Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.12.2024 14:54
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş konfrans keçirilib

Əlyazmalar İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş konfrans keçirilib

19-20 dekabr 2024-cü il tarixlərində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi konfransın plenar iclasını giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açaraq, Akademiyanın elmi ənənələrin qorunub saxlanılması, yeniləşmə prosesləri, elmin inkişafı istiqamətində gördüyü işlər və əvəzsiz xidmətlərindən bəhs edib. Gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu xüsusilə vurğulayan alim nitqində qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin milli təəssübkeşlik, vətənpərvərlik və mənəvi-əxlaqi dəyərləri özündə əks etdirən əsərlərindən nümunələr gətirərək ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını qeyd edib. T.Kərimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş bu konfransın məhz gənclər tərəfindən keçirilməsini təqdirəlayiq hesab edərək tədbirin işinə uğurlar arzulayıb, çıxış üçün sözü AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev və sədr müavini f.ü.f.d. Şəfa Əliyevaya verib.

Elmir Babayev və Şəfa Əliyeva çıxışlarında il ərzində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının ölkənin bir sıra aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə təşkil etdikləri konfranslar, simpoziumlar və maarifləndirici seminarlardan, gənclərin müasir elmimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb, Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından AMEA-nın müqayisəedilməz rola malik olduğunu söyləyiblər.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında respublika əhəmiyyətli tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından xüsusi mahiyyət kəsb etdiyini diqqətə çatdırıb, konfransın təşkil olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinə öz minnətdarlığını bildirib.

Konfransda Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı Sevinc Həzrətquliyevanın “Banu-Hilal” dastanını əhatə edən dövrdə Ərəbistan Yarımadasındakı qadınların vəziyyəti” və AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi, Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Zeynəb Həcəmovanın “İdarəetmədə sosial qavrayış və anlamanın ictimai münasibətlərin genezisi kimi sosial-psixoloji təhlili” adlı məruzələri dinlənilib. Konfrans öz işinə bölmə iclasları ilə davam edib.

Tədbir çərçivəsində iştirakçılar baş mühafiz fil.e.d., dosent Səbinə Əhmədovanın müşayiəti ilə institut fondunda mühafizə olunan əlyazma nümunələri, tərcüməçi Aysel Atakişiyevanın müşayiəti ilə institutun Ekspozisiya zalı, baş mütəxəssis Təhminə Tağıyeva və mütəxəssis Şəhla Ramizin müşayiəti ilə Əlyazmaların gigiyena və bərpası laboratoriyası ilə tanış olublar.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: