Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.03.2023 11:40
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev “Sultan Baybars və onun türk tarixində yeri” mövzusunda beynəlxalq konfransda çıxış edib

Akademik Şahin Mustafayev “Sultan Baybars və onun türk tarixində yeri” mövzusunda beynəlxalq konfransda çıxış edib

Lev Qumilyov adına Avrasiya Milli Universitetində Sultan Baybarsın anadan olmasının 800 illiyinə həsr olunmuş “Sultan Baybars və onun türk tarixində yeri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırali, Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Aşat Oralov və Avrasiya Milli Universitetinin rektoru Erlan Sıdıkov, o cümlədən tanınmış ictimai xadimlər, diplomatik missiyaların nümayəndələri, Qazaxıstanın və digər ölkələrin alimləri iştirak ediblər.

Qeyd edək ki, konfrans bu il Qazaxıstanda Sultan Baybarsın 800 illik yubileyinə həsr olunmuş milli səviyyədə qeyd olunan silsilə tədbirlərin ilki olub. Konfransın əsas məqsədi Sultan Baybars haqqında ən son məlumatları araşdırmaq, onun irsininin gənc nəsil arasında təbliğinə dəstək verməkdir.

Tədbirdə çıxış edən akademik Şahin Mustafayev Sultan Baybarsın türk xalqlarının görkəmli şəxsiyyətlərindən olduğunu vurğulayıb.

Qazaxıstanın Sultan Baybarsın 800 illik yubileyini ən yüksək səviyyədə qeyd etməsini müsbət təşəbbüs kimi qiymətləndirən akademik Şahin Mustafayev Sultan Baybarsın fəaliyyətinin Qazax çölü ilə sıx bağlı olduğunu bildirib. Qeyd edib ki, İslam sivilizasiyasının qorunub saxlanmasında bu görkəmli şəxsiyyətin əvəzsiz xidmətləri olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: