18 aprel 2025-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğunda “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Seminarı Qobustan Qoruğunun direktoru Vüqar İsayev açılış sözü ilə açaraq tədbirin əhəmiyyəti və Qoruğun fəaliyyəti barədə məlumat vermişdir. Seminara moderatorluq AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri t.ü.f.d., dosent Mikayıl Mustafayev tərəfindən həyata keçirilmişdir. O, həmçinin “Azərbaycanda və dünyada yerləşən abidələrin mühafizəsi” mövzusunda təqdimatla çıxış etmişdir.
Tədbirdə digər məruzəçilər də müxtəlif mövzularda elmi çıxışlarla çıxış etmişlər. Onlar arasında Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, İnstitutun baş elmi işçisi, tarix elmləri doktoru Hidayət Cəfərov, “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov, “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Pərviz Qasımov, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin müdiri, m.ü.f.d., dosent Rahibə Əliyeva, "Məhkəmə arxeologiyası" şöbəsinin müdiri t.ü.f.d., dosent Akif Quliyev, “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin elmi işçiləri Şəfəq Ağayeva və Lalə Nəsirova yer almışlar. Tədbirdə, həmçinin məruzələr prezentasiyalar şəklində nümayiş etdirildi.
Seminarın sonunda iştirakçılar Qobustan Qoruğuna ekskursiya etmiş, daha sonra “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət etmişlər.
Seminar ölkənin arxeoloji irsinin qorunması istiqamətində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.