Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2023 09:52
  • A-
  • A
  • A+

Gəncədə “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda konfrans keçirilib

Gəncədə “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Nizami Gəncəvi Muzeyinin akt salonunda keçirilən elmi-praktik konfransı açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib. Akademik, həmçinin Ümummilli Lider Heydər Əliyevin daim Azərbaycanın tarix və mədəniyyətinə böyük töhfələr verən Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini vurğulayıb.

Elmi-praktik konfransda Nizami Gəncəvi Muzeyinin direktoru Elşən Hacıyev “Heydər Əliyev və Nizami Gəncəvi dühası”, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin rəhbəri Xəzangül Hüseynova “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik” və Gəncə Bölməsinin əməkdaşları professor Həsənbala Sadıqov “Heydər Əliyevin Gəncə şəhərinə tarixi səfərləri və Nizami Gəncəvi məqbərəsi ilə bağlı məsələlər”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin Azərbaycan nizamişünaslığının inkişafında rolu”, Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Heydər Əliyev və Nizami Gəncəvi irsi”, Bölmənin Elmi kitabxananın müdiri Vüsalə Hüseynova “Nizami Gəncəvi əsərlərinin nəşrində Heydər Əliyevin rolu”,  Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin böyük elmi işçisi Mətanət Əliyeva “Heydər Əliyev Fondu və Nizami Gəncəvi irsi”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Xəyalə Hüseynova “Heydər Əliyev dini-mənəvi dəyərlərin qoruyucusu kimi”, Mərkəzin kiçik elmi işçisi Türkan Verdiyeva “Heydər Əliyev və Nizami Gəncəvi məqbərəsi”, Mərkəzinin böyük elmi işçisi, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva “Ulu Öndər Heydər Əliyevin natiqlik məharəti”, Mərkəzin şöbə müdiri Təranə Verdiyeva “Xəlil Yusifli və Nizami Gəncəvi”, Mərkəzin kiçik elmi işçisi Leyla Kərimova “Heydər Əliyev şəxsiyyətində Azərbaycanın tarixi hökmdarlarının xüsusiyyətlərinin milli təzahürü” mövzularında məruzələr dinlənilib.

Konfransda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlardan Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Azərbaycan Texnologiya Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Məmmədova və Gəncə Dövlət Universitetinin müəllimi Vüsal İsgəndərov çıxış ediblər.

Tədbirin sonunda Gəncə Bölməsi tərəfindən hazırlanan, Ulu Öndər Heydər Əliyevin dahi mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin qorunması və dünya miqyasında təbliği üzrə strateji məqsədlərindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub. Gəncənin musiqi məktəblərinin yaradıcı kollektivləri isə Nizaminin sözlərinə yazılan əsərlərin ifası ilə tədbiri daha da rəngarəng ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: