Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sammitdə çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tarix boyunca türkdilli xalqların birlikdə mühüm nailiyyətlərə imza atdıqlarını bildirib. O, Ortaq Türk Televiziya Kanalının yaradılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, həmçinin Türk Şurasının beynəlxalq qurumlarda fəal təmsil olunmasının əhəmiyyətini önə çəkib.
Prezident İlham Əliyev Türkdilli ölkələrin əməkdaşlığının təməlində ortaq mədəniyyətimizin, etnik köklərin dayandığını bildirib. Türk dövlətləri arasında humanitar sahə ilə bağlı görüləcək işlərdən söz açan Prezident bu baxımdan bütün türk xalqlarını birləşdirən TÜRKSOY-un fəaliyyətinin xüsusi yeri olduğunu dilə gətirib.
Ortaq televiziya kanalının qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacağına əminliyini ifadə edən Azərbaycan Prezidenti bu gün dünyada informasiya təhlükəsizliyinin xüsusi yer tutduğunu diqqətə çatdırıb: “Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq”.
Tədbirdə Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ortaq türk tarixi fənninin tədrisinin vacibliyi müzakirə olunub, bu baxımdan Türk Akademiyasının rolu yüksək qiymətləndirilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində AMEA prezidenti, akademik Akif Əlizadə də iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir