Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2025 11:04
  • A-
  • A
  • A+

“Ərəbdilli əlyazmalarda azərbaycanlı müəlliflər” mövzusunda tədbir keçirilib

“Ərəbdilli əlyazmalarda azərbaycanlı müəlliflər” mövzusunda tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin təşkilatçılığı ilə “Ərəbdilli əlyazmalarda azərbaycanlı müəlliflər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında alimlərimizin müxtəlif elm sahələrini əhatə edən ərəbdilli əlyazma əsərlərinin tədqiqi ilə geniş şəkildə məşğul olduğunu vurğulayıb. Bildirib ki, klassik şairlərimizin yaradıcılığının ərəb dilində olması onun öyrənilməsini çətinləşdirməklə yanaşı, bu xəzinəyə sahiblik iddiasında olanların sayını artırır. Buna görə də, gənc kadrlar ədəbiyyatşünaslıq elmində klassik dövrə aid abidələrin oyrənilməsinə xüsusi diqqət yetirməli, bu sahədə böyük töhfəsi olan alim və mütəxəssislərimizin biliyindən daim yararlanmalıdırlar.

Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov “Məhəmməd Əmin Şirvaninin əlyazma kolleksiyası” adlı məruzəsində din xadimi ailəsində dünyaya göz açmış, İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuş, "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifi, Osmanlı təfsir alimi Məhəmməd Əmin Şirvaninin yaradıcılığından, onun institutumuzda mühafizə olunan əlyazma kolleksiyasından bəhs edib. Ədibin Osmanlı İmperiyasında tanınmış müfəssir, mütəkəllim, dinlər tarixçisi və filoloq olduğunu vurğulayan alim onun bir çox əsərlərinin əlyazma nüsxələrinin Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanıldığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçiləri - fəl.ü.f.d., dosent Rübabə Şirinovanın “İmam Bağavinin “Məsabih əs-Sünnə” əsərinə Xətib Təbrizinin “Mişkatül-məsabih” adlı şərhi”, fil.ü.f.d. Sevinc Bayramovanın “Orta əsrlərdə ərəb dilçiliyinin inkişafında Azərbaycan alimlərinin rolu” (videoslayd əsasında) və həmin şöbənin böyük elmi işçisi Yeganə Rəhnullanın “Səfiəddin Urməvi və onun “əl-Ədvar” əsəri” (videoslayd əsasında) mövzularında məruzələri dinlənilib. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: