Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2025 10:20
  • A-
  • A
  • A+

Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi - praktiki seminar keçirilib

Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi - praktiki seminar keçirilib

Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, azad edilmiş ərazilərdə birbaşa dövlət rəhbərliyinin dəstəyi ilə aparılan arxeoloji araşdırmalar sırasında Azıx mağarısında müasir elmin tələblərinə cavab verən tədqiqatlar xüsusi önəm daşımaqdadır. “Danimarkanın Orhus Universiteti ilə imzalanmış əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq 2023-cü ildən etibarən fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiya Azıx mağarasında müxtəlif elmlərin fövqündə arxeometrik tədqiqatlara başlamışdır. Bu ekspedisiyanın əsas məqsədi qədim məskəndən qeyri-üzvü və üzvü nümunələrin götürülməsi və nümunələrin müxtəlif istiqamətli analizlərə cəlb edilməsidir. Bu analizlər nəticəsində Qarabağ ərazisində paleolit dövründəki ekoloji durum, iqlim, erkən insanlar, onların həyat tərzi, qidalanması və d. istiqamətlər üzrə məlumatlar əldə ediləcəkdir. Bu tədqiqatlara paralel olaraq biz azad edilmiş ərazilərdə gələcəkdə müxtəlif çeşidli laboratoriyalar şəbəkəsinin yaradılmasını planlaşdırmışıq. İştirakçısı olduğumuz beynəlxalq elmi-praktik seminarda aparılmaqda olan tədqiqatların mahiyyəti və ilkin nəticələri barədə məlumat veriləcəkdir”, - deyə F.Quliyev vurğulayıb.

Danimarka, Norveç və Almaniyadan olan alimlərdən ibarət beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri institutun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalovun “Azərbaycanda paleolitin öyrənilmə tarixi barədə” mövzusunda təqdimatı maraqla dinlənilib. A.Zeynalov Azərbaycanda paleolit düşərgələrinin axtarış mərhələlərindən, faktiki olaraq respublikamızda paleolit arxeologiyasının əsasını qoymuş mərhum Məmmədəli Hüseynovun 60-cı illərdə Qarabağın Quruçay və Köndələnçay çayları sahillərində apardığı arxeoloji kəşfiyyat işlərindən, çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini kəşf etməsindən, həmrəhbəri olduğu beynəlxalq arxeoloji ekspedisiyanın gördüyü ilkin işlərdən danışıb.

“Azıx mağarası - homininlərin təkamülü və ətraf mühit dəyişikliklərinin salnaməsi” mövzusunda çıxış edən beynəlxalq elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya Elmləri Departamentinin professoru Mads Faurschou Knudsen Azıx mağarasının elmi əhəmiyyəti barədə söz açıb. Professor M.F.Knudsen radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə analizlərinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, homininlərin inkişaf etmiş növləri 4.2 milyon il əvvəl Afrikada yaranmışdır və dinamik dəyişikliklərlə Avrasiyaya yayılmışdır. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir.

Norveçin Oslo Universitetinin professoru, arxeoloq David Keith Wright “Biomarker yanaşması - bu metod bizə Azıx mağarasındakı insan məskunlaşmaları haqqında nə deyə bilər?” mövzusunda təqdimatla çıxış edib. Onun və Orhus Universitetinin Geologiya elmləri departamentinin dosenti xanım Rachel Lupien ilə birgə hazırladığı təqdimatın əsas mahiyyəti Azıx mağarası və ümumiyyətlə, paleolit dövrü təbəqəsində biomarkerlərin (kimyəvi birləşmələrin) aşkar edilməsi və analizi barədə tədbir iştirakçılarını məlumatlandırmaq idi. Belə ki, biomarkerlər keçmiş qədim biocoğrafi və ətraf mühit şəraitini müəyyən etməyə və müəyyən dərəcədə insan fəaliyyətini anlamağa imkan yaradır.

Kopenhagen Universitetinin, Globe İnstitutunun Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welkerin “Qədim zülal analizləri vasitəsilə insan təkamülünün öyrənilməsi” - mövzusunda təqdimatı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Dosent F.Welker çıxışında zülallardan ibarət canlı orqanizmlərin qalıqlarının identifikasiya metodlarından söz açdı. Natiq bildirib ki, aşkar edilmiş sümük fraqmentlərinin zülal analizi onun hansı canlıya məxsus olması, yaşı, cinsi, qidalanma rasionu və d. istiqamətlər üzrə məlumatlar verə bilər.

Daha sonra mühazirəçilər iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva mötəbər tədbirin təşkili üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəhbərliyinə, həmçinin, beynəlxalq elmi ekspedisiyanın üzvlərinə öz minnətdarlığını bildirib. Azərbaycan və ingilis dillərində çıxış edən Səbinə Hacıyeva qeyd edib ki, Azıx mağarasında tapılmış qədim homininin qadın olması da simvolik məna daşıyır. “Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji və arxeometrik tədqiqatlar daim dövlət rəhbərliyinin, aidiyyatı olan dövlət orqanlarının və təmsilçisi olduğum Mədəniyyət Nazirliyinin diqqətindədir”, - deyə S.Hacıyeva vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun professoru, tarix elmləri doktoru Hidayət Cəfərov öz çıxışında Azərbaycan arxeologiyasının XX əsrdə keçdiyi yoldan, əldə etdiyi uğurlardan və arxeoloqlarımız qarşısında duran vəzifələrdən danışıb.

Tədbirdə, həmçinin beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyətində təmsil olunmuş Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Andrew Sean Murrayın elmi karyerasının son günü və ekspedisiyadan sonra təqaüdə çıxması ilə əlaqədar olaraq yubilyara professor Mads Faurschou Knudsen tərəfindən alqış sədalarının müşayiətilə hədiyyə verildi. Eyni zamanda, institutun direktoru F.Quliyev bildirib ki, bu gün həmçinin Azərbaycan arxeologiyasının tannımış simalarından biri - tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyevin də 70 illik yubileyidir. Tədbir iştirakçıları Təvəkkül Əliyevi yubileyi münasibətilə təbrik ediblər.

Tədbirin sonunda Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev beynəlxalq elmi ekspedisiyaya işində uğurlar arzulayıb. Həmçinin F.Quliyev bildirib ki, Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) ilə bağlanmış əməkdaşlıq barədə razılaşmaya əsasən bu ilin avqust ayında Azıx mağarası ərazisində 2024-cü ildə tədqiqatlara başlamış həmin mərkəzlə birgə beynəlxalq arxeoloji ekspedisiya da fəaliyyətini davam etdirəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: