Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2025 17:00
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Aprelin 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi Şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini diqqətə çatdırıb. Əvvəlcə ölkə Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamının Azərbaycan aliminə verilən yüksək dəyərin nümunəsi olduğunu deyib, bu münasibətlə iclas iştirakçılarını təbrik edib.

Sonra akademik Gövhər Baxşəliyeva AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırovanın “Azərbaycan və dünya tarix elminin inkişaf tendensiyaları” mövzusunda məruzəsinin dinləniləcəyini bildirib və vurğulayıb ki, dinləniləcək məruzə müasir Azərbaycan tarix elminin dünya tarix elminə inteqrasiyası, dünya tarixinin ölkə tarixinə təsiri və. s məsələrinin  öyrənilməsi baxımından  çox ciddi və aktual məsələyə həsr olunub. 

Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya Dünya tarixi  şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırovanın “Azərbaycan və dünya tarix elminin inkişaf tendensiyaları” mövzusunda məruzəsi dinlənilib. İradə Bağırova müasir tarix elminin əsas istiqamətlərini göstərməklə, XIX əsrdən XXI əsrədək Qərb, sovet, post-sovet və Azərbaycan tarixçilərinin əsərləri əsasında müasir dövrün tarix elmi qarşısında qoyduğu vəzifələr və çağırışlardan söz açıb. Müəllif  tarixi və ictimai elmlərdə yayılmış nəzəriyyələri təhlil edib, pozitivizm, modernizm və post-modernizmin tarix elminə nə dərəcədə təsir etməsi barədə söhbət açıb. XX əsrin 20-ci illərindən başlayaraq Annallar məktəbinin tarix elmində əsl çevriliş etdiyini, onu multidissiplinar elmə çevrildiyini vurğulayıb.

İradə Bağırova tarixin digər sosial elmlərlə sinerji yaradan Tarixi antropologiya sahəsinə diqqət yetirib. Onun sözlərinə görə, bu istiqamətdə daha çox nailiyyətlər Almaniya və Britaniya tarixçilərinə məxsusdur. Tarixi anropologiyanı pozitivist yönümlü tarixdən fəqləndirən cəhət “tarix-hekayə”ni “tarix problem”i ilə əvəz edilməsidir.

Tarixçi alim, həmçinin yeni tarixin inkişafına təsir göstərən istiqamətlərdən biri kimi son illərdə meydana çıxmış novistika anlayış olduğunu bildirib. “Novist tədqiqatlarda, əslində, Yeni Zamanın öyrənilməsində sinerji üslubların tətbiqindən söhbət gedir. Novistika, həmçinin keçmişin alternativ ssenarilərinin modelləşdirilməsi problemini araşdırır”.

Alim dünya tarix elmində son zamanlar daha çox diqqət çəkən istiqamətin  makro-tarixdən mikro-tarixə, gündəlik tarixə, yəni daha konkret məkanın, hadisənin, şəxsiyyətin, nəslin və s. dərin araşdırılması olduğunu bildirib.

Onun sözlərinə görə, postsovet ölkələrində tarix elminin inkişafına nəzər saldıqda, onların 70 illik dünya tarix elmindən təcrid olunmasına baxmayaraq müstəqillik dövründə xeyli nailiyyətləri qeyd olunub. “Bunu ilk növbədə tarixin yeni sahəsi olan rəqəmsal tarixə və ya kliometriyaya aid etmək olar. Bu istiqamət üzrə  həm Rusiya, həm Azərbaycan tarixçiləri  sanballı əsərlər ortaya qoyublar”.

Azərbaycan tarixşünaslığından söhbət açan alim qeyd edib ki, tarixi biliyin inkişafının dominant forması tarixin xətti, xronoloji ardıcıllıqla tərtib edilmiş versiyalarına əsaslanan böyük narrativlər təşkil edir. Azərbaycan tarixi orta əsrlər və ya yeni dövrdən asılı olmayaraq məhz milli dövlətçilik tarixi kimi formalaşır.

Dünya tarix elminin müasir cərəyanları Azərbaycan tarixşünaslığından daha çox politologiyada və fəlsəfə elmində özünü büruzə verir. Tarixşünaslığımızın aktual məsələlərindən biri də I və II Qarabağ müharibələri və Böyük Zəfərdir. Bu mövzunun dərin elmi təhlili həm milli, həm də dünya  tarix elminə böyük töhfə verməkdədir. Nəticədə alim belə qənaətə gəlib ki, müasir dövrdə tarix elminin bütün istiqamətləri inkişaf etməkdədir. Azərbaycan tarixşünaslığı da dinamik inkişaf edən elmlərdən biridir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Akademik Nərgiz Axundova, AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Könül Bünyadzadə mövzunun bir sıra baxımdan dövlətimiz, xalqımız üçün aktual olduğunu vurğulayıblar.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. 

“Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanının, Azərbaycan Respublikasının Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, Azərbaycan Respublikasının Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarının icra vəziyyəti haqqında məsələlər müzakirə edilib. Bununla bağlı elmi tədqiqat müəssisələrində Elm Gününə həsr olunmuş müxtəlif tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

İclasda, həmçinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni intellekt strategiyası”nın təsdiq edilməsi, “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” hazırlanacaq Tədbirlər planlarına dair təkliflərin verilməsi haqqında məsələlər geniş müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

İclasda tarix elmləri doktoru Nigar Gözəlovanın AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan-Qərbi Avropa ölkələri ilə əlaqələri tarixi sektorunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəminə Əsgərovanın AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələri tarixi şöbəsinin aparıcı elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlunun AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında, filologiya üzrə fəlsəfə doktoru Lamiyə Hüseynovanın AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazovanın  AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında məsələlərə baxılıb.

Sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan Arxeologiyası və Antropologiyası),  “Arxeoloji irs” adlı elmi jurnallarının təsis edilməsi haqqında, eləcə də akademik Ziyad Səmədzadənin 85, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 85, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 70 illik  yubileyləri haqqında qərarlar qəbul edilib.

İclasda, həmçinin səmərəli fəaliyyətlərinə görə bir sıra əməkdaşlar təltif olunub.

Sonda akademik Gövhər Baxşəliyeva elmi-tədqiqat müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: