Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.05.2023 15:36
  • A-
  • A
  • A+

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika konfransı keçirilib

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika konfransı keçirilib

Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfrans iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə və muzeyin hazırladığı Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Daha sonra Hüseyn Cavidin Ev Muzeyinin direktoru,filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq sözü AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verib. O, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.e.d. Gülbəniz Babaxanlının Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibəti ilə çap etdirdiyi “Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyası və ayrıca kitab halında nəşr edilən “Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransının materiallarını iştirakçılara təqdim edib. Hər iki nəşr haqqında çıxış edən natiq Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza böyük qayğı və diqqətindən danışıb, Ümummilli Liderin ölkəmizdə ev və xatirə muzeylərinin əsas təşəbbüskarı olduğunu vurğulayıb, təqdim olunan kitabların Heydər Əliyev ilinə layiqli hədiyyə olduğunu bildirib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.e.d. Gülbəniz Babaxanlı və Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, s.ü.f.d. Ülkər Talıbzadə çıxışlarında  konfransın elmi və praktik əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə mədəniyyətin inkişafı naminə gördüyü işlər, göstərdiyi misilsiz xidmətlərin elmi-nəzəri tədqiqata cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin mədəniyyət siyasətinin uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Konfransın plenar iclasında Hüseyn Cavidin Ev Muzeyinin direktoru, professor Gülbəniz Babaxanlı “Heydər Əliyev və Azərbaycanda ev-muzeyləri”, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, dosent Ülkər Talıbzadə “Ulu Öndər Heydər Əliyev – Azərbaycan mədəniyyətinin himayədarı”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “İki xalqın fəxri”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, f.e.d. Lütviyyə Əsgərzadə “Azərbaycanda muzeylərin yaradılmasının memarı”, Cəfər Cabbarlı Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı “Heydər Əliyev və Cəfər Cabbarlı ədəbi irsi”, Mirzə Ələkbər Sabirin Şamaxıdakı Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə “Mədəniyyətimizin böyük hamisi Heydər Əliyev” mövzularında məruzə ediblər.

Ümumilikdə konfransda 20-dən çox məruzə dinlənilib. Bölmə iclaslarında Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səttar Bəhlulzadə, Səməd Vurğun, Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı, Mirzə Ələkbər Sabirin Şamaxıdakı Ev Muzeylərinin, Bülbülün Memorial Muzeyinin, Nəriman Nərimanovun Xatirə Muzeyinin, Əzim Əzimzadə və Abdulla Şaiqin Mənzil Muzeylərinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının bir-birindən maraqlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: