ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva açaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. İnsan hüquqları və mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən danışıb. Qeyd edib ki, müasir mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətində iki sənəd daha əhəmiyyətlidir. Bunlar ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır.
Professor Botanika İnstitutunun əməkdaşlarının kifayət qədər ziyalı, öz hüquq və vəzifələrini bilən elm adamları olduğunu və mövcud işgüzar mühitdə yüksək nəticələrə nail olduqlarını dilə gətirib. Botaniklərin ən vacib vəzifələrinin “Qarabağ florası” və “Azərbaycan florası” kitablarının ərsəyə gətirilməsi olduğunu da qeyd edib.
İnstitutun elmi katibi, b.ü.f.d. Nigar Mürsəl qızı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən bu il 18 may-18 iyun tarixləri Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə bağlı müraciətini səsləndirib.
B.ü.f.d., dosent Sadıq Qarayev “Azərbaycan vətəndaşının hüquq və vəzifələri” mövzusunda çıxış edərək, hüquqi aktlarda insan hüquq və azadlıqlarına aid olan maddələr və müddəaları şərh edib. Məruzəçi insanın ailədə və cəmiyyətdə öz hüquqlarını bilməsi üçün aparılan təbliğatlara həssaslıqla yanaşılmalı olduğunu qeyd edib. Həmçinin iş yerlərində mümkün imtiyazlardan yararlanmaq hər bir əməkdaşın hüququ olduğu kimi, öhdəsinə düşən vəzifələri də lazımı səviyyədə yerinə yetirməli, vəzifəsindən irəli gələn məsuliyyəti daşımalı olduğunu vurğulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova “İnsan və vətəndaş hüquqları necə qorunur” mövzusunda məruzə edib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının ali dəyər hesab edildiyini, ənənəvi olaraq hər il 18 may - 18 iyun tarixləri arasındakı müddətin ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.