N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Şamaxı və Bakı bölmələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə ŞAR əməkdaşlarının soyqırımla bağlı çıxışları dinlənilib.
Tədbiri ŞAR-ın Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri, f.r.ü.f.d. Kamal Hüseynov açaraq 31 mart soqırımının siyasi motivlərindən danışıb. O bildirib ki, bolşevik rejimi tərəfindən ermənilərin əli ilə törədilən bu soyqırım, 1918-ci ildə Azərbaycanda vüsət alan müstəqillik, azadlıq ideyalarını boğmaq məqsədi daşıyırdı. Qorxu psixologiyası ilə milli ruha zərbə vurmaq, milli oyanışın qarşısını almaq üçün Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın təşkilatçılığı ilə erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərə, tikililərə od vurulması insanlıq ləkəsi kimi tarix səhifələrinə həkk olunub.
Sonra ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Canməmməd Rüstəmov çıxış edib. Natiq öz çıxışnda soyqırımın dəhşətli statistik göstəricilərini sadalayıb. Qeyd edib ki, bu insanlıq faciəsində Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında yüzlərlə kənd tamamilə yandırılaraq, sakinləri qətlə yetirilmişdir. Bakıda 12 000, Şamaxıda 8 000, Qubada 6 000 olmaqla, ümumilikdə isə Qarabağda, Zəngəzurda, Naxçıvan və Lənkəranda törədilən qırğınlar nəticəsində 50 000-ə yaxın soydaşımız soyqırımın qurbanı olub.
Daha sonra isə rəsədxananın İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli çıxış edib. O da öz növbəsində mart soyqırımı haqqında dünya mediasında dərc olunan kitablardan, qəzet və jurnallardan, aparılan təbliğat kompaniyalarından və dünya ictimaiyyətinin bu hadisə ilə bağlı mövqeyindən danışıb. Müxtəlif müəlliflərin mart soyqırımı ilə bağlı qeydlərindən, həmçinin soyqırım təşkilatçılarının etiraflarından sitatlar gətirən Orxan Salehli, mart soyqırımına beynəlxalq arenada hüquqi qiymət verilməsi üçün soyqırım həqiqətlərinin təbliğatının vacibliyini vurğulayıb.
ŞAR-ın Şamaxı bölməsində isə rəsədxana kollektivi Şamaxı şəhərində yerləşən soyqırım abidənisi ziyarət edib. Rəsədxana rəhbərliyi və ŞAR struktur bölmələrinin əməkdaşları 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.