Altıncı məqalə
“Lütfi Zadənin o taydakı Azərbaycan (Tehran) dövrü”
4 fevral dünya şöhrətli Azərbaycan əsilli alim Lütfi Zadənin ad günüdür. Lütfi Zadə 96 il sürmüş fiziki həyatı ilə öz mənəvi həyatını əbədi etmişdir. Onun 96 illik ömründə dünya elminə, bəşəriyyətə bəxş etdiyi elm, elmin təcrübəyə tətbiqi o cümlədən nümunəvi şəxsi keyfiyyətləri o qədər dolğun, rəngarəng və zəngindir ki, bir məqaləyə sığmır.
Azərbaycan Milli Elmlər Akademiyasıının ölkəmizdə ilk veb saytı olan science.gov.az bu yazının müəllifi AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva ilə İngiltərənin England. Cambridge Scholars Nəşriyyatı arasında bağlanmış rəsmi müqavilə əsasında filosof alimin yerinə yetirdiyi “Lütfi A.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” monoqrafiyasının yalnız bir fəslinin görkəmli alimin “Azərbaycan dövrünü” əhatə edən yarımfəsillərini yayımlayıb. Bu baxımdan 5 ixtisarla yayımlanmış məqalənin Lütfi Zadənin irsinin yeniliyini, aktuallığını əsaslandıran davamı labüddür.
Bu gün dahi alimin öyrənildikcə dəyəri, əhəmiyyəti daha da qabarıq şəkildə üzə çıxan və onun dünyagörüşünü formalaşdırmış, elmi fəaliyyətini müəyyən etmiş “dövrünə” aid daha bir məqaləni təqdim edirik. Məqalə “Lütfi Zadənin o taydakı Azərbaycan (Tehran) dövrü” adlanır. Məqalədə Rəhim (tədqiqatın üzə çıxardığı kimi Ağarəhim) Ələsgərzadə aləsinin 1931-ci ildə Sovet siyasi sisteminin iranla münasibətlərində yaranan böhranla əlaqədar qəbul etdiyi qərara müvafiq olaraq İrana geri qayıtması tarixi hadisələri, bu mərhələdə İranda cərəyan edən Rza şah Pəhləvi hakimiyyətinin xarakterik xüsusiyyətləri ətraflı təhlil olunmuş, İran despotik quruluşunda 10 yaşlı Lütfi Zadənin gələcəyi üçün əsas təşkil etmiş Rza şah islahatları, o cümlədən təhsil pillələri ən yeni mənbələr və faktlarla qiymətləndirilmişdir.
Məqaləni təqdim edirik.
“Lütfi Zadənin O Taydakı Azərbaycan (Tehran) dövrü”
O taydakı Azərbaycan. Başqa cür desək bölünmüş bütöv. Bir daha birləşməsi mümkün olan, lakin siyasi güc maneələrinin təsiri ilə həll olunmaz qalan tarixi keçmiş. Ən qısa xülasəsi: Bu hadisənin mənəvi tablosu bir varlığın ürəyini qoparmaq mahiyyətində rəsm edilə bilər. Siyasi izahı isə genişdir. Qısa şərhi bu cür əsaslandırıla bilər - XVIII əsrin ortalarında müstəqil siyasi idarəçilik quruluşuna malik feodal dövlətiləri - Azərbaycan xanlıqlarının daxili iğtişaşlarla parçalanaraq zəifləməsi və o cümlədən “Şərqin qılıncı”, “Şərqin Napoleonu” və hətta “İkinci Makedoniyalı İsgəndər” adlandırılan Nadir şah Əfşarın xaincəsinə qətlə yetirilməsindən sonra yaranmış yeni xanlıqlarla birlikdə XIX əsrin 20–30-cu illərində əvvəlcə Qacar dövlətinin, davamda Rusiya imperiyasının hakimiyyətinin tabeçiliyinə keçməsi Bütöv Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlanan 2 ayrı dövlət olmasının bariz nümunəsidir. Bu hadisələr qanlı məzmunu ilə tarixə iz salıb. Amma dövrlər yenilənsə də, bütün dünyada hüquqi və demokratik prinsiplər siyasi idarəçiliyə tətbiq olunsa da o taydakı qanlı olaylar, qorxu-xov, təhlükə həyəcanı bitmək bilmir.
Əsrlər, şüur da, həyatı mənalandıran elm - istehsalat və min adda sahələr inkişaf edərək dəyişir. İran isə dəyişmir. Bir dövlət olaraq İran İslam Respublikası yenilənən sənayeləşmə mərhələləriniin tələblərinə bu və ya digər şəkildə cavab verir, amma içindəki kin-küdurət, düşmənçilik, hər an dünyanı qana qərq etmək siyasi iblis xilqətli xülyalardan əl çəkmir. Təsadüf deyil ki, İran tarixən olduğu kimi bu gündə regionda təhlükə mənbəyidir və yaxın-uzaq qonşuları, dost-qardaş xalqlar daimi olaraq İranın dünyanı nüvə silahları ilə məhv edəcəyi qorxusunu yaşayırlar. İrandan etibarsızlıq, münasibətlərdə kəskin dönüş, acımadan haqsızlıq qərarları, təxribat və s. həmişə gözlənilən olub və buna çox misallar vardır. Elə mən də bu fikirləri 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin Orxan Əsgərov adlı mühafizə xidmətinin rəisinin həlak olması, iki səfirlik mühafizə əməkdaşının yaralanmasından, həmçinin “Kalaşnikov” markalı avtomatla silahlanmış terrorçu ilə üzbəüz qalan diplomatlarımızın və ailələrinin yaşantılarını düşünərək keçidiyim nifrət hisləri ilə yazıram.
Beləcə, bu əsərin müəllifinin iti baxış fokusunda uşaqlıq illərindən ilişib qaldığı kimi İran “Qorxulu Tehran” adına uyğun bir xürafatdır. Gənc nəsil və Avropa oxucusu bilməlidir ki, “Qorxulu Tehran” bir ədəbi əsərin adıdır. Bu əsərin müəllifi Mutəza Müşfiq Kazımidir. Əsərdə əsas motiv sevgi hadisələridir. Ancaq geniş kütləni maraqlandırmaq üçün ola bilərdi bu süjet. Çünki əsərdə Rza şah dövrünün İranı təsvir olunur. Əsər İran mühitinin sosial, əslində soaial-siyasi həyatının daş xitabəsidir. Samir Baycan adlı, məndən 15 yaş gənc amma eynilə mənim kimi İranı - Qorxulu Tehranı düzgün dərk edən yazıçı, publisist yazır: “Bildiyiniz kimi, zaman sənət əsərlərinə qarşı çox qəddardır. İllər keçir, dövr dəyişir və çoxlu sənət əsərləri öz aktuallığını, əhəmiyyətini bu və ya digər formada itirir. ”Qorxulu Tehran” bir əsər kimi öz aktuallığını itiribmi? Yox, itirməyib. İranı tanımaq üçün “Qorxulu Tehran” əla mənbədir, qiymətli vəsaitdir. Səhifələri çevirdikcə İranın necə çətin bir yer olduğunu növbəti dəfə dərindən dərk edirdim. Orda həqiqətən ala qarğa bala çıxara bilməz. Bəzi yoldaşlar deyəcəklər ki, indiki İran “Qorxulu Tehranda” təsvir olunan İrandan çox fərqlənir. İndiki İran artıq “Qorxulu Tehran”da təsvir olunan İran deyil. Bu cür düşünən yoldaşları zahiri dəyişikliklər qətiyyən aldatmasın. Heç nə dəyişməyib. Forma dəyişsə də, məzmun həmin məzmundur. Yəni, İran məzmunca elə “Qorxulu Tehran”da təsvir olunan İrandır. Total yalanın, yorucu, lazımsız, ən nəhayət yalançı, süni, saxta nəzakət qaydalarının hər addımda, hər sahədə tüğyan etdiyi bir yerdə üzü yaxşılığa doğru çətin nəsə, nələrsə dəyişsin”.
İrana hansı dövrdən, hansı tərəfdən baxsan o həmişə elə tədqiqat mövzumuza aid illərdə də - qorxulu olub. Bu tədqiqat əsəri elmi məqsəd daşıdığı üçün mahiyyətcə mənəvi “Qorxulu Tehran”-dan keçid alırıq Lütfi Zadə ailəsinin köç etdiyi konkret, real “Qorxulu” İrana və əsas da tədqiqat obyektimiz dünya şöhrətli alim Lütfi Zadənin 1931-ci ildə onu da lap “bir iri balıq kimi” çiyinlərinə atıb sovet rejimindən heç də zəif olmayan Rza Şah hakimiyyətinə düşdürdüyü illərə. Balıq bütün dünyanın qiymətli qida məhsuludur. Ancaq bu qida məhsulu Azərbaycanı təmsil edən qida məhsulu kimi özəldir. Təsadüfi deyil ki.Azərbaycanda “Balıq dövlətdir” təsəvvürü və deyimi vardır. Bundan başqa doğurdan da Normanın (Nərimanın – tədqiqatın işıqlandırdığı kimi) xatirəsi tədqiqat üçün düşündürücüdür. Bu məsələnin “İp ucları” bizi Ələsgərzadə ailəsinin İran həyatının aid elə məchul “uzaqlara” aparır ki... Bu haqda bir az sonra.
İndisə Bakıda, sovet hakimiyyətinin ilk illərində rus məktəbində dərs deyən əksəriyyətilə rus millətindən olan müəllimələrin təsiri altında 11 yaşa çatmış Lütfi Zadənin ailəsi ilə birlikdə İrana qayıtdıqdan sonrakı “dövrü” öyrənək. Fikrimizcə, balaca Lütfi Zadə hələ yolda ikən valideynlərindən öz “tapşırıqlarını” alıb.
O illərdə İranda hakim olan Şah sisteminin mənası, onun əlahəddə güc qanunları mütləq mənada izah olunub. Yeni məkanda ailə-məişət tərzlərindən tutmuş bütün sosial-mədəni mühitlərinin forma və məzmunca büsbütün dəyişəcəyi, yeni dil-nitq, hələ yollar, həyətlər, təzə dostlar balaca Lütfinin dünyasını alt-üst edəcəyi bəlli idi. Onun “dövrünün” bu mərhələsinin yeni yaş həddi ilə bərabər yeni siyasi quruluşa keçidi psixoloji-mənəvi təsirlərini bir fərd kimi ona gösstərəcəkdi. Obrazlı desək, bir sıçrayışla burulğana düşmüş, çalxanan balaca ağıllı oğlan – Lütfi Zadə çıxış yolu axtaracaqdı, uyğunlaşmağa çalışacaqdı. Nitq- ünsiyyətin ən ali forması. Rus dilində öz düşüncələrini yeni-yeni ağıllı şəkildə ifadə etməyə başlayan balaca uşağa birdən birə başqa dildə danışmaq və hətta “molla üsul idarəsinin” şərtlərinə tabe olmaq, şəriət qaydalarından irəli gələn daha başqa – namaz qılmaq və deməli, daha yeni - ərəb dilini öyrənmək təbii ağır olacaqdı. Bu bir həqiqətdir ki insanı yaşının üzərinə gələn illərdən artıq, dövrünün hadisələri, düşdüyü mühitin onun şüuruna uyğunsuzluğu yaşlaşdırır. Sovetin sərt qaydalarının hökmü ilə İrana – ata vətəninə qaytarılan balaca Lütfi Zadə onda bəlkə 10 yaş böyüyüb. Bu baxımdan Lütfi Zadənin miqrasiya dövrü onu “böyütməklə” bərabər, dövrünə və mühitinə uyğun siyasi-psixoloji təsirlərə uyğun yetişdirib. Fikrimizcə, hər yerdə, hətta evdə də xof, qorxu hissləri ona hakim kəsilib.
Əks halda onlar ailəvi şəkildə Rza şah Pəhləvinin istismar, zülm, repressiya siyasi sisteminin qurbanı ola bilərdilər. Hələ İran xəfiyyə sistemi onları ayrıca – “Rusiyadan” (İranda o dövrdə Azərbaycana Rusiya, Sovet deyirdilər –X.Q) gələnlər qismində izləyirdi. Beləcə, bir xırda ehtiyatsızlıq ailəni İranın qorxulu (Tehranda) Qəsri-Qacar zindanına aparıb çıxara bilərdi...
Məqamı olduğu üçün ekskuliziv şəkildə Rza şah Pəhləvi və rejimi ilə tanış olaq. Belə ki, Rza şah İran tarixində Qacarlar hakimiyyətindən sonuncu şah Əhməd bəy Qacarı devirib bu sülaləni birdəfəlik yox etdikdən sonra hakimiyyətə gəlmiş Pəhləvi şahlarındandır və o babalarının yolunu gedərək hərbçi olmuşdur. O siyasi baxışları etibarilə milliyyətçi, kommunist rejimini qəbul etməyən islahat hakimi kimi də tanınır. O, hakimiyyətə gəldikdə ilk olaraq Rusiya İmperiyasının və eləcə də ingiltərənin hakimiyyəti altında olan İranın Avropanın daha güclü qolu Almaniya ilə yaxınlaşmasına güclü təsir göstərmiş və ölkəsinin xarici siyasi xəttini sistemləşdirmişdi. Onun İranın köhnə üsul idarədən ayrılaraq yeni inkişaf yolunu seçməsi və əsasən neytirallığa üstünlük verməsi İranın güclənməsinə də imkan yaratmış və rus və ingilis gücləri öz maraqlarını İran üzərindən çəkmişdir. II Dünya müharibəsi başladıqda isə nasist Almaniyası ilə iş birliyini davam etdirə bilməmiş və eyni zamanda Rusiyanın silah dəstəyini qəbul etməmiş, nəticədə rus və ingilis ordusu İrana daxil olmuş, ordunun ona tabe olmaması səbəbindən Rza şah istefa vermiş, İngiltərə hökuməti Rza şahın ölkədəki mövqeyini nəzərə alaraq, hətta bundan ehtiyat edərək, həmçinin İranın yeraltı və ümumiyyətlə maddi sərvətlərini itirməmək üçün onun oğlu Məhəmməd Pəhləvi şahı taxta gətirmiş, şahın özünü Afrikaya sürgün etmişdi. Maraqlıdır ki, Rza şahın həyat yoldaşı milliyyətcə Azərbaycanlı, əslən Bakılı olan Tacülmülk Rza şahla uzaq səfərə getməmiş, oğlunun yanında qalmışdı. Rza şahın qızı, çox mürəkkəb həyat hekayəsi ilə tanınan Şahzadə Şəms atasını müşayət etmiş, Afrikada yanında olmuşdur. Şahzadə Şəmsin mürəkkəb həyat hekayəsi dedikdə, biz onun atası ilə Afrikada olarkən İranın gündəlik Ettela'at qəzetində qələmə aldığı xatirələrini geniş oxucu kütləsinin müzakirəsinə verməsi kimi müstəqil xarakterini nəzərdə tuturuq.
Bununla bərabər, hətta bundan da artıq dərəcə də şahzadə Şəmsin atasının böyük arzusu olan qadın azadlığı hüququndan çıxış edərək ictimai fəaliyyətlə məşğul olmuş, Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti yüksək vəzifələrində Şəms Pəhləvi minlərlə iran qadınına öz azadlığı üçün nümunə olmuşdur. Şəms Pəhləvinin “maraqlılığı”na bir misal da onun II Dünya müharibəsi bitdikdən sonra ailə qurduğu – Pəhləvi sülaləsindən və İranın Mədəniyyət naziri olmuş Mehrdad Pahlbod ilə ailə quraraq Amerika Birləşmiş Ştatlarına köçməsidir.
Onun həyat hekayəsinin “maraqlılığını” tamamlayan əsas məsələ isə Şahzadə Şəms Pəhləvinin ailəvi olaraq xristianlığı qəbul etməsi ilə bağlıdır. Bu qeyri-adi hadisənin konkret əsası bilinməsə də buna İranın 35-ci şahənşahı olan Məhəmməd şah Pəhləvinin dostunun səbəb olması ehtimalı vardır. Şahzadə Şəms ömrünün sonuna kimi bu inanca etiqad etmiş və ABŞ-ın Kaliforniya ştatında 78 yaşında vəfat etmişdir.
Fikrimizcə, Şəhzadə Şəmsin ölkəsini birdəfəlik tərk etməsi və dinini dəyişməsi elə İranın “qorxulu” olması ilə bağlıdır. Minlərlə insana zindan olan Pəhləvilər hakimiyyəti dövrü İranda şahzadələrə də həyat sərt üzünü göstərə bilərdi. İranın əbədi qorxu mühitindən şahzadə Şəms və yaxınları kimi qaçmaq, qurtula bilmək nəsib olmuşdusa milyonlar öz əzablaını Allahdan “sınaqları” kimi qəbul edib ilk nəfəslərindən sona kimi qorxu içində də yaşamışlar.
Belə ailələrdən biri də təbii Lütfi Zadə və onun ailəsi idi. Ancaq bir məsələ - Lütfi Zadə və uğur formulu. Lütfi Zadə və “işıqlı yol” sistemi. Lütfi Zadə və manələrin “süqutu” fəlsəfəsi.
Bu tədqiqatın Lütfi Zadə və Azərbaycan. (“fuzzy logic”-yə görə RA uyğunluğu” yarımfəslində (science.gov.az https://science.gov.az/az/news/open/23626) biz dahi alimin fövqəlbəşər tərəflərindən biri onun qədim misir miflərində Günəş Allahına uyğunluğundan, daha dəqiq ifadə etsək Ra Günəş Allahı mifi ilə dahi alimin “gələcəyindən” xəbər verilməsindən və bunu çağdaş əsrin texnoloji nailiyyətlərinin təsdiqləməsindən bəhs etmişdik. Bu düşüncələrimizdən çıxış edərək vurğulamaq istərdik ki, Ələsgərzadə ailəsinin 1931-ci ildə İrana qayıtdığı dövrdə Rza şah Pəhvəlinin yeni İran hədəfləri – möhtəşəm islahatlar proqramı bir Günəş kimi Lütfi Zadənin yollarını işıqlandırmış, əfsanəvi şəkildə onları hifz etmişdir.
Belə ki, 1796-1925-c i illərdə Qacar hakimiyyətini Britaniya krallığının (Türkiyə də istisna deyil –X,Q) dəstəyi ilə süquta uğradaraq əvvəlcə Serdar-i Sipah (Baş Qərargah rəisi), sonra baş nazir və 1925- də İran Milli Məclisinin qərarı ilə İran Şahı elan edilən Rza şah Pəhləvi İranı tamamilə yeni, modern ölkə kimi inkişaf etdirmək qərarı ilə öz hakimiyyətinə başladı.
Ələsgərzadələr İrana gəldiyi illərdə Rza şah artıq 5 ildi ki, İranı siyasi, hərbi, diplomatik, iqtisadi, sosial-mədəni və s. istiqamətlərdə inkişaf etdirirdi. Rza şah milliyyətçi hakim idi və onun ilk məqsədi İranı milli dövlət kimi “qurub” gücləndirmək idi. Hətta Rza şah İranı - qədim fars əyaləti (Parsiyanı) lap başdan – adından dəyişmək istəmişdir. O, "Arians" adında tamamilə yeni modern İran dövlət qurmaq üçün səylər göstərmişdir.
Bu yerdə 1923-cü ildə qurulmuş Türkiyə Cümhuriyyətinin əfsanəvi lideri Mustafa Kamal Paşa Atatürkün Rza Şaha dəstəyindən bəhs etməmək olmaz. Rza Şah hakimiyyətə gəldiyinin ikinci ilində Türkiyə ilə diplomatik əlaqələrə start vermişdir. 22 aprel 1926-cı ildə Türkiyə - İran Dostluq və Təhlükəsizlik müqaviləsi 22 aprel 1926-cı il, bu müqaviləni daha da əsaslandıran 15 iyun 1928-ci il tarixli (əlavə protokol) eyniadlı müqaviləsi, həmçinin 5 noyabr 1932-ci il il “Türkiyə-İran Təhlükəsizlik, Qərəzsizlik və İqtisadi Əməkdaşlıq”, bundan da başqa tarixlər boyu görünməmiş bir hadisə - Rza şahın Türkiyəyə 1934-cü il iyunun 10-da başlayıb, 6 iyulun 6-da başa çatan 27 günlük səfəri Rza şahın Mustafa Kamal Paşa Atatürkdən modern dövlət quruculuğu strategiyasını uğurla həyata keçirə bilmək üçün dəstək aldığını açıq ifadə edir.
Son illərdə Rza şah Pəhləvinin Atatürklə Azərbaycan dilində danışdığı bir video kadr da meydana çıxıb (https://www.facebook.com/watch/?v=251007033627405).
Biz bu lentdəki kadrların fotosu ilə də qarşılaşmışıq. Rza şahın Azərbaycan türkcəsində danışması şübhə doğurmur. Çünki ikinci həyat yoldaşı,Məhəmməd şah Pəhləvinin anası Tacülmüluk (əsl adı Nimtaç Ayrımlı) Azərbaycanlı (Bakıdan) olmuşdur.
Rza şah Şərqin ən böyük geriliyi İslam dini altında xurafat, cəhalət mənbəyi olan mövhumatı aradan qaldırmaq, mollaxana təhsilinə son qoymaq, yeni dünyəvi məktəblər açmaq, qadınların hüquqlarını - baş örtüyü – hicab məsələsini, ümumiyyətlə qadın azadlıqlarını həyata keçirmək və s. üçün geniş islahat həyata keçirirkən Mustafa Kamal Paşa Atatürk siyasətindən bəhrələnmişdir. Bunu Rza şahın qəbul etdiyi “baş örtüyü - çarşafı qadağan, qadın və kişilərin yeni geyim formalarını ehtiva edən” Qanun təsdiq edir.
Əsas mövzumuza qayıdaraq bu islahatların və Rza şahın yeni İran məqsədinin sözsüz ki, Sovet Azərbaycanın dan gəlmiş, həm də qarışıq millətlərdən ibarət ailəsinə öz müsbət təsirini göstərmişdir. Bundan başqa Rza şahın anası Nushafarin Zəhra Müslümanın Gürcüstan köçməni olduğunu xatırlamaq yerinə düşər. Ehtimallara çıxış edib bir qənaətimizi də qeyd etmək istərdik. Bu Gürcüstan köçməni Nushafarin Zəhra Müslümanın hansı millətdən olması ilə bağlıdır. Belə ki, Riza Şah İran tarixində yəhudilərə hörməti, ehtiramı olmuş şah kimi tanınır. Yəhudilərin onu ikinci Kuroş (Kir) adlandırması heç də təsadüfi deyil. Yəhudilər Böyük Kir hökmdarını yəhudilər 2500 il İranda həyatlarının təhlükəsizliyini, hüquqlarını qorummasını təmin etmiş Kral kimi yüksək qiymətləndirirdilər. Rza şahın yəhudilərə İran tarixində 1400 ildən sonra hörmət göstərməsi, onları əzməməsi yəhudi millətinin onu ikinci Kuros adlandırmasına əsas olmuşdur.
Bundan çıxış edərək biz Lütfi Zadənin anasının yəhudi millətindən olmasının bu ailəni Rza şahın yəhudilərə hörmət siyasəti çərçivəsində qorumasına təsir etdiyi fikrini irəli sürürük. Bundan başqa Rza şahın anasının Gürüstan yəhudilərindən ola biləcəyəini ehtimal edirik və əsas məsələ dahi Lütfi Zadənin bu və digər xoş təsadüflər nəticəsində dünyanın zülmkar – “qorxulu İran” şahlarından, eləcə də siyasi liderlərindən biri olan bozorg Rza şah Pəhləvi dövründə məhv olmadığını, əksinə həyatın burulğanından sağ və hətta uğurlarla çıxdığını düşünürük.
Davamı olacaq
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.