Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ulu Öndər Heydər Əliyevin siyasi idarəetmə fəaliyyətində ana dilinə qayğı aparıcı yer tuturdu
07.04.2023 14:32
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyevin siyasi idarəetmə fəaliyyətində ana dilinə qayğı aparıcı yer tuturdu

Zaman-zaman doğma dilimiz olan Azərbaycan dili yad dillərin basqısına məruz qalmış, dilimizə siyasi-ideoloji müdaxilələr olub, Azərbaycan dilinin tarixi köklərini millətimizə unutdurmaq üçün saysız-hesabsız cəhdlər edilib. Şükürlər olsun ki, hazırda Azərbaycan dili dövlət dili statusuna malik bir dildir. Biz xoşbəxt xalqıq ki, qlobal dünyanın kataklizmlərindən, ideologiyalar savaşından dilimizi bu günümüzə “daşıya bilmişik”, dilimizin mövcudluğunu və statusunu qorumağı bacarmışıq. Ancaq bunlar bizlərə heç də asan başa gəlməyib. Tarix boyu böyük şəxsiyyətlər ana dilimizin saflığı, təmizliyi, statusu uğrunda mücadilələr aparıblar.

XX əsrin 60-cı illərin sonlarından başlayaraq Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dilimizin inkişafında müstəsna tarix rol oynamış oldu. Onun siyasi idarəetmə fəaliyyətində ana dilinə qayğı aparıcı yer tuturdu. Azərbaycan dilinin dövlət dili kimi statusunun təsbit olunmasında və inkişafında Ulu Öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri var. Bütün varlığı ilə doğma xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə həm müxtəlif tədbirlərdəki çıxışları ilə, həm də dil haqqında verdiyi sərəncam və fərmanlarla doğma dilimizin keşiyində qətiyyətlə durduğunu, ana dilimizin saflığının qorunmasına hər zaman böyük dəstək verdiyini sübut etmişdir.

Bu fikirləri açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib. O bildirib ki, Heydər Əliyevin dil siyasətini iki mərhələyə ayırmaq olar. Birinci mərhələyə onun sovetlər birliyi zamanı Azərbaycan dilinin dövlət dili səviyyəsində işlənməsinin və tətbiqinin gücləndirilməsi ilə bağlı gördüyü işləri aid etmək olar. Bu dövrdə Heydər Əliyevin dil sahəsindəki ən böyük tarixi xidməti 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Respublikasının Konstitusiyasına dövlət dili haqqında olan maddənin salınması idi. İkinci mərhələ isə Heydər Əliyevin müstəqillik dönəmində apardığı dil siyasəti idi. İkinci mərhələdə Ümummilli Liderin yenə də dil sahəsindəki tarixi xidmətlərindən biri 1995-ci ildə qəbul edilən Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili statusunun təsbit olunması idi.

Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin imzası ilə dil haqqında qəbul olunan fərman və sərəncamlar çox böyük tarixi əhəmiyyət daşıyır. Böyük rəhbərin 1978-ci ildə SSRİ imperiyasının güclü bir vaxtında Konstitusiyaya dövlət dili haqqında maddə saldırması tarixi nailiyyət idi. Bu, o zamanlar üçün böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki sovetlər birliyində milli dillərin inkişafına qısqanclıqla yanaşılırdı və siyasi rəhbərlər təzyiqlərlə üzləşirdilər. Ruslaşdırma siyasəti milli dillərin sıxışdırılması ilə nəticələnirdi. 1956-cı ildə Azərbaycan dilinin dövlət dili statusu uğrunda mücadilə aparan və məsul vəzifə tutan Mirzə İbrahimovun sonradan vəzifədən uzaqlaşdırılması təcrübəsi bunun bariz nümunəsi idi. 2001-ci il avqustun 9-da hər ilin 1 avqust tarixinin “Azərbaycan Əlifbası və Ana Dili Günü” kimi qeyd olunması haqqında Fərman 1991-2001-ci illər ərzində latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin məntiqi yekunu idi. Bu tarixi Fərman ana dilimizə olan böyük qayğı və diqqətin nəticəsi idi. Bu Fərman ana dilimizin mənəvi gücünün nümayişi, ana dilimizin təntənəsi idi.

“Ulu Öndər Heydər Əliyevin 2002-ci il 30 sentyabr tarixində imzaladığı “Dövlət dili haqqında” Qanun 3 fəsil və 20 maddədən ibarətdir. Bu tarixi və dövlət əhəmiyyətli sənəd ana dilimizin hər cür inkişafı üçün geniş perspektivlər yaradır. Bu Qanunda dövlət dilinin hüquqi statusu, Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik, dövlət dilinin hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi, dövlət dilinin beynəlxalq yazışmalarda, nəşriyyat işində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi, dövlət dilinin qorunması və inkişafı, dövlət dili haqqında qanunların pozulması zamanı hüquqi, fiziki şəxslərin məsuliyyəti məsələləri öz əksini tapıb.

Bu fərman və sərəncamların hər biri tarixi əhəmiyyətinə görə çox dəyərlidir. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dönəmində də dövlət dilimizlə bağlı tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Bütün bu faktlar da göstərir ki, Azərbaycan Respublikasında dövlət səviyyəsində ana dilinin inkişafı və tərəqqisi üçün yüksək səviyyədə şərait yaradılıb”, - deyə alim fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: