Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2023 09:10
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin mayı

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin mayı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 may. Prezident Heydər Əliyev dünya kinosunun 100 illiyi münasibətilə “Festivallar Festivalı”nın açılışına həsr olunmuş tədbirdə nitq söylədi.

5 may. Azərbaycanın Milli qəhrəmanlarına və şəhid Milli qəhrəmanların ailə üzvlərinə və valideynlərinə “Qızıl ulduz” medallarını təqdim etdi.

8 may. Azərbaycan Prezidentinin 75 illik yubileyi ilə əlaqədar Bakıya gəlmiş xarici ölkələrin nümayəndə heyətlərinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söylədi.

9 may. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 53-cü ildönümü münasibətilə təntənəli mərasimdə çıxış etdi.

10 may. Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdü.

12 may. Dünyaşöhrətli alim, Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, professor İhsan Doğramacını qəbul etdi.

13 may. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil almış tələbə yoldaşları ilə görüşdü.

14 may. Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə nitq söylədi.

17 may. Xalq rəssamı Tahir Salahovla görüşdü.

22 may. Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının konsertinə tamaşa etdi.

27 may. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış etdi, Cümhuriyyətin görkəmli xadimlərinin qohumları ilə görüşdü.

28 may. ABŞ-nin görkəmli siyasi xadimi Zbiqnev Bjezinskini qəbul etdi.

30 may. BMT Baş Katibinin köçkünlərlə iş üzrə xüsusi nümayəndəsi Frensis Denqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin mədəni həyatında bir müddət böyük çətinliklər yaşandı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinin də tərəqqi dövrü başladı. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər. Dahi rəhbər onların zəhmətini, əziyyətini yüksək qiymətləndirir, onlardan qayğısını əsirgəmirdi. Ulu Öndər dünya kinosunun 100 illiyi münasibətilə keçirilən “Festivallar Festivalı”nın açılışında çıxışı zamanı bunu bir daha dilə gətirdi: “Mən dəfələrlə demişəm və bu gün bir daha demək istəyirəm ki, tamaşaçı səhnəyə baxır, artist çıxış edir, rolu oynayır, o, tanınmış adamdır, onu alqışlayırlar və sairə. Amma insan səhnəyə çıxanadək nə qədər zəhmət çəkir, nə qədər həyəcan keçirir, səhnənin arxasında nələr baş verir – bunları heç də hamı bilmir. Ancaq mən bilirəm. Ona görə də teatr işçilərinin əməyini, kino-aktyor, rejissor əməyini yüksək qiymətləndirirəm və bu gün də həmin hisslərlə sizinlə görüşə gəlmişəm”.

Heydər Əliyev böyük dövlət xadimi, dünyaşöhrətli siyasətçi olmaqla yanaşı, öz sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi ilə də qəlblərdə silinməz iz qoymuş şəxsiyyətdir. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət rəmzinə çevrilən Ulu Öndər heç vaxt dəbdəbəli həyat, şan-şöhrət dalınca qaçmır, hətta ad gününün qeyd olunmasını istəmirdi. Bununla da bəzi şöhrətpərəst insanlara, xüsusən məmurlara ibrət dərsi verirdi.

Azərbaycan Prezidentinin 75 illik yubileyi ilə əlaqədar 1998-ci ilin mayında Bakıya xarici ölkələrin nümayəndə heyətləri gəlmişdi. Bu münasibətlə təşkil edilmiş rəsmi qəbulda Heydər Əliyev keçdiyi həyat yolundan danışdı: “Aydındır ki, 75 yaş tamam olur və yaranmış ənənəyə, xalq adətinə görə, belə hallarda səbəbkarı təbrik edirlər. Lakin mən özümün çoxillik həyatım ərzində öz ad günümü, xüsusən də belə bütöv rəqəmli tarixi heç vaxt qeyd etməmişəm. Ad günümdə uzağı ailəm, həyat yoldaşım, övladlarım ilə birlikdə nahar edə bilərdik”.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra İkinci Dünya müharibəsi iştirakçıları da xüsusi qayğı ilə əhatə olundu. Vaxtilə diqqətdən kənarda qalmış bu insanlar Ümummilli Liderin sayəsində cəmiyyətdə layiqli yerlərini tutdular. 9 May - Qələbə Günü yenidən dövlət bayramı kimi qeyd olunmağa başlandı.

Heydər Əliyev İkinci Dünya müharibəsi iştirakçılarını “xalqımızın qızıl fondu” adlandırır, həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin edirdi. Faşizm üzərində qələbənin 53-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışı onun müharibə iştirakçılarına verdiyi qiymətin bariz nümunəsidir.

Sitat: Bu gün biz İkinci Dünya müharibəsində həlak olmuş, alman faşizminə qarşı vuruşaraq həlak olmuş insanların hamısının xatirəsini yad edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Çünki bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir. Biz bütün həlak olanların xatirəsini həmişə yad etmişik və yad edirik.

Ulu Öndər azərbaycanlı olması ilə fəxr edirdi. Deyirdi ki, həyat yolunun ən əhəmiyyətli, ən şərəfli hissəsi müstəqil Azərbaycana başçılıq etdiyi illərdir. O, Azərbaycanın müstəqil dövlət olması və bu dövlətə ən çətin vaxtlarda rəhbərlik etməsi ilə qürur duyur, müstəqilliyi əbədi etmək üçün fədakarcasına çalışırdı. Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə 1998-ci ilin mayında keçirdiyi görüşdə də bunu xüsusi vurğuladı.

Sitat: Çoxillik həyatımın ən əhəmiyyətli hissəsi, həyat yolumun mənim üçün ən şərəfli hissəsi son illərdir – müstəqil Azərbaycana başçılıq etdiyim illərdir. Mən fəxr edirəm ki, Azərbaycan xalqı, nəhayət, öz milli azadlığına nail olubdur. Fəxr edirəm ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq Dünya Birliyinin üzvüdür. Fəxr edirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi ilk addımlarını atarkən, ilk illərini yaşayarkən, dövlət quruculuğu prosesi ağır və çətin bir şəraitdə keçərkən mən Azərbaycan dövlətinə başçılıq edirəm.

...Nəhayət, bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir. Azərbaycan dövlətinin, xalqının bu ali məqsədlərini həyata keçirmək üçün mən son illər fədakarcasına çalışmışam və əmin ola bilərsiniz ki, bundan sonra da çalışacağam”.

Xalqımızın tarixində ən mühüm günlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Ulu Öndər Cümhuriyyətin rolunu, onun qurucularının fəaliyyətini yüksəl qiymətləndirdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış etdi, müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoyanların xidmətlərini bir daha vurğulayaraq dedi: “Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları – Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Ulu Öndər müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edirdi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da Heydər Əliyevin adı ilə bağlıdır.

  • Paylaş: