AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
Tədbiri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra görkəmli şair Bəxtiyar Vahabzadənin yaradıcılığının fəlsəfi məzmununu təhlil edərək onun dövrünün görkəmli yaradıcı şəxsiyyətlərindən biri olduğunu, eləcə də bir çox filosofların şairin şeirlərinə və irsinə olan vurğunluğunu qeyd edib.
Sonra çıxış etmək üçün sözü Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətliyə verib. E.Mədətli çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında sərəncamının bu böyük mütəfəkkirin yaradıcılığını bir daha tədqiq etmək üçün yeni imkanlar yaratdığını, Bəxtiyar Vahabzadənin fəlsəfi dünyamızın inkişafında şifahi və yazılı xalq ədəbiyyatımızın misilsiz rolu olduğunu, Kitabi-Dədə Qorqud dastanımızda, bayatılarımızda, laylalarımızda, xalqımızın yaratdığı nə varsa hər birinin məzmununda dərin bir fəlsəfi fikir həyat fəlsəfəsi, yaşamaq fəlsəfəsi, mübarizə fəlsəfəsi, hürriyyət, ədalət fəlsəfəsinin olduğunu vurğulayaraq bildirib ki, Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli mütəfəkkirlərdən, şair və filosoflardan, bizim milli istiqlalımızda həqiqətən həm sözü həm əməli, həm də şəxsiyyəti ilə xüsusi yeri olan Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, poeziyasının görkəmli nümayəndələrindən biridir. Şair yaradıcılığında azərbaycançılıq ideologiyası, azərbaycançılıq elementləri, Ana Vətənə sonsuz sevgi, Azərbaycan dilinin mübariz mühafizəçisi, onun keşiyində duran, onu yorulmadan təbliğ edən və böyük bir ədəbi irs yaradaraq bizə yadigar qoyub getmiş, ədəbiyyatımızda böyük bir zirvəni fəth etmişdir.
İnstitut əməkdaşlarından elmi işçi Hafizə İmanova “Ömür” şeirini, Gənc alim və mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli “Gülüstan” poemasından bir hissəsini səsləndiriblər.
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli, f.e.d., prof Adil Əsədov, hüquq elmləri doktoru prof. Habil Qurbanov, f.e.d. Füzuli Qurbanov, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, filologiya elmləri doktoru Esmira Fuad, f.ü.f.d, Əli İbrahimov, f.ü.f.d. Ağasəlim Həsənov, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, çıxış edərək vurğulayıblar ki, Bəxtiyar Vahabzadə vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamış, ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.