“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri həyata keçirməkdən ötrü aprelin 18-də AMEA Lənkəran Regional Elmi Mərkəzi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsi ilə birgə “Şeyx Zahid irsi: tarixdən gələn multikultural dəyərlər” mövzusunda elmi konfrans keçirib.
Əvvəlcə hər iki qurumun əməkdaşları rayonun Şıxəkəran kənd qəbiristanlığında böyük sufi alimi, xəlvətilik təriqətinin banilərindən biri, Seyid Cəmaləddinin müridi olan Şeyx Zahidin türbəsini və 44 günlük Zəfər savaşının şəhidi Murad Abbasovun məzarını ziyarət ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyevin Şeyx Zahid haqqında verdiyi geniş elmi informasiya ziyarətçilərin marağına səbəb olub.
Konfrans öz işinə başlamazdan öncə iştirakçılar Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsinin önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Qaraxan oğlu Əliyev qonaqları və konfrans iştirakçılarını salamladıqdan sonra bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamında deyilir: “Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir”. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sərəncamın ölkəmizdə elmin inkişafına, sovet dövründən miras qalmış köhnə modellərdən imtina edilərək, artıq müstəqil Azərbaycan dövlətinin zəruri hesab etdiyi sahələr üzrə yenilənmiş və müasir çağırışlara uyğunlaşdırılmış istiqamətlərdə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyib. Sərəncamdan irəli gələn vəzifələri həyata keçirməkdən ötrü Lənkəran Regional Elmi Mərkəzi də silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsi ilə birgə keçirdiyimiz “Şeyx Zahid irsi: tarixdən gələn multikultural dəyərlər” mövzusunda konfransımızdır. Konfransın keçirilməsi işinə xeyir-dua verən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə dərin minnətdarlığımızı bildiririk.
“Zoom” proqramı ilə Türkiyə Respublikasından konfransa qoşulan alimlərə və Bakıdan gələn qonaqlara minnətdarlığını vurğulayan mərkəzin direktoru əlavə edib ki, bugünkü konfransın adı simvolik və mistikdir. Ona görə simvolikdir ki, həqiqət özünü bu dünyaya göründüyü kimi deyil, həmişə simvolik işarələrlə bəlirləyir. Ona görə mistikdir ki, haqqında söhbət açdığımız böyük Şeyx Zahid özünəqədərki sufiliyə, zahidliyə və xəlvətiliyə (əslində, bunlar da iç-içədirlər) çox sayda sirli-sehrli elementlər əlavə etməklə yanaşı, həm də elə mistik rəmzlər qatıb ki, onların şifrələri günümüzəcən tam açılmayıb. Əminəm ki, bugünkü konfrans iştirakçıları tarixin səsini dərindən dinləyib, bizə gəlib çatan multikultural dəyərlər üzərindən konkret elmi variyasiyalar edəcək, dəqiq elmi mülahizələr irəli sürəcəklər.
Konfransın işinə uğurlar arzulayan Mehman Əliyev moderatorluğu DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyevə həvalə edib.
Sonra konfransa onlayn qoşulan Türkiyə Cümhuriyyəti Kastamonu Universiteti İnsan və toplum bilimləri fakültəsinin Tarix bölümünün professoru Dr. Namiq Musalı “Hikmət xəzinəsinin inciləri: Şeyx Zahidin bəşəriyyətə mesajları”, Ankara Hacı Bayram Veli Universiteti Alevi Bektaşi Kültürünün professor doktoru Ahmet Taşğın “İrakta Şeyh Safi Buyruğu və Zahid Geylani”, Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dosenti tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev “Zahidiliyin davamı olan Səfəvi və Xəlvəti irsinin Osmanlı ictimai və mənəvi mühitinə təsiri”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda xanəgah arxeologiyası və İbrahim Zahid Gilani xanəgahı”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev “Şeyx Zahid və əsrlərdən gələn multikulturalizm” və DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyevin “Mənəviyyat yolçusu Şeyx Zahid: təsəvvüf, irfan və mənəvi irs” mövzularında məruzələri dinlənilib.
Natiqlər qeyd ediblər ki, əsl adı İbrahim ibn Əmir ibn Şeyx Babil ibn Şeyx Bidar Əl-Kırdi Əs-Sincani olan irfan sahibinin ləqəbi Tacəddin, künyəsi isə Əbu Səfvədir. Daha çox Şeyx Zahid kimi tanınan Tacəddin İbrahim Gilani hicri-qəməri 618-ci, miladi 18 mart 1218-ci ildə Gilan vilayətinin Siyavurd kəndində, yəni indiki Lənkəran rayonunun Siyavar kəndində dünyaya göz açmışdır. Tarixi mənbələrdə onun ulu babasının da burada doğulması haqqında məlumatlar vardır. Şeyx Zahid öz doğma yurdu olan Gilanda ilk təhsilini almış, burada Quran və fiqh elmləri ilə tanış olmuşdur. Lakin elmə olan daxili ehtiyacı onu dövrünün elmi mərkəzlərindən biri olan Şiraz şəhərinə doğru çəkmişdir. Orada yerləşən məşhur mədrəsələrdə zahiri elmlərlə yanaşı, fəlsəfə, məntiq və ədəbiyyat dərsləri də alaraq geniş intellektual zəmin qazanmışdır. Məhz bu illərdə onun yolları klassik Şərq ədəbiyyatının və hikmət məktəbinin böyük nümayəndəsi - Şeyx Sədi Şirazi ilə kəsişir. Tarixi qaynaqlarda qeyd olunur ki, Şeyx Zahid bir müddət Sədi Şirazidən dərs almış, onun mənəvi hikmətindən bəhrələnmişdir. Bu münasibət sadəcə müəllim-şagird əlaqəsi deyildi - bu, bir ruhun başqa bir ruha toxunuşu, irfanın sükutla ötürülən hal dili idi. Mənbələrdə “Şeyx Zahid” ləqəbinin ona mürşidi Seyid Cəmaləddin tərəfindən verilməsi qeyd olunur. 85 il yaşadığı ömründə İlahinin qüdrət və məğfirətinə sığınan, haqq yolunun yorulmaz yolçusu Şeyx Zahid Gilani hicri-qəməri 700-cü ilin rəcəb ayında, miladi 1301-ci ildə vəfat edib. O, öz istəyi və vəsiyyəti ilə doğulduğu doğma Siyavrudda dəfn olunub. Tarixi qaynaqlarda onun cənazə namazının kürəkəni, ardıcılı və müridi Şeyx Səfiəddin Ərdəbili tərəfindən qılındığı bildirilir. Şeyxin mübarək məzarı üstündə Şeyx Səfiəddin tərəfindən məqbərə ucaldılmışdır. Onun türbəsi 1990-1995-ci illərdə yenidən təmir olunub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınaraq, dövlət tərəfindən qorunur.
Məruzələrdə xüsusi vurğulanıb ki, Şeyx Zahid və Seyid Cəmaləddin xanəgahlarının tarixçi-alimlər və tədqiqatçılar tərəfindən araşdırılmasına ciddi ehtiyac var.
Konfransın işində fəal iştirak etdiklərinə görə məruzəçilər Namiq Musalı, Ahmet Taşğın, Bilal Dədəyev, Fariz Xəlilli, Samid Quliyev və Səyyad Babakişiyev Lənkəran Regional Elmi Mərkəzinin Fəxri fərmanları ilə təltif olunublar.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.