Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.03.2023 17:11
  • A-
  • A
  • A+

Bərdədə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış sikkələrin təmizlənərək numizmatik təyinatı müəyyənləşdirilib

Bərdədə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış sikkələrin təmizlənərək numizmatik təyinatı müəyyənləşdirilib

2018-ci ildə Bərdə şəhərinin Torpaqqala ərazisi və Qaratəpə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılarda 20 000-dən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanmışdır.

Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə həyata keçirilən bu qazıntılarda Nizami Gəncəvi Mərkəzinin Arxeoloji Ekspedisiyası üzvləri qismində Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya” elmi fond şöbəsinin əməkdaşları – Aslan Qasımov və Mircavid Ağalarov iştirak ediblər. Arxeoloji qazıntı nəticəsində əldə edilən tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin müvafiq fondlarına təhvil verilib. Pandemiya səbəbindən əldə edilən materialların seçilməsi və təsnifatı işində müəyyən qədər fasilə yaransa da, sonradan bu iş daha intensiv aparılıb.

Əldə edilən materiallar sırasında numizmatik faktla - sikkələr ayrıca seçilmiş və təmizlənilməsi məqsədilə muzeyin Bərpa laboratoriyasına təhvil verilmişdir. Bərpa laboratoriyasının bərpaçı-rəssamı Dinarə Ağayeva tərəfindən ultrasəsli aparatla çirkdən, paxır və ərpdən təmizlənilən sikkələrə ikinci həyat verilib.

Muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova tərəfindən sikkələrin numizmatik təyinatı müəyyən edilmiş və nəticədə əksəriyyətinin mis olmaqla Abbasilər, Azərbaycan atabəyləri, Səlcuqlular, Səfəvilər dövründə zərb edilmiş sikkələr olduğu məlum olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: