AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qadınlar Şurasının təşəbbüsü ilə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətinə həsr olunmuş “Azərbaycan xanımının zəriflik timsalı Zərifə Əliyeva” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli bildirib ki, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.
Tədbirdə professor Sayalı Sadıqova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi”,
institutun Qadınlar Şurasının sədri filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova “Zərifə Əliyeva... Güclü qadın... Xoşbəxt ailə” adlı məruzələrlə çıxış ediblər.
Professor Sayalı Sadıqova vurğulayıb ki, akademik Zərifə Əliyeva zəngin elmi irs qoymuşdur: “150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır”.
Şəbnəm Həsənli-Qəribova çıxışında qeyd edib ki, Zərifə xanımın uzun illər Azərbaycan qadın hərəkatının fəal üzvü olub, qadınların hüquqları və sağlamlığı ilə bağlı layihələrə dəstək verib. Onun təşəbbüsü ilə bir sıra göz xəstəliklərinin profilaktikasına aid tədbirlər həyata keçirilib. O, böyük siyasətçinin xanımı olmaqla yanaşı, ictimai məsuliyyət daşıyan vətəndaş, xeyirxah insan və fədakar ziyalı idi. Biz bu gün onun zəngin irsini yalnız xatırlamamalı, onu yaşatmalı, yeni nəsillərə örnək kimi təqdim etməliyik.
Tədbirdə çıxış edən alimlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan elmini, oftalmologiyasını inkişaf etdirdiyini və bütün dünyada tanıtdırdığını deyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.