Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Tədqiqatdan nəşrə: Müasir elmi nəşrlərin qaydaları və rəqəmsal alətləri” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarın əsas məqsədi gənc tədqiqatçıları beynəlxalq elmi nəşr standartları ilə tanış etmək, onlara elmi fəaliyyətdə geniş istifadə olunan rəqəmsal alətlər barədə məlumat vermək və elmi nüfuzlarını artırmaq üçün zəruri biliklərlə təmin etmək idi.
Tədbirin məruzəçisi, BDU-nun Tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Lalə Əliyeva seminar iştirakçılarına ORCID sisteminin əhəmiyyəti, Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazalar haqqında ümumi məlumat, elmi məqalələrin beynəlxalq tələblərə uyğun hazırlanma prinsipləri və müasir rəqəmsal alətlərdən səmərəli istifadə yolları barədə ətraflı təqdimatla çıxış edib.
Seminarda institutun əməkdaşları, doktorantlar və gənc tədqiqatçılar fəal iştirak ediblər, mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.