Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.04.2025 14:31
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev ilk müzakirə mövzusu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası, eləcə də həmin sərəncamdan irəli gələn vəzifələrə dair AMEA-nın Rəyasət Heyətinin 19 mart 2025-ci il tarixli Qərarında göstərilmiş müddəaların təmin olunması barəsində danışıb.

O, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının bu il qeyd edilən 80 illiyini dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli tarixi hadisə kimi dəyərləndirildiyini qeyd edərək, ölkəmizin elmi ictimaiyyətinin nümayəndələrinin bu əlamətdar tarixə daim öz töhfələrini verdiklərini və  AMEA-nın Gəncə Bölməsinin builki tədbirlər planının da həmin ruhda hazırlandığını diqqətə çatdırıb.

Tədbirlər planının müddəaları və onların həyata keçirilməsi üçün müvafiq vəzifələr haqda danışan akademik Fuad Əliyev Bölmədə bu əlamətdar tarixlə bağlı olan məsələlərə həsr olunan monoqrafiyaların hazırlanması, konfrans və digər elmi toplantıların, sərgilərin təşkil olunması, sənədli filmlərin ərsəyə gətirilməsi kimi tədbirlərin  həyata keçirildiyini bildirib.

Bildirilib ki, artıq Bölmədə “AMEA-80” elmi-nəzəri konfransı keçirilib, Gəncə Bölməsinin 44 illik elmi-təşkilatı fəaliyyətini (1981-2024-cü illər ərzində) əks etdirən elmi əsər işıq üzü görüb, həmçinin “Qərb bölgəsinin elm fədailəri”, “Gəncə incəsənəti”, “Gəncə şəhərinin tarixi”, “Qərb bölgəsinin kimya sənayesi”, “Nizami Gəncəvinin yubileyləri” adlı monoqrafiyalar üzərində işlər aparılır.

Azərbaycan elminin yubiley ilində AMEA-nın Gəncə Bölməsində  həmçinin görkəmli nizamişünas alim, Əməkdar Elm xadimi, professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri”, “Azərbaycan ədəbiyyatı tarixində Gəncə”, “Gəncədən başlayan dövlətçilik salnaməsi”,“Qərb bölgəsində elmin fundamental inkişafının təmin olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən strateji düşüncəsinin məhsuludur”, “AMEA-nın Gəncə Bölməsi və Gəncənin elmi-ədəbi mühiti”, “Qərb bölgəsindəki arxeoloji tədqiqatlar” mövzularında konfrans və dəyirmi masalar keçiriləcək.

İclasda, həmçinin AMEA-nın 80 illik yubileyi ilə bağlı, akademiyanın tarixi və onun inkişaf yolu haqda tezis və məqalələrin müxtəlif elmi məcmuələrdə çap olunması, görkəmli alimlərimizin anım günlərinin keçirilməsi, yubiley ilində elmi və elmi-təşkilati fəaliyyətlərində fərqlənən əməkdaşların Gəncə Bölməsinin Fəxri fərman və mükafatları ilə təltif edilməsi ,“Ən yaxşı elmi işçi” müsabiqəsinin keçirilməsi, Nizami Gəncəvi Məqbərəsinə, Heydər Əliyev Mərkəzinə, “Sələflər və Xələflər” abidə kompleksinə elmi ekskursiyaların həyata keçirilməsi, tələbə-gənclər və məktəblilərlə “AMEA-80. Elmimiz və onun görkəmli simaları” adlı maarifləndirici görüşlərin təşkili, elmin populyarlaşdırılmasına dair kitabların ümumtəhsil məktəblərinə təqdim olunması, AMEA-nın Gəncə Bölməsinin elmi nailiyyətlər sərgisinin hazırlanması, sosial media şəbəkələrində bu elm ocağının əsas nailiyyətlərini, onun inkişafının tarixi mərhələlərini əks etdirən  materialların yayılmasını, onun beynəlxalq əməkdaşlıqlarının, eləcə də xarici tədqiqatçılarla birgə fəaliyyətlərinin kitablar formasında hazırlanıb xarici dillərə tərcümə edilməsi, Bölmədə AMEA-nın 80 illik yubileyilə bağlı görülən işlərin, tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması məsələləri də  müzakirə edilib. Bu tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə əlaqədar institut, şöbə və digər qurumlara və onların rəhbərlərinə müvafiq göstərişlər verilib.

İclasdakı digər müzakirələr Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamı”nın və “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün Gəncə Bölməsinin təklifləri haqda olub.

Toplantıda, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələrı dair məsələlər də müzakirə olunub.

İclasda yaxın dövr üçün AMEA-nın Gəncə Bölməsində keçiriləcək “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” və “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusundakı respublika elmi konfranslarına hazırlıq məsələləri də müzakirə edilib.

Toplantının gedişində “Elektron xidmətlər” şöbəsinin müdiri Fərhad Mirzəyev “Süni İntellektin Azərbaycan ədəbiyyatı və folkloruna təsiri” mövzusunda maarifləndirici xarakterli məruzə edib.

İclasın gündəliyindəki sonuncu məsələ AMEA-nın Gəncə Bölməsində Sənədlərlə iş şöbəsinin yaradılması haqda olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: