Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.04.2025 16:36
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsində elmi seminar keçirilib

AMEA Gəncə Bölməsində elmi seminar keçirilib

AMEA-nın Gəncə Bölməsində növbəti elmi seminar keçirilib.

Tədbirin əvvəlində Bölmənin sədri, akademik Fuad Əliyev bu elm ocağında silsilə seminarların təşkilinin tədqiqatçıların məlumatlılığının artırılmasına xidmət etdiyini vurğulayıb və bugünkü görüşün dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı olduğunu vurğulayıb. 

Tədbirdə Bölmənin Nizami Gəncəvi Mərkəzinin Nizaminin dini-fəlsəfi görüşləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova “Sirlər xəzinəsi” məsnəvisində dini motiv və obrazlar”  mövzusunda çıxış edib.

X.Hüseynova ilk növbədə Şeyx Nizaminin istər öz dövrünün, istərsə də sonrakı əsrlərin bilgi və mənəviyyat səviyyəsindən qat-qat yüksəkdə dayandığını, onun dərin zəka, kamil düşüncə və davranış, tarixin keçmiş, indi və gələcək qatlarındakı hadisə və prosesləri təhlil və təkamül baxımından şərh etmiş şair və filosof olduğunu diqqətə çatdırıb.

Çıxışçı dahi şairin “Xəmsə”sində, o cümlədən bugünkü mövzunu əhatə edən “Sirlər xəzinəsi” əsərində ortaya qoymuş olduğu dini-fəlsəfi görüşləri, motiv, əhvalat və obrazları  məhz bu baxımdan anlamağın vacib olduğunu bildirib.

X.Hüseynova, həmçinin İslam dininin mahiyyəti və bəşəri fəlsəfəsinin daşıyıcısı və Allahın sadiq bəndəsi kimi dahi Nizaminin öz əsərlərində Yaradanın, onun son elçisi Məhəmmədin vəsfinə, eləcə də insanlığı haqq və ədalətə çağırmış digər peyğəmbərlərin  Quranda yer almış qissələrinin (əhvalatlarının) şərhinə xüsusi diqqət yetirdiyini qeyd edib.

Çıxışçı Nizami yaradıcılığından bu nümunələrə aid poetik parçaları da diqqətə çatdırıb.

Seminarda iştirak edənlər X.Hüseynovanın çıxışını məmnuniyyətlə dinlədiklərini bildirib, maraqlandıqları sual və mülahizələrini bölüşüblər.  

Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev maraqlı seminara görə minnətdarlıq ifadə edib. O, Bölmədə ənənə halını almış tematik seminarların təqdirəlayiq hal olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: