Kosmik hava durumu - Hesabat dövründə maksimum alışma martın 9-u saat 02:40-da 3245 oblastında baş vermiş M 136 sinifli alışma olub. Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 146-dır. Yerə doğru yönəlmiş CME (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmayıb.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli geosinxron orbitdə pik səviyyədə (4293 pfu), 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.
Son sutka ərzində radiosiqnalların R1 səviyyəli kəsilməsi qeydə alınmışdır.
Günəş küləyi sürətinin maksimal qiyməti 506 km/san olmuşdur. Mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri zəifləmişdir, nəticədə planetlərarası maqnit sahəsinin ümumi intensivliyi azalaraq Yer orbitində 5 nT, radial istiqamətdə isə -4 nT olmuşdur.
Geomaqnit sahənin vəziyyəti son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda isə Kp indeksi 2-ə bərabərdir.
Kosmik hava proqnozu - Proqnoz günlərində (09 -11mart) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M sinif 40%, X sinif isə 10% təşkil edir. 11 martda 3242 və 3245 oblastları səbəbli R1-R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi gözlənilir.
2 MeV-dən çox enerjili elektron selinin 9 martda pik səviyyədə olacağı sonra qismən zəifləyəcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
6 martda baş vermiş CME ilə əlaqədar yeni zərbə dalğaları olmazsa, kosmik havanın sakit olacağı, 11 martda isə digər CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir. Proqnoz dövründə geomaqnit qasırğası gözlənilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.