Aprelin 22-də AMEA-nın Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, AR ETN-in Riyaziyyat və Mexanika İnstitutunun, Azərbaycan Tibb Universitetinin və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının Türk dünyasının son 100 ildə yetişdirdiyi ən önəmli və əfsanəvi şəxsiyyətlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, professor İhsan Doğramacının Türkiyədə və eləcə də bütün Türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bu gün qürurla, iftixarla xatırlanır.
Professor İhsan Doğramacının Türkiyədə təhsilin inkişafı sahəsində xidmətlərinə toxunan akademik İsa Həbibbəyli alimin təşəbbüsü ilə bu gün qardaş ölkənin və dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Bilkənd və Hacettepe universitetlərinin qurulduğunu, eləcə də Ali Təhsil Qurumunun (YÖK) yaradıldığını, uzun illər Dünya Səhiyyə Təşkilatında Türkiyəni təmsil etdiyini və təşkilatın nizamnaməsinə imzasını atan şəxslərdən biri olduğunu deyib. Həmçinin İraq türkmanlarının görkəmli nümayəndəsi olan İhsan Doğramacının öz doğma yurdunda təhsilin inkişafı, peşəkar tibb ocaqlarının yaradılması və insanlara xidməti sahəsində misilsiz işlər gördüyünü söyləyib.
Professor İhsan Doğramacının hər zaman Azərbaycanı ikinci vətəni kimi qəbul etdiyini və Azərbaycan sevdalısı bir şəxsiyyət olduğunu deyən akademik İsa Həbibbəyli alimlə Ulu Öndər Heydər Əliyev arasında hələ sovet illərindən başlayan sıx dostluq, qardaşlıq bağlarının yarandığını və sədaqətlə, ömürlərinin sonlarına kimi bu dostluğu sarsılmaz şəkildə davam etdirdiklərini bildirib. Diqqətə çatdırıb ki, bu dostluq Azərbaycanla Türkiyə arasında bugünkü birliyin, həmrəyliyin təməllərini təşkil edən mühüm amillərdəndir. Akademik İsa Həbibbəyli 1995, 2000 və 2005-ci illərdə görkəmli alimin yubileylərinin ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu, professor İhsan Doğramacının Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunduğunu söyləyib.
AMEA rəhbəri professor İhsan Doğramacının ölkəmizdə elmin, səhiyyənin inkişafına və tibb üzrə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində unudulmaz fəaliyyətlərinə görə xalqımızın sevgisini qazandığını bildirib. Ümummilli Liderin təşəbbüsü ilə hələ alimin sağlığında akademik Ömər Eldarov tərəfindən heykəlinin hazırlandığını və onların birgə iştirakı ilə Bilkənd Universitetində ucaldıldığını xüsusi vurğulayıb.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində Türk dünyasını ailəmiz adlandırdığını və bu istiqamətdə prioritetləri müəyyənləşdirdiyini bildirən akademik İsa Həbibbəyli Türk dünyasının önəmli siması, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının 110 illiyinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilməsinin Azərbaycan alimlərinin dünyaşöhrətli şəxsiyyətə və Türk dünyasına olan ehtiramının ifadəsi olduğunu deyib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün professor İhsan Doğramacının həyatı və fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, o, 1915-ci ildə İraqın Ərbil şəhərində türkman ailəsində anadan olub, İstanbul Universitetinin Tibb fakültəsini pediatriya üzrə bitirib. Ankara Universitetində çalışdığı illərdə Uşaq Sağlamlığı İnstitutunu qurub və bu müəssisə sonradan Türkiyənin aparıcı tibb müəssisələrindən birinə çevrilən Hacettepe Universitetinin yaradılmasına gətirib çıxarıb. 1984-cü ildə onun təşəbbüsü ilə Bilkənd Universiteti qurulub, 11 il Türkiyənin Ali Təhsil Qurumunun (YÖK) başqanı olub. Türkiyəni uzun illər Dünya Səhiyyə Təşkilatında ən ali şəkildə təmsil edib, UNICEF-in İdarə Heyətinin üzvü kimi uşaqların sağlamlığı və təhsili ilə bağlı vacib qərarların qəbulunda mühüm rol oynayıb. 100-ə yaxın elmi əsərin müəllifi olub, “Yenidoğulmuşlara qulluq” əsəri dəfələrlə nəşr edilib.
Professor İhsan Doğramacının həyatının Azərbaycanla sıx bağlı olduğunu deyən səfir Birol Akgün alimlə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Moskvada başlayan dostluq münasibətlərinin ömürlərinin sonuna kimi davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanda səhiyyənin, təhsilin inkişafına verdiyi xidmətlər onun “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif edilməsilə nəticələnib.
Birol Akgün professor İhsan Doğramacını hörmətlə anıb və onun mirasının əbədi olaraq yaşadılacağını söyləyib, konfransın yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında professor İhsan Doğramacı ilə ilk tanışlığından, onun Bakıya səfərlərindən və Ulu Öndər Heydər Əliyevlə olan sıx dostluq, qardaşlıq münasibətlərindən danışıb. Böyük müəllimi İhsan Doğramacı ilə ilk tanışlığının Moskvada 1980-ci illərin əvvəlində Dünya pediatrlarının tədbirində baş tutduğunu söyləyən akademik Əhliman Əmiraslanov onu Bakıya bütün səfərlərində müşayiət etdiyini vurğulayıb. Qeyd edib ki, 1992-ci ildə Bakıya səfəri zamanı professor İhsan Doğramacının təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin 10 tələbəsi Bilkənd Universitetinə göndərilib və həmin şəxslər sonralar ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr vermişlər.
Ulu Öndərlə professor İhsan Doğramacının dostluq münasibətlərinə ən yaxından şahidlik etdiyini bildirən akademik Əhliman Əmiraslanov iki dostun ömür boyu bir-birlərinə vəfalı, sədaqətli olduqlarını söyləyib.
Daha sonra çıxış edən Xalq rəssamı akademik Ömər Eldarov Ümummilli Liderin təşəbbüsü ilə hazırlanmış və Bilkənd Universitetində ucaldılmış professor İhsan Doğramacının heykəlinin necə ərsəyə gəlməsindən danışıb.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova isə çıxışında professor İhsan Doğramacının Türk dünyasının qürur mənbəyinə çevrildiyini, pediatriya elminin görkəmli nümayəndəsi, Türkiyədə və dünyanın bir sıra ölkələrində təhsil sahəsində inqilabi yeniliklərə imza atmış bir ziyalı olduğunu vurğulayıb.
“İhsan Doğramacının həyatı və fəaliyyəti bizə keçmişə hörməti, gələcəyə ümidlə baxmağı öyrədir, bir insanın öz xalqına, öz millətinə nə qədər böyük xidmətlər göstərə biləcəyini nümayiş etdirir. Onun təhsil, elm və milli özünüdərk yolu yeni nəsillər üçün əbədi nümunə olaraq qalacaqdır. Doğramacı irsi bu gün Türkiyədə və Azərbaycanda yetişən yüzlərlə gənc alimin, həkimin, müəllimin, incəsənət adamının, mühəndisin uğurlarında öz əksini tapmaqdadır. Professor İhsan Doğramacının xatirəsini hörmətlə yad edir, onun irsinin yaşadılması və inkişaf etdirilməsi, elmin, təhsilin və humanizm ideallarının bütün dünyada bərqərar olması üçün çox iş görmək lazım gəldiyini bir daha vurğulamaq istəyirəm”, - deyə akademik İradə Hüseynova bildirib.
AR ETN-in Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri tibb elmləri doktoru, professor Rauf Bəylərov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və 1992-2005-ci illərdə Azərbaycanın Türkiyədə səfiri olmuş Məmməd Əliyev isə çıxışlarında professor İhsan Doğramacı ilə bağlı xatirələrindən, onun Türk dünyasında səhiyyənin, təhsilin, elmin inkişafına verdiyi töhfələrdən danışıblar.
Konfrans çərçivəsində, həmçinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən hazırlanmış professor İhsan Doğramacının həyatı və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.