Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.06.2024 10:20
  • A-
  • A
  • A+

Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Sankt-Peterburqdan Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib.

Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev əvvəlcə bölmənin yeni hazırlanan Nizamnaməsi ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb.

Daha sonra Türkiyə Respublikası Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) sədri Hasan Mandalın Naxçıvana səfəri barədə danışıb. İyun ayının 20-də professor Hasan Mandalın Naxçıvan Muxtar Respublikasına səfəri, ziyarət etdiyi tarix-memarlıq abidələri barədə məlumat verib.

Gündəlikdəki növbəti məsələ AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə elmi ezamiyyəsinin nəticələrini əhatə edib.

Bölmə sədri bildirib ki, arxiv sənədləri əsasında elmi araşdırmaların aparılması tarixçilər, eləcə də arxiv sənədləri ilə işləyən digər sahə mütəxəssisləri üçün olduqca mühüm amildir. AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə arxivlərdə işləmək ənənəsi formalaşmış, ötən illər ərzində bölmə alimləri London, Sankt-Peterburq, Tiflis və Ankara arxivlərindən öz tədqiqat sahələri üzrə materiallar toplamış, həmin materiallar bir çox araşdırmalara istiqamət vermişdir.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev iyun ayında Sankt-Peterburqa ezam olunmuş, Naxçıvanın tarixi ilə bağlı material toplamışlar.

Ezamiyyənin nəticələri barədə məlumat verən tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev bildirib ki, Rusiya Dövlət Tarix Arxivinin 1248, 1344, 1363, 1349, 1344, 396, 573 nömrəli və başqa fondlarından ümumilikdə 300-dən artıq sənəd elektron variantda əldə olunub. Toplanan materiallar əsasən XIX-XX əsr Naxçıvanının ictimai-siyasi tarixi, o cümlədən Kəngərli tayfası, Şahtaxtinski, Naxçıvanski, Ağasıyev, Səfiyev soyadı daşıyan şəxsiyyətlərlə bağlı sənədlərdir. Arxivdəki qeydlər deməyə əsas verir ki, əldə olunan arxiv sənədlərinin əksəriyyəti indiyədək elmi dövriyyəyə daxil edilməyib.

Arxiv sənədlərinin aid olduğu dövr və istiqamət üzrə sistemləşdirilməsi üçün müəyyən zamana ehtiyac olduğunu dilə gətirən tədqiqatçı əldə olunan materialların ümumi məzmunu barədə məlumat verib.

Daha sonra aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov yarımillik hesabatın keçirilməsinə hazırlığın vəziyyəti barədə məlumat verib. Rəyasət Heyətinin qərarı ilə tarix üzrə fəlsəfə doktoru Musa Quliyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinə müdir təyin olunub.

İclasa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: