Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Türk-müsəlman əhalisinə qarşı törədilmiş qətliam
31.03.2023 16:27
  • A-
  • A
  • A+

Türk-müsəlman əhalisinə qarşı törədilmiş qətliam

Azərbaycanlıların başlarına gətirilən mart soyqırımı erməni daşnakların Qafqazda törətdiyi ən qanlı hadisələrdəndir. Soyqırımı zamanı ermənilər öz havadarlarının aktiv dəstəyi nəticəsində Azərbaycan torpaqları hesabına uydurma monoetnik Ermənistan ideyasını reallaşdırmaq məqsədilə qərəzli olaraq dinc türk-müsəlman əhalisinə qarşı kütləvi soyqırımı törətdilər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdilər.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra bu soyqırımının qarşısı qismən də olsa alındı. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bolşevik daşnaklar bu dəfə Sovet Rusiyasının dəstəyi ilə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qərbi və Göyçə mahalının bir hissəsini ələ keçirdilər. Mart soyqırımının, həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Bu faktlar ermənilərin hansı qəddarlığa, vicdansızlığa sahib olduğunu bir daha göstərir. Bu, bir dəhşət, insanlığa sığmayan bir fəlakətdir.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların kütləvi qırğınının aktiv iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı minlərlə azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Mart soyqırımının dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından götürülmüş fakta diqqət edin: 1918-ci ilin mart-aprel aylarında Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmişdir. İrəvan quberniyasının 199 kəndində yaşayan minlərlə azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə-yeksan olunmuşdur. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağda 200-ə yaxın kənd dağıdılmış, əhalisi məhv edilmişdir.

Mart soyqırımına siyasi-hüquqi qiymətin verilməsi və hər il bu günün xüsusi anılması üçün Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, qürurla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Fərid MUSTAFAYEV, Torpaqşünaslıq və Aqrokimya İnstitutu

“Respublika” qəzeti

  • Paylaş: