafındakı ehtimallar təsdiqini tapır, "Port Pəhləvi"nin də bu məqsədlərçün istifadəsi mümkündür.
Moskvanın əldə etdiyi agentura məlumatları əsasında bu həyəcan siqnalının verildiyi vaxt artıq üç ildən çox idi ki, həmin gəmi İrandan Bakıya, Azərbaycandan İrana gedib-gəlirdi və 1953-cü ildə isə artıq 16-cı il idi ki, belə səfərlər yerinə yetirilirdi.
Lakin ticarəti ilə yanaşı sularda olduğu müddətdə casusluq fəaliyyətinə də ara verməyən "Port Pəhləvi" gəmisi ilə bağlı ilk dəfə idi ki, Azərbaycan əks-kəşfiyyatı belə qətiyyətli addım atırdı: 1953-cü il oktyabrın 19-da Daxili İşlər Nazirliyi (bu o dövrdür ki, Dövlət Təhlükəsizliyi Komitəsi də DİN-lə eyni tərkibdədir) 1-ci şöbəsinin rəis müavini kapitan Heydər Əliyev xüsusi əməliyyat planı hazırlayır və elə həmin gün də nazir, polkovnik Anatoli Quskovun masası üstünə gələn sənəd imzalanır.
Belə təcili hərəkət etməyin səbəbi o idi ki, elə həmin gün "Port Pəhləvi" buxar gəmisi Bakı limanına növbəti dəfə yan alacaqdı və budəfəki gəliş elə başlanğıcdan bir sıra ciddi şübhələrə ipucu verirdi.
Həmin gəmi 1937-ci ildən Bakıya doğru belə səfərlərini edirdisə, bəs necə olmuşdu ki, məhz indi qəti addımlar atmaq zəruriyyəti yaranmışdı?
Orası var ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 2-ci Baş İdarəsinin xüsusi hesabatında "Port Pəhləvi"nin heyəti ilə bağlı əks-kəşfiyyat işlərinin gərəyincə aparılmadığı, arxada qalan illərdə heyət barədə mütəmadi məlumatların əldə edilmədiyi, uzun müddət həmin sahəyə nəzarətdə ciddi nöqsanların olduğu göstərilmişdi ki, bu, rəsmi Bakıda təşviş və narahatlıq yaratmaya bilməzdi.
İndi Bakının qarşısında "Port Pəhləvi" ilə əlaqədar işdə köklü dönüş yaratmaq vəzifəsi dayanırdı.
Cavan çekistin hazırladığı təfərrüatlı əməliyyat planının ilk sətirlərindəcə artıq mövzuya hərtərəfli yanaşmanın cizgiləri aydınlığı ilə görünür və bu düşünülənlər gerçəkləşərsə, arzulanan dönüşün də tezliklə gələcəyi təsəvvür edilə bilirdi.
Bir məlumata görə, İran hökuməti bu gəmidə Azərbaycana (Azərbaycana deyəndə ki, Sovet İttifaqına. SSRİ tərkibində olan Azərbaycanın xarici ölkələrlə birbaşa ticarət aparmaq imkanı yox idi) ticarət məqsədilə 40 ton balıq göndərirdi. Ancaq başqa bir məlumat da vardı ki, yük əslində 120 ton balıq və 40 ton kürüdən ibarətdir.
Lakin əsas şübhə hədəfi heç də bu çəki məsələsi deyildi.
Hazırladığı əməliyyat planının lap əvvəlindəcə kapitan Heydər Əliyev aparılmış təhlillərə söykənərək belə bir məqama diqqət yönəldirdi ki, "İran-sovet balıq" səhmdar cəmiyyəti ləğv edildiyindən bu reys iqtisadi baxımdan İran üçün qətiyyən sərfəli deyil. Yəqin ki, onların başqa maraqları var.
Digər tərəfdənsə, gəminin komandası da Fars körfəzindən götürülmüş dənizçilərlə əvəzlənib.
Təbii, "Port Pəhləvi" artıq illərlə Bakıya gəlib-getdiyindən bizimkilər bekar da durmamışdılar, o gəminin hər təzə səfəri əsnasında onlarla mütəmadi əlaqələri olan yerlilərin cərgəsindən agentlər hazırlamışdılar.
Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan bir neçə min səhifəlik, 12 cildlik və 1937-ci ildən 1963-cü ilə qədərki 26 illik bir dövrü əhatə edən bu "Operativ iş"də, təbii ki, o tərəfdən də, bu tərəfdən də olanların əsl adları, soyadları, bir qisminin lap geniş tərcümeyi-halları da əksini tapıb. Lakin müşahidə dairəsində olanların hər birinə dərhal taxma ad - psevdonim də müəyyənləşdirilib.
Hadisələrin baş verməsindən uzun illər keçsə də, iştirakçıların bir çoxu artıq həyatda olmasa da, biz bu yazı boyunca əsl ad-soyadları elə həmin "tam məxfi" qrifli qovluqların içərisində saxlayaraq hər baxımdan düzgün olan ləqəblərlə nişanvermə yolunu seçirik.
Çünki orada həmin adamların yerində tam başqa şəxslər də ola bilərdi. Casusluq fəaliyyətini təşkil edən İran dövləti idi və açıq ad olaraq elə bircə bunu göstərmək də həm yetərli, həm daha ədalətlidir.
Kapitan Heydər Əliyev əməliyyat planında ilk olaraq bunu vurğulayırdı ki, gələn dənizçilərlə söhbətlərində səfərin örtülü məqsədini aşkarlamaq və onları Bakıda maraqlandıran məsələləri aydınlaşdırmaqdan ötrü "Port Pəhləvi"nin qarşılanmasına gəmidəki sabit işçilərlə əvvəldən "səmimi" və işgüzar münasibətləri olan agent "Vint" göndərilir.
Gəlişin ticarətdənkənar səbəblərinin ortaya çıxarılması üçün bu da təklif edilirdi ki, Bakı gömrüyü işçiləri "Port Pəhləvi" gəmisinin bütün ərazisində yoxlama aparsınlar. Lakin kapitanın əməliyyat planına elə yerindəcə artırdığı bir qeyd-şərt onun bütün həssas məsələlərə elə cavanlığından nə təhər müdrik yanaşmasına işarə edir.
Heydər Əliyev hazırladığı arayışa bunu da əlavə edir ki, gömrük tərəfindən yoxlama aparılsa da, şitini çıxarmasınlar, bu təftiş həddən artıq ciddi, lap xırdalıqlara gedən şəkildə olmasın. Əks təqdirdə sovet gəmiləri də sonra İran gömrükçüləri tərəfindən eyni sərt münasibətə məruz qalar.
Əməliyyat planında gəmi rəhbərliyindən ləngimədən bütün ekipajın tam siyahısının alınması, o siyahıdakılardan kimlər barədə əvvəldən məlumatların olmasının arxiv üzrə müəyyənləşdirilməsi, Bakıda qaldıqları müddətdə İran dənizçilərinin şəhərə çıxışları zamanı hər birinə fasiləsiz müşahidənin təşkil edilməsi, nələrlə maraqlanmaları, kimlərlə görüşmələrinin dəqiqliyiylə öyrənilməsi tələbləri qoyulurdu.
Adətən "Port Pəhləvi"nin Bakıda qaldığı günlərdə, xarici ölkələrə oxşar səfərlər edən ayrı gəmilərdəkilərin etdikləri kimi, şəhər gəzintisinə çıxanda, mağazalara baş vuranda dənizçilər xırda qaçaqmalçılıqla da məşğul olardılar və xüsusi xidmət orqanları da, təbii ki, bunları bilsə də, qarşısını tam almağa tələsmirdi. Çünki bunun özü də gəminin içərisinə yol tapmaq üçün bir girəvə idi.
Təklif olunurdu ki, qaçaqmalçılıq edən İran dənizçiləri bizim yerli agentlərimiz olan "Mətin", "Ovçu", "Mano" ilə əvvəllər əlaqə də saxlayıblar, alış-veriş də ediblər. Gələnlər içərisində onların tanışları olarsa, elə etmək ki, görüşsünlər, şərait yaratmalı ki, iranlıların təklif etdikləri qaçaqmalları alsınlar, bizim agentlərimiz də sözarası gəminin gəlmə səbəbləri ilə bağlı gizlinləri öyrənməyə çalışsınlar.
Heydər Əliyev yerli agentlərin gəmidəki tanışlarla əlaqə saxlamaq imkanından daha irəli getməyin də əsasını qoyur.
Gəmidəkilərin alış-verişlərini başqaları ilə yox, məhz öz agentlərimizlə aparması onlara nəzarətin bir xətti idisə, digər yandan, bu, həm də artıq gələcəkdə gəmidəkilərdən kimlərisə əməkdaşlığa cəlb etməkçün fürsət idi: müəyyən anda qaçaqmalçılıqla məşğul olanlardan hansısa düşür tələyə, cinayət məsuliyyətindən can qurtarmaq və həm də gələcəkdə xaricə yolunun bağlanmamasından ötrü əməkdaşlığa razılıq verməyə məcbur qalır.
Tezliklə bu təşəbbüs də bəhrələrini verir və Bakı "Port Pəhləvi"nin içərisindən bir neçə nəfəri ələ alaraq gələcəkdə onlardan kifayət qədər səmərəli istifadə etməyə başlayır.
Həm də yalnız burada - Bakıda yox, elə İranın öz içərilərində də!
Əməliyyat planında bu da göz altına alınırdı ki, işdi-şayəd, İran Xüsusi Xidmətləri ilə bağlı olan və xüsusi maraq kəsb edən S.Q.-nin adına bu səfərə gələnlərin arasında rast gəlinərsə, şəhər gəzintisi zamanı onun yerli agent "Əhməd"lə təsadüfi görüşünə nail olmaq vacibdir.
Adətən "Port Pəhləvi" ilə Azərbaycana təşrif gətirən dənizçilərin burada ermənilərlə əlaqə yaratmağa məxsusən meyil göstərdiklərini nəzərə alaraq kapitan Heydər Əliyev layihəsinə bunu da artırmışdı ki, Bakıdakı "siyasi pənahəndə" statuslu İran ermənilərindən olan, valideynləri indi də Pəhləvi şəhərində yaşayan "Petrosyan" ləqəbli agentin də onlarla görüşünün, təmaslarının təşkil edilməsi məqsədəuyğundur.
"Port Pəhləvi" 1953-cü ilin 19 oktyabrında Bakıya 27 nəfərlik heyətlə gəlmişdi.
Və həmin gəminin Azərbaycana gəlişləri boyunca ilk dəfə məhz kapitan Heydər Əliyevin tərtib etdiyi plan üzrə səliqəli, sistemli işə başlanır və uğurlu nəticələr də özünü çox gözlətmir.
Gələn heyətin siyahısı ilə tanış olunca üzə çıxır ki, sən demə, gələnlərin arasında köhnə tanışlar da var, səfər edəcəyi ehtimal olunan və ətrafında iş aparılmasına ehtiyac duyulan şəxslər də.
S.R. adlı şəxs ki gəlişini fərz edir və gözləyirdilər, adı siyahıda olanlardan idi və Bakı limanına yan almalarının dördüncü günü bir neçə yoldaşı ilə bərabər şəhərə çıxır və irəlicədən də planlaşdırıldığı kimi, agent "Əhməd"lə görüşür.
Əlbəttə, "Əhməd"ə xəbər verirlər ki, ayın 22-də axşam 16 radələrində qonaq Xaqani küçəsi səmtində, trolleybus dayanacağında olacaq, oralardan keç, amma elə et, guya onu görmürsən, özü səni görüb səsləsin.
Belə də olur. Görüşürlər, hal-əhval tuturlar və "Əhməd" onu "Monolit"də - Sabir bağı ilə üzbəüzdə yerləşən binadakı mənzilinə gətirir, birgə şam edirlər, səmimi söhbətləşirlər və təbii ki, bu söhbət boyunca "Əhməd" ona verilmiş tapşırığa uyğun sualları verir, cavabları alır və sabahı günü kapitan Heydər Əliyevin rəhbərliyə təqdim etdiyi ilk hesabatda həmin diqqətəlayiq məlumatların hamısı əksini tapır.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivində hər biri 30 cilddən artıq iki iş var. Varlığına ona görə əminəm ki, həmin işlərdən müxtəlif çıxarışları illərcə bizim DTK arxivlərində araşdırmalar apararkən görmüşəm.
Xarici kəşfiyyatla bağlı işləri Moskva özündə saxlayırdı və söz yox, SSRİ-nin süqutundan sonra da həmin cildlər Moskvanın ixtiyarındadır. Mənim ən böyük arzularımdandır ki, haçansa milli tariximiz üçün son dərəcə əhəmiyyət kəsb edən o iki işlə əvvəldən sona tanış olmaq qismətimə düşsün. Operativ məlumatlardan ibarət o çoxcildli işlərdən biri "Avropadakı Azərbaycan siyasi mühacirəti", digəri "Türkiyədəki Azərbaycan siyasi mühacirəti" adlanır.
Bunlar ona görə "Port Pəhləvi" hekayətində yadıma düşdü ki, bu işdə də Türkiyədəki siyasi mühacirətimizə doğru uzanan xətt var.
Agent "Əhməd" S.R.-yə İrandan Türkiyəyə yola salınması üçün iki məktub verir. Məktublardan biri Tamara Hüseynbəyovaya, digəri Mustafa bəy Vəkilova ünvanlanmışdı.
Məktub buradakı qohumlarından idi. Təbii ki, həmin məktublar ora çekistlərin vasitəsilə gedib çatacaqdısa, demək, həmin qohumlar özləri də artıq orqanlarla əlaqədəydilər.
Bir neçə günlük budəfəki gözqoymalardan və sonra qarşıdakı illərdə də eyni şəkildə davam edən nəzarətdən bəlli olur ki, İran kəşfiyyatının dənizçilər vasitəsilə həyata keçirdiyi əməliyyat hərəkətlərində açıqca görünən bir erməni xətti var.
Yəni dənizçilərin vaxtaşırı girib-çıxdıqları apteklər, mağazalar, ünsiyyət qurduqları adamların əksəriyyəti ermənilərdir.
Üzdən baxanda guya qaçaqmalçılıq yolu ilə gətirdikləri İran xınasını, xarici qol saatlarını, eynəkləri, kostyumluq parçaları və bunların gözünə qataraq narkotik maddələri, əsasən də anaşa satırlar, bizim aptek və mağazalardan da daha çox ətir, konyak, ovçuluq dəstgahları, gilizlər alırlar, ancaq bu ticarətin bir alt qatı, sual verib cavab almaq, hansısa xəbəri ötürüb, hansısa xəbəri öyrənmək tərəfi də vardı.
Bu yerdəsə iranlıların daha əlverişli sayaraq əlaqə qurduqları ermənilər idi.
Həm də bəlli olur ki, buralı ermənilərin bir qismini heç Bakıya qədəmləri dəyməmişdən, oradakı hansısa təqdimat və zəmanətlərə uyğun olaraq tanıyırmışlar.
Kapitan Heydər Əliyevin "Port Pəhləvi" ilə bağlı əməliyyat planındakı hədəflərindən biri də, nəhayət ki, tam şəkildə iranlıların bütün əlaqə saxladıqlarını - iztisnasız olaraq hamısını son nəfərinədək araşdırmaq, təsadüfi tanışlıq və görüşləri saf-çürük edəndən sonra təsadüfi olmayan hər bir əlaqəni diqqət mərkəzinə saxlamaq idi.
Ancaq Heydər Əliyev ona xas vasvasılıqla hətta sırf təsadüfi sayıla biləcək görüşləri də axıradək diqqətlə təhlil edir və şöbəsinin bu məsələ ilə məşğul olan əməkdaşlarına tapşırıq verir ki, təsadüfi saydığımız əlaqələri gəminin növbəti mümkün gəlişlərində də diqqətdə saxlayın ki, görək təsadüf təsadüfən təkrarlanmayacaq ki.
Təsadüflərsə, əlbəttə, mümkün idi. Tutalım, bir iranlı girib aptekə, ya mağazaya, ya küçədə kimdənsə nəsə soruşur. Aydındır ki, ləhcəsindən onun iranlı olduğu dərhal hiss ediləcək. Əslən iranlı olan hansısa bakılıda elə həmin anda bu adamla danışmaq, ya nəsə sormaq istəyi yarana bilər və cildləri vərəqlədikcə şahid olursan ki, həqiqətən, təmiz təsadüf adlandırıla biləcək belə hallara da az rast gəlinməyib. Deyək ki, öz aralarında farsca danışan iki nəfəri görüncə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsinin hansısa tələbəsində, ya tələbələrində istər-istəməz öyrəndiyi dilin daşıyıcısı ilə ünsiyyətə girmək arzusu yaranıb, müraciət də edib.
Ancaq təsadüflər qatarından olan belə təmasların da bəzilərinin içindən yenə nədirsə, pırtlayaraq erməni izi ortaya çıxır.
İranlı dənizçilər təsadüfən bir azərbaycanlı müğənniylə qarşılaşırlar. Bu qadının Qacarlar nəslindən olması söhbətə təkan nöqtəsinə çevrilir.
Üzdən baxanda bundan təbii nə var ki?! Ancaq qurdalayırsan, görürsən ki, paho, buradan da erməni çıxdı.
İş ondadır ki, həmin məşhur müğənni qadın Azərbaycanın xalq artisti olmaqla yanaşı, Ermənistanın da xalq artisti idi və əri də erməni.
"Operativ iş"də, bütün digər personajlarda olduğu kimi, bunların da gerçək adları-soyadları göstərilməklə yanaşı, dərhal hər ikisinə ləqəb də müəyyənləşdirilir; birini "Artist", o birini "Artistka" yazırlar.
Bir maraqlı cəhət də ondan ibarətdir ki, iranlı dənizçilərin əlaqə qurduqları, ünsiyyətə girdikləri ermənilər arasında tək-tük Bakıya köçmüş İran ermənisi varsa da, çoxluğu Qarabağ erməniləri təşkil edir.
Bu, bir yandan İran kəşfiyyatının ermənilərə Azərbaycanda daha etibarlı saydığı dayaq nöqtəsi kimi yanaşmasına işarədirsə, bir başqa baxımdan da İran kəşfiyyatının erməni lobbisi ilə işbirliyinin təzahürü kimi qavranıla bilər.
Bircə "Port Pəhləvi" məsələsi olsaydı (hərçənd, elə həmin çərçivədə də uzun illər boyu eyni xətt ardıcıl davam etdirilib), bəlkə də bu qənaətdə israr düz olmazdı. Amma başqa sıra-sıra nümunələr ortadadır, ən azı bugün dünyanın gözü qarşısında nümayişkaranə şəkildə həyata keçirilən qarşılıqlı erməni-İran hüsn-rəğbətləri, sirdaşlığı, əməkdaşlığı var ki, bu cütləşmədə antiazərbaycançı təmayül əski ənənəylə yenə inadla aparılmaqdadır.
İndi XXI əsrin hündürlüyündən geriyə qanrılaraq "Port Pəhləvi" qəziyyəsi barədə düşünürkən təbii olaraq bizi ilk növbədə bu əhvalatların arasındakı Azərbaycana aid xətt daha çox cəlb edir və İranın casusluq səmtlərinin birinin məhz bu istiqamət olduğu şübhə doğurmur. Ancaq İran kəşfiyyatının əməkdaşlığa cəlb etdiyi, ya gəmidə yerləşdirdiyi birbaşa kəşfiyyatçı olan əməkdaşlarının qarşısında qoyduğu əsas vəzifə həm də SSRİ ilə bağlı onları maraqlandıran bilgilər dairəsini genişləndirməkdi.
Baxırsan ki, bəli, o dənizçilər rabitəyə girdikləri adamlarla söhbətlərində Xəzər Dəniz Gəmiçiliyi və Bakının neft sənayesi haqqında, hərbi obyektlər barədə, Azərbaycanın və bütövlükdə Sovet İttifaqının ictimai-siyasi həyatı ilə əlaqədar məlumatlar toplamağa cəhd göstərirlər.
Yəni kəşfiyyat damarı "Port Pəhləvi"nin Bakıya səfərlər etdiyi 26 il ərzində daim onunla qalıb.
1953-cü ildə kapitan Heydər Əliyevin artıq sıx şəkildə bu gəmini və tərkibini zərrəbin altındaymış kimi dəqiqliklə araşdırmağa başlamasından sonra bir həqiqət də aydınlaşır və sonra daimi diqqətdə saxlanır ki, gəminin kapitanları mütləq qaydada kəşfiyyatla bağlıdırlar. Sadəcə bağlı yox, adətən elə birbaşa Xüsusi Xidmət orqanının əməkdaşlarıdır.
"Port Pəhləvi"nin milliyyətcə fars olan, 1911-ci il təvəllüdlü kapitanı mayor Ə. N. farscadan savayı fransız və italyancanı bilirdi. Müəyyən edilmişdi ki, guya Azərbaycan və rus dillərini bilmədiyini desə də, əslində bizim dilimizdə yaxşı danışır, ruscası da var. Təhsilini İtaliyada alıb, 15 il Avropaya gedən gəmilərdə üzüb, "Port Pəhləvi"yə 1953-ün avqustunda, yəni bu səfərdən az öncə kapitan təyin edilib. Elə heyət üzvlərindən alınan bilgilərə görə də, gəmiçilikdə xüsusi səriştəsi olmasa da, kapitan vəzifəsindədir. Onunla bağlı hazırlanmış arayışda İran kəşfiyyatı ilə birbaşa bağlılığı ayrıca qeyd edilir. Ünsiyyətcil olmağı ilə yanaşı, bir kəşfiyyatçıya xas ayrı bir xüsusiyyətinin olmasına da diqqət yönəldilir ki, gün ərizndə iki litrə qədər spirtli içki qəbul edə bilir, amma onda sərxoşluq əlamətləri heç hiss olunmur. Yəni istənilən işçisini içirdib ondan lazım olan sözü qoparmaq imkanı var.
Elə gəmi kapitanının köməkçisinin də kəşfiyyatla bağlılığı ayrı bir arayışda təsdiqlənir.
Müəyyənləşdirilmişdi ki, 1953-ün oktyabrında Bakıya gələn komandada kapitanın birinci köməkçisi S.Ə. 22-23 yaşlı gəncdir. Tehranlıdır və o da milliyyətcə farsdır. İngiliscəni, fransızcanı bilir. Ancaq azərbaycanca danışmasa da, bizim dilimizi də sərbəst bildiyi təsdiqlənir. Eləcə də, guya bilmədiyini desə də, rusca yazıb-danışmağı da var. Əvvəllər Avropa ölkələrinə, İngiltərəyə gedən gəmilərlə çox səfərləri olub. Müəyyən edilmişdi ki, o, kəşfiyyatla bilavasitə bağlıdır.
Bu şəxslər ətrafında əməliyyata rəhbərlik edən 1-ci şöbənin rəis müavini kapitan Heydər Əliyevin qısa müddətdə əldə etdiyi məlumatlar Mərkəzə göndərilir və işin həm bu tərəfi, həm də, nəhayət ki, ilk dəfə olaraq "Port Pəhləvi" ilə bağlı sanballı bir təhqiqatın aparılması müsbət qarşılanır.
Səbəbsiz deyil ki, artıq Heydər Əliyev növbəti ilin başlanğıcında həmin şöbənin rəisidir.
1954-cü ildə "Port Pəhləvi" Bakını tərk etdikdən sonra Moskvaya, Mərkəzə göndərilən yekun arayışın altında iki imza var: nazirin, bir də təzə təyin edilmiş şöbə rəisi Heydər Əliyevin imzaları.
Əlbəttə ki, Moskva bu gənc kadrın çoxdan bəri tənqid hədəfinə çevrilmiş bir istiqamətdə qısa müddət ərzində kəskin dönüş yaratmasını yadda saxlayır.
Bunu da səbəbsiz yazmıram. Az sonra bədxahlar fədakarlıqla çalışdığı, ən ümidverən cavanlarından biri olduğu nazirlikdə ona qarşı çirkin kampaniyaya başlayanda Mərkəz layiqli saydığı kadrı onların ayağına vermir...
Azərbaycan NKVD-sinin Əməliyyat şöbəsinə tam məxfi qrifli bu sənəd 1937-ci il aprelin 3-də göndərilib.
Sənəddə göstərilir ki, SSRİ və İran limanları arasında "İranbalıq" müştərək aksioner şirkətinə məxsus "Port Pəhləvi" və "Moskva" gəmiləri mütəmadi reyslər həyata keçirirlər.
O vaxt "Port Pəhləvi"nin ekipajı vur-tut 6 nəfərmiş, sonrasa illər ötdükcə artacaq.
Sənəddən bu da bəlli olur ki, "Port Pəhləvi" müştərək şirkət olduğundan orada Sovet İttifaqı tərəfindən də dənizçilər işləyirmiş, ancaq onların xaricə səfərlər zamanı uzun müddət SSRİ-dən kənarda qalmaları, xarici valyuta qazanaraq sovet adamından fərqlilik əldə etmələri, oralarda içkiyə qurşanmaları və "Port Pəhləvi"də antisovetizm meyillərinin müşahidə edilməsini nəzərə alaraq və ilaxır bənzər səbəbləri gətirərək NKVD məsələ qaldırır ki, gəminin rus tərəfdən olan işçiləri geri çağırılsın.
1939-cu ildə daha bir belə təqdimat yazılır və "Port Pəhləvi" ortaq şirkətin gəmisi kimi qalsa da, tərkibi tamamilə iranlılaşdırılır.
Bu isə, öz növbəsində, sonra nəzarətsizliyin meydana gəlməsinə, gəmidə İran tərəfin təkbaşına sözükeçərliyinə və bir sürü başqa əngəllərin ortaya çıxmasına bais olur.
Artıq 1955-ci ildir. Heydər Əliyevin "Port Pəhləvi" ilə bağlı ilk uğurlu əməliyyatı ona rəğbət qazandırmaqdan əlavə, bu səmtdə işlərini bir qədər də irəli aparmaqçün meydan açıb.
İndi artıq vəzifəcə o, bir pillə irəliləyib - DTK-nın 2-ci şöbəsinin rəisidir və səlahiyyətləri də artıb.
Qət edir ki, "Port Pəhləvi" ilə bağlı əməliyyat tədbirlərini gələcəkdə daha səmərəli təşkil etməkçün yalnız kənardakı qüvvələrdən istifadə edilməsin, bilavasitə "Port Pəhləvi"nin ekipajı arasında da agentlər yetişdirilsin.
1955-ci il aprelin 15-də onun təqdim etdiyi raporta nazir "Razıyam" dərkənarı qoyur.
Nəyə razılıq verirdi nazir?
1955-ci il martın 1-də "Port Pəhləvi"nin Bakıya növbəti gəlişi zamanı iki iranlı dənizçi milis işçiləri tərəfindən kolxoz bazarında həbs edilmişdi. Onlar əvvəllər də dəfələrlə qaçaqmalı satdıqları müştəriylə, agent olduğunu, əlbəttə ki, bilmədikləri "Ovçu"yla növbəti dəfə görüşmüş, mal təklif etmişdilər. Ə.M. və Q.Ş.H. əllərində tutulmuş qaçaqmalla birgə 6 saylı milis şöbəsinə gətirilmişdilər. Haqlarında cinayət işi başlanarsa, gəmidəki işlərini də itirəcəklərini, xaricə yollarının da bağlanacağını yaxşı dərk edən hər iki nəfər müvafiq söhbətdən sonra gələcək əməkdaşlığa boyun olur. Hətta onlardan biri "Hezb-e tudə"nin - "İran xalq partiyası"nın üzvü olduğunu söyləyərək gələn dəfə üzvlük vəsiqəsini də gətirib göstərəcəyini vəd edir.
Yuxarıya müraciətdə bu iki nəfərin artıq tam şəkildə ələ alındığını nəzərdə tutaraq onlarla əlaqələrin davam etdirilməsi, hər iki şəxsin rəsmən əməkdaşlığa cəlb edilməsinə icazə istənilirdi.
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyatın hər yeni məqbul addımı, sözsüz ki, Mərkəzdə əks-sədalanırdı.
Əvvələn, hesabat verməliydilər və verirdilər. İkincisi də ona görə ki, xaricilərlə birbaşa kəşfiyyat işi aparmaq Mərkəzin səlahiyyətindəydi və onlar üçün hər yeni münasib ötürmənin qiyməti böyük idi.
Heydər Əliyevin İran gəmisində əməkdaşlığa cəlb etdiyi şəxslərin sabah ötürə biləcəkləri məlumatlar, aydındır ki, tək o gəmi ilə məhdudlaşmayacaqdı. Mərkəz özü onlara ən müxtəlif tapşırıqlar verə biləcəkdi. Odur ki, əməkdaşlığa hazırlanmış hər yeni əcnəbi agent ümumi işə əlavə töhfə idi.
1954-cü ilin 7 fevralı. "Port Pəhləvi" yenə Bakıdadır.
Heydər Əliyevin rəisi olduğu 2-ci şöbənin xüsusi nəzarətində saxladığı, İran kəşfiyyatı ilə, ola bilsin ki, həm də paralel olaraq Avropa ölkələrinin kəşfiyyatı ilə bağlı iki nəfər - gəminin kapitanı və kapitanın birinci köməkçisinin Bakıda, gəmidən kənardakı hər addımı izlənilir (Gəminin içərisindəki cəlb edilmişlərin sayəsində isə bu, gələcəkdə elə "Port Pəhləvi"nin daxilində də mümkünləşəcək).
Saat 19:40-da kapitanla birinci köməkçi Leytenant Şmidt adına küçədəki kluba daxil olub konserti dinləməyə başlayırlar.
Bakıda nə qədər kinoteatr, konsert verilən nə qədər yer. Ancaq o iki fars məhz buranı seçib. Bu axşam bu klubda erməni filarmoniyasının solisti Arev Baqdasaryan oxuyur. Aydın məsələ ki, dinləyənlərin də yüzdədoxsanı ermənilərdir.
Hesabatları bir-bir qaldırıram, vərəq-vərəq çevirdikcə onların gün boyu səhərdən-axşamacan dəqiqəsinədək dəqiqliklə güdüldüklərini görürəm. Ancaq onu da fikirləşirəm ki, izləyənlər, təbii ki, hər an bu adamların lap yanında deyillər. Zaldır, keçdi əyləşdi, sağı da erməni, solu da erməni. Bəlkə onun çatdırmalı olduğu bircə kəlmədir, bircə cümlədir, ya balaca bir kağız vərəqi ki, belə qarışıqlıqda çətinlik çəkmədən nəzərəçarpmaz bir tərzdə ötürmək də olar. Üstəlik bu iki şəxsin peşəkar kəşfiyyatçılıq səriştələrinin olması fərziyyəsi də ortada.
Bir düşmən ocaq başında, hər gün bizimlə birgə, aramızda, o biri də qıraqdan gəlib ki, bu düşmənlərin sərhədlərin o tayındakı düşmənlərlə əlaqələrinə yardımçı olsunlar.
Bunlar hamısı tarixdir, olmuşlardır, görün ki, hansı cəngəlliklərdən keçərək bugünümüzə gəlib yetişmişik.
...1957-ci ildir, "Port Pəhləvi" yenə sahilə yan alır, yenə dənizçilər şəhərə çıxaraq gəzib-dolaşırlar, yenə qaçaqmalçı alverlərini edirlər, yenə Bakının ayrı-ayrı qəhvəxanalarında, qəlyanaltıxanalarında, restoranlarında düt deyincə vururlar, amma artıq aparılmış ardıcıl, sistemli işin nəticəsində onlar və onların Bakıdakı əlaqələrinin hər biri nəzarətdədir.
Açdığım, vərəqlədiyim bu 12 cildlik işdə bircə-bircə hər iranlı dənizçinin adı çəkilir, onların hər birinin əlaqədə olduqları yerli vətəndaşlarla bağlı bilgilər yer alır.
Elə gözəyarı hesablama aşkar nümayiş edtirir ki, oturub-durduqlarının əksəri ermənilərdir. Aralarında qadınlı-kişili möhtəkirlər də var, fahişələr də, dükandarlar da, aptekçilər də. Erməninin hər çeşidi.
Və bizim xüsusi xidmət orqanlarının bu proseslə bağlı bir önəmli müşahidəsini əks etdirən sənəd də qalır.
Əslən Ənzəlidə doğulmuş, amma Bakıda yaşayan, iranlı siyasi mühacirlərdən sayıldığından həmin təbəqədən olan digərləri kimi Sovet İttifaqında, o cümlədən Azərbaycanda onlara verilən bütün imtiyazlardan yararlanan, Elmlər Akademiyasında işə və aspiranturaya da götürülmüş Georgi Ter-Ovanesov Azərbaycan DTK-sının agentləri sırasında idi və "Port Pəhləvi" işində ondan da istifadə edilmişdi. Ancaq 1955-ci ilin iyununda tərtib edilmiş bir arayış təsdiqləyir: xarici müşahidə zamanı bəlli olub ki, "Port Pəhləvi"nin şübhə dairəsinə daxil olan əməkdaşlarından biri, N.Ş. xəlvəti Ovanesova nəsə verib və o da bu məlumatı gizlədib.
Erməni belə ermənidir. Qan ki xarabdır, xəyanətkarlıq ki iliklərinə işləyib, hətta quyruğu qapı arasında olanda da riyakarlığından qalmır, onu ələ alıb işlədən KQB-yə də kəf gəlməyə girəvə tapır.
Və bu İran-erməni işbirliyi ki tək "Port Pəhləvi"nin timsalında 20 ildən artıq iri bir zaman kəsiyində davam edib, o əməkdaşlıq ki qaçaqmalçılıq tərəfi öz yerində, antisovetizm istiqaməti öz yerində, həm də daim bir antiazərbaycançı istiqaməti vardı, o dövrdə ağrısı aşkar duyulacaq ziyanlara gətirib çıxarmadısa, burada Azərbaycan çekistlərinin, illah da ki, 1953-cü ildən etibarən bu işlərlə birbaşa məşğul olmuş Heydər Əliyevin xirmətləri danılmazdır.
Bir başqa sualın da cavabı var ki, bəs necə olurdu ki, 1953-cü ilə qədər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi bu yöndə işləri qura bilməmişdi və Mərkəz də açıq narazılığını ifadə etmişdi?
Fransızların məşhur ibarəsi var: "Şerşe lə fam" - "Qadını arayın", yəni hər həngamədə bir qadın izi gəzin.
O məşhur zərbülməsəli daha dürüst məcraya yönəltsək, gərək "Erməni izi arayın" söyləyək.
Elə bu məsələdə də!
1930-40-cı illərin, hələ bir az da 1950-ci illərin başlanğıcının DTK sənədlərini araşdırdıqca hər tindən-bucaqdan erməni adı çıxır, erməni iyi qalxır.
İt ilxısı, köpək sürüsü sayaq daraşıblarmış bu quruma və millətimizin başına gizli yollarla törədilən nə qədər müsibətlərə rəvac veriblər, bildiklərimizi biz bilirik, bizdən qat-qat çoxunu Allah.
Bütün başqa tərəfləri ilə yanaşı İran-erməni əməkdaşlığının gizli layihələrindən olan "Port Pəhləvi" əhvalatında da 1953-cü ilə qədər ciddi bir irəliləyişə nail olunmamasının özək səbəblərindən biri də, yəqin ki, elə NKVD divarları arasındakı ermənilərin bu işə gücləri çatdığı qədər pəl vurmaları olub.
...Ətrafındakı halqa getdikcə daralan, ildən-ilə əvvəlki sərbəst fəaliyyət imkanlarını qeyb edərək Azərbaycanda öncələrdəki sayaq casusluq fəaliyyəti apara bilməyən "Port Pəhləvi", nəhayət ki, sönür.
Aparılan incə düşünülmüş əməliyyatlar nəticəsində gəmi kapitanı və birinci köməkçisini də ifşa edən ciddi kompramatlar toplanaraq sənədləşdirilir.
Söz yox, İran kəşfiyyatı da çörəyi qulağına yemirdi. Hiss edirdilər ki, daha "Port Pəhləvi" "üzə" bilmir, ona istədiyi kimi üzərək casusluğunu etməyə imkan vermirlər.
1963-cü il oktyabrın 31-də "Port Pəhləvi" ilə bağlı vaxtilə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin Heydər Əliyevin rəhbəri olduğu 2-ci şöbəsinin xətti ilə açılmış 125 nömrəli liter işin bağlanması ilə əlaqədar məsələ qaldırılır və bu mövzu ilə bağlı düz 10 il öncə, 1953-cü ilin oktyabrında təhqiqatlarını başlayanda kapitan olan, indi artıq podpolkovnik poqonları daşıyan Heydər Əliyev vəsatəti təsdiqləyir.
10 illik çətin, mübarizəli, macəralarla, narahat dəqiqələrlə dolu bir yol arxada qalırdı. Keçilmiş bu yolda 10 il ərzində törədilə biləcək neçə təxribatın qarşısı alınmışdı, sabah istifadə edilə biləsi onlarla şəxs əməkdaşlığa cəlb edilmişdi.
Beləliklə, təmiz vicdanla daha bir gərgin işə nöqtə qoymaq, daha bir neçə qovluğu arxivə təhvil vermək olardı...
..."Port Pəhləvi" elə o vaxtdan Xəzər sularına çıxmır.
"Port Pəhləvi"nin Bakı macəraları ilə bağlı qovluqlar da illərdir ki, sükut içində qalırdı.
Uzun illərin dinməzliyindən sonra onları ilk dəfə dindirdik ki, tariximizin bir parçasını da, o tarix içərisindəki böyük azərbaycanlı Heydər Əliyevi də bir qədər də yaxından görəsiniz.
Tarix də, tarixi simalar da, biz onlardan vaxtca aralandıqca, adi məntiqlərin əksinə olaraq, sanki daha çox böyüyür, daha aydın görünürlər.
Axarında ömür sürdüyümüz həyatdan fərqli olaraq, Tarixin dostu dost, düşməni düşmən, safı saf, riyakarı riyakar, xırdanı cılız, böyüyü ulu göstərə bilmək kimi misilsiz gücü də var!
İranın "Port Pəhləvi" gəmisi çoxdan üzmürsə də, hələ o qədər üzməkdə olan "gəmilər" var ki!
Sayıq olaq!
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik