AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d, dosent Müzəffər Hüseynov və Lola Hüseynova 26-30 may 2025-ci il tarixləri arasında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi (Mədəni İrs və Muzeylər Baş İdarəsi) və Mersin Universitetinin əməkdaşlığı ilə Mersin Universiteti Prof. Dr. Uğur Oral ad. Mədəniyyət Mərkəzində keçirilən 45-ci Beynəlxalq Qazıntı, Tədqiqat və Arxeometriya simpoziumunda iştirak ediblər.
Simpoziumda Türkiyədə 2024-cü il ərzində yerli və xarici alimlər tərəfindən aparılmış arxeoloji qazıntılar, bərpa-konservasiya işləri, arxeoloji kəşfiyyat, antropoloji və arxeometrik tədqiqatlardan əldə edilən məlumatlar dünyanın bir çox ölkəsindən tədbirdə iştirak edən elm adamlarına çatdırılıb. Tədbirdə t.ü.f.d, dosent Müzəffər Hüseynov konfransın gedişatında sədrlik etməklə yanaşı, “İğdır Eli Mərkəz, Qaraqoyunlu və Aralıq İlçeleri Xalkolit, Tunc və Dəmir Dövrü Arxeoloji kəşfiyyat araşdırmaları - 2024-cü il çalışmaları” mövzusunda çıxış edib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Respublikasının İğdır vilayəti ərazisində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktorları, rəhbər Müzəffər Hüseynov olmaqla, üzvlər Səfər Aşurov və Bəxtiyar Cəlilovun təmsil olunduğu elmi heyətin və Türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılmışdır. Bu, AMEA rəhbərliyi tərəfindən dəstəklənən Azərbaycan arxeoloqlarının digər ölkə ərazisində təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə Respublikaları arasında yeni bir ortaq araşdırma istiqamətinin başlanğıcı idi.
Simpozium iştirakçısı olan alim və gənc tədqiqatçı heyəti 31 may 2025-cı il tarixində Mersin əyalətində antik dövrlərdə mövcud olmuş Olba Krallığı, Uzuncaburç (Diokaesareia) şəhər xarabalığı və e.ə 3-cü əsrdə əsası qoyulmuş Kanlıdivane (Neapolis) şəhər yerini ziyarət etmiş, arxeoloji ekspedisiya rəhbərliyinin müşayiəti ilə burada aparılan arxeoloji qazıntı və bərpa işləri ilə yaxından tanış olublar.
Bundan əlavə azərbaycanlı alimlərin heyəti Mersin Arxeoloji Muzeyində və Azərbaycanda uzun müddət arxeoloji qazıntılar aparmış italiyalı arxeoloq professor Gulio Palumbinin Mersin əyalətində tədqiq etdiyi “Yumuktəpə” abidəsində də olublar.
Qeyd edək ki, Türkiyədə Türk və əcnəbi alimlərin iştirakı ilə Qazıntı, Tədqiqat və Arxeometriya araşdırmalarının nəticələrinə həsr olunmuş ilk beynəlxalq simpozium Ankara şəhərində Türkiyə Tarix İnstitutunda 15-18 yanvar 1979-cu il tarixlərində keçirilib. Artıq neçə ildir ki, bu konfrans Türkiyədə turizmin inkişafı və tarixi abidələrin təbliği ilə bağlı müxtəlif şəhərlərdə həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.